Məhkəmə qərarları › İş №1(010)-325/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-325/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-325/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 22 saylı yataqxana, nömrəsiz evdə yaşayan, 18 – 20 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 20 noyabr 2022-ci ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqrdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni 30 (otuz) manat ödəməklə 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,526 qram, 0,823 qram, ümumi təmiz çəkisi 1,349 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyta-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən şəhid bulağının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,526 qram, 0,823 qram, ümumi təmiz çəkisi 1,349 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2022-ci il tarixdə “20 yanvar” metrostansiyası yaxınlığında adını bilmədiyi şəxsdən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroini 30 manat məbləğində pula almış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. 18 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Şəhid bulağının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu 30-cu polis şöbəsinə dəvət etmişlər. O, da razılaşıb etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı ona üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməsini bildirmişdir. O, əynində olan qara rəngli dəri gödəkçəsinin sol iç cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini çıxarıb təqdim etmiş, polis əməkdaşı tərəfindən həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Polis əməkdaşları ondan həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O, da həmin şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, 16 noyabr 2022-ci il tarixdə “20 yanvar” metrostansiyası yaxınlığında adını bilmədiyi şəxsdən 30 manat məbləğində aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin 02 ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. 18 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, Şəhd bulağının yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və Təqsirləndirilən şəxs özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə gəlmişdir. Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sol iç cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə heroini çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olmasını, həmin büküm Təqsirləndirilən şəxs özünə məxsus olmasını, həmin narkotik maddəni 16 noyabr 2022-ci il tarixdə “20 yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsən 30 manat məbləğində almasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış dava etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılmış, bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklik edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etməsi, həmin büküm açılaraq içərisində qəhvəyi rəngli maddə olmasının müəyyən edilməsi, ondan təqdim etdiyi 02 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni “20 yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 30 manat məbləğində pula aldığını və üzərində daşıdığını bildirməsi, həmin büküm qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olundu. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli, 6/6653 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşakr olunan 2 büküm maddi sübut...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,526 qram, 0,823 qram ümumi təmiz çəkisi 1,349 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi komponent ərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-1,349 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq-1,249 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 356 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Əraz narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,349 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,249 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 tərəfindən verilmiş 1/838 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx xxxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməyib. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 18 – 20 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək”növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,249 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 – 20 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 03 aprel 2023-cü ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək”növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,249 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 36 (otuz altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məblərin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar