Məhkəmə qərarları › İş №1(010)-324/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-324/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-324/2025 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 87, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 02 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 dekabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, 15 mart 2025-ci il tarixdə axtarış qərarı ilə tutulmuş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri nəzərə alınmış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 1,044 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində istintaqa məlum olmayan mənbədən 50 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 02 dekabr 2024-cü il tarixdə saat 17:22 dəqiqədə ünvan 2 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman sağ əlin ovuc hissəsindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,044 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək bildirmişdir ki, o, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilir. Lakin həmin gün, yəni 02 dekabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmayıb. Belə ki, o, onlayn qaydada tanımadığı şəxsə 50 manat ödəmiş və həmin şəxs ona narkotik vasitəni götürə biləcəyi yerin konumunu göndərmişdir. O, həmin yerə tanışı olan qadınla getmişdir. Lakin narkotik vasitəni həmin yerdə axtarsa da tapmamışdır. Həmin vaxt polis əməkdaşları gəlib onu bölməyə aparmışlar. Orada onu döyüb üzərinə narkotik vasitə qoymuşlar və adam olmayan yerə aparıb çəkiliş etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt onun üzərində heç bir qanunsuz maddə və ya əşya olmamışdır. Lakin polis əməkdaşları ona narkotik vasitəni təqdim edərək çəkiliş vaxtı cibindən çıxarıb təqdim etməyini və guya ona məxsus olduğu barədə ifadə verməyini bildirmişlər. O da məcbur olub razılaşmışdır. Əslində isə onun üzərində heç bir narkotik vasitə olmayıb. Polis əməkdaşları onu döymüşlər. Döyülməyi ilə bağlı vəkilinə heç bir söz deməmişdir. Ümumiyyətlə bununla bağlı heç bir orqana müraciət etməmişdir. Həmin şəxs konumu Qaraçuxur kimi göstərmişdir. Lakin o, axtarsa da narkotik vasitəni tapmamışdır. O, tək olmamışdır. Onun yanında tanışı olan bir qadın olmuşdur. Polis əməkdaşları onların hər ikisini bölməyə aparmışlar. Polis əməkdaşları bildirmişlər ki, narkotik vasitəni üzərinə götürməsə onunla birlikdə olan qadının da üzərinə narkotik vasitə qoyacaqlar. O da məcbur olub razılaşmışdır. Ümumiyyətlə narkotik vasitə qəbul etməkdə əməlindən çox peşmandır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 01 ildir ki, narkotik maddələrin patı kimi tanıdığı növündən istifadə edir. 02 dekabr 2024-cü il tarixdə saat 16:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsində İran vətəndaşından zakladka yolu ilə 50 manata 01 qram patı kimi tanıdığı narkotik maddəni öz şəxsi istifadə üçün almışdır. Həmin gün saat 17:20 radələrində Qaraçuxur qəsəbəsi, A.Şadlinski küçəsində olduğu zaman üç nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməsini tələb etdikdə o özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onun narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməsini təklif etmişlər. O, həmin vaxt sağ əlinin ovuc hissəsində saxladığı içərisində patı kimi tanıdığı narkotik maddə olan 01 ədəd şəffaf sellofan bükümü polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi 01 ədəd içərisində patı olan şəffaf sellofan büküm 01 ədəd boş zərfə qoyularaq xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs son sözündə himayəsində xəstə anasının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişlər. Raport əsasında əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:22-də Bakı şəhəri, Suraxanı rayonu, A.Şadlinski küçəsi, ½ saylı evin qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və istifadə etmədə şübhəli olduğunu bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs sağ əlinin ovuc hissəsində saxlamış olduğu 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərinə baxış keçirsələr də üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Baxış keçirdikdən sonra onlar Təqsirləndirilən şəxs onlarla birlikdə 32-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PB-nə getmişdir. PB-də Təqsirləndirilən şəxs Bakı şəhər 9 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib hüquqlarının Müdafiəçi tərəfindən müdafiə olunmasını istəmişdir. Müdafiəçi təqdim olunduqdan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəyə bənzə kütləyə, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasının görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 iş üzrə digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:22-də ünvan 3 ünvanda saxlanılmışdır. Ona saxlanılmasının səbəbləri barədə məlumat verilməklə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçisinin olmadığını və müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini bildirmişdir. Həmin yerdə ona üzərində hər hansı qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs sağ əlində, yəni ovcunda saxladığı şəffaf sellofona bükülmüş bükümü təqdim edərək, həmin kütlənin metamfetamini olduğunu bildirmişdir (i.v. 9); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:22-də ünvan 4 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 bükümdə psixotrop maddəyə bənzər kütlə aşkar edilərək 1 ədəd ağ rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 ədəd bükümdə, spesifik iyə malik ağ rəngli kristalşəkilli kütlə aşkar olunmuşdur. Sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1 ədəd DVD-yə HP markalı komputerdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim edilmiş narkotik maddəyə bənzər ketlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Baxış və götürmə zamanı video çəkiliş aparılmışdır (i.v. 12-13); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə saat 19:37-də şübhəli şəxs qismində tutulmuş, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 17:22-dən tutulmuş hesab edilir (i.v. 27); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/5350 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 196” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,044 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. qeyd: metamfetaminin ümumi təmiz çəkisi – 1,044 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,994 qram (i.v. 39-43); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 52-53); qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir (i.v. 70-72); cinayət işi üzrə icraatın dayandırılması və axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza sonu ilə azad edilmişdir (i.v. 102-104); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2024-cü il tarixli, 7662 №-li rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 105-106); axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində saxlanılmışdır (i.v. 111); cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 112); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v. 116-118); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-710/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v. 120-129); sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xalis çəkisi 1,044 qram, tədqiqatdan sonra qalıq qalmış psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 14; 15; 130-136); Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir; Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə Xəzər RPİnin İŞ-si tərəfindən ********* saylı cinayət işi başlanılaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə həbs edilmişdir və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-417/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay olmaqla 18 dekabr 2025-ci il tarixədək uzadılmışdır. Bakı şəhər Xəzər Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsiri kifayət qədər mötəbər dəlillərlə sübuta yetirilmədiyindən onun CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı B.Bəşirli tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ittiham aktı təsdiq edilməmiş, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə cinayət təqibinə hissəvi xitam verilmiş və xx.xx.2025-ci ilədək uzadılmış həbs qətimkan tədbirinə xitam verilmişdir. Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə həbs edilərək Xəzər RM-nin xx.xx.2025-ci il tarixli qərarı ilə 4 ay müddətində, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Daha sonra Xəzər RM-nin xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Daha sonra Xəzər rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətindən imtina edilərək həbs qətimkan tədbirinə xitam verilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsi işinə baxış keçilən zaman müəyyən edilmişdir Suraxanı RM-nin xx.xx.2025-ci il tarixli qərarı ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmişdir və bu səbəbdən də 3 saylı İstintaq təcridxanasından azad edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması faktı ilə bağlı verdiyi məlumatların tam, hərtərəfli və obyektiv araşdırılması və araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən məhkəmənin müraciəti əsasında material üzrə araşdırma aparılaraq, material üzrə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. X6 görə təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. X4 33-cü bəndində hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanda piyada hərəkət edən zaman saxlanılaraq orada üzərində qanunsuz hesab edilən əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, sağ əlində, yəni ovcunda saxladığı şəffaf sellofona bükülmüş 1 ədəd bükümdə, spesifik iyə malik ağ rəngli kristalşəkilli kütləni təqdim etmiş, həmin bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, o, həmin bükümdə metamfetamin olduğunu bildirmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq üzəri polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Bundan başqa onun üzərindən heç nə aşkar olunmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə hərəkətinin keçirildiyi zaman qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd disk tədqiq edilmişdir. Videogörüntüdə görünür ki, polis əməkdaşı Təqsirləndirilən şəxs saxlanılması zamanı qeydə alınmış videoya baxış keçirir. Daha sonra bükümə baxış keçirir, bükümün içərisində metamfetaminə bənzər kütlə aşkar olunur. Görüntülərdə Təqsirləndirilən şəxs psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzası ilə təsdiq etmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsindəki hallara istinad edilməklə qurulmuş müdafiəsi cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Buna görə də, onun məhkəmə iclasında bildirdiyi xüsusatlar özünü müdafiə xarakteri daşımaqla heç bir mötəbər dəlillə əsaslandırılmadığı üçün, məhkəmə onun ifadəsini sübut növü kimi qiymətləndirmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı ifadəsində tam etiraf etsə də, məhkəmə istintaqı zamanı isə polis əməkdaşları onu döydüyündən və hədəqorxu gəldiyindən videoçəkiliş zamanı üzərində psixotrop maddə olmasını boynuna aldığını bildirmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Suraxanı RPİ-nin 32-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmələri müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması barədə xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən qərar qəbul edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında qeyd etdiyi xüsusatlarla əlaqədar hər hansı hüquq-mühafizə orqanlarına müraciət etməmiş, həmçinin məhkəmə nəzarəti qaydasında şikayət etməmişdir. İş materiallarına əlavə edilmiş iki ədəd diskə məhkəmə iclasında baxış keçirilən zaman videogörüntülərdən də aşkar şəkildə törətdiyi əməli səmimi etiraf etməsi görünür. Halbuki təqsirləndirilən şəxs ümumilikdə iki gün şübhəli şəxs qismində saxlanılmış, sonradan barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, yəni azadlıqda olmaqla sərbəst hərəkət etmək, əgər ona qarşı psixi zorakılıq, hədə-qorxu tətbiq edilmişdirsə, vaxtında müvafiq orqanlara şikayət etmək imkanı olmuş, lakin o, bu imkanlardan istifadə etməmişdir. Təqsirləndirilən şəxs tutulan zaman üzərində psixotrop maddə olmaması xüsusatları ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatları təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Digər tərəfdən, Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilən ambulator məcburinarkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən təmiz çəkisi 1,044 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.5-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (müəyyən edilməmişdir), ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, tutulduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı (CM 69.3), digər iş üzrə cinayət təqibinə xitam verilsə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə axtarış işi ilə bağlı həbsdə saxlanıldığından cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş üzrə məhkəmə xərci 65 (altmış beş) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 28 (iyirmi səkkiz) iş saatı üçün 308 (üç yüz səkkiz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 dekabr 2024-cü il tarixdən 04 dekabr 2024-cü il tarixə qədər, 15 mart 2025-ci il tarixdən 17 mart 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlıqdan məhrumetmə cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli 18 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 28 (iyirmi səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 308 (üç yüz səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində saxlanılan 0,994 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar