Məhkəmə qərarları › İş №1(010)-326/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-326/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-326/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 06 dekabr 2001-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, 18 – 20 may 2021-ci il tarixləri üzrə tutulmuş, Suraxanı Rayon Məhkəməsinin 4(010)- 226/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qərarı ilə barəsində əvvəli 20 may 2021-ci il tarixindən hesablanmaqla 18 avqust 2021-ci il tarixinədək “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş, 18 avqust 2021-ci ildə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 18 may 2021-ci il tarixdə ünvan 3 fərdi yaşayış evinin qarşısında istintaqa məlum olmayan mənbədən 130 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,670 qram, 0,385 qram, 0,860 qram, ümumi təmiz çəkisi 1,915 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,372 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 18 may 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 fərdi yaşayış evinin qarşısında saxlanılıb Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarın sol yan cibindən 3 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,915 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,372 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 18 may 2021-ci il tarixdə saat 20 radələrində ünvan 3 ünvanda yerləşən, kirayədə yaşadığı fərdi yaşayış evinə gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində 31-ci polis bölməsinə dəvət etmişlər. Suraxanı RPİ-nin 31-ci polis bölməsinin xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olundu. Xidməti otaqda əynindəki boz rəngli idman şalvarının sol yan cibindən ittiham aktının nəticəvi hissəsində göstərilən bükümləri çıxararaq təqdim etmiş və həmin bükümlərin içində narkotik maddə olan heroin və metamfetamin olduğunu, bu vasitələri bir neçə saat əvvəl Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 130 (yüz otuz) manata aldığını və özü istifadə etmək üçün üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Aşkar olunan 4 dörd ədəd büküm zərfə qablaşdırılmış, zərfin üzəri möhürlə və imzalarla təsdiqlənmişdir. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 18 may 2021-ci ildə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Caparidze küçəsi, ev 4-də kirayədə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə bölmə rəisinə raportla müraciət edilmiş, əməliyyat qrupunun yaradılması və əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilərək bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Həmin tarixdə saat 20:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Yeni ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxsla rastlaşaraq onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində bir sıra prosessual hərəkətlər icra olunmuş və vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində İlkinə hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı İlkinə üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman İlkin əynində olan boz rəngli idman şalvarının sol yan cibindən dörd ədəd sellofana bükülmüş, onlardan 3 ədədi içərisində boz rəngli, tozşəkilli və bir ədədi içərisində kristal halda narkotik vasitəyə oxşar maddə olan bükümləri təqdim etmiş və bildirmişdir ki, həmin 3 ədəd bükümdə olan toz halında olan maddə heroin və bir ədəd kristal halında olan maddə isə psixotrop vasitə metamfetamindir. Ondan üzərindən aşkar edilmiş maddələri haradan və hansı yolla əldə etməsi barədə soruşulmuş və sonuncu həmin narkotik vasitəni bir neçə saat əvvəl Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 130 manata aldığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmiş, aşkar edilmiş həmin maddələr zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin İlkin özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də özü imza etmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 19 may 2021-cı il tarixli 6/1966 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,670 qr., 0,385 qr., 0,860 qr., ümumi təmiz çəkisi 1,915 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,372 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir». 24 sentyabr 2021-cı il tarixli 3604 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, ailəyə tək qazanc gətirən şəxs olmaqla anasının və yetkinlik yaşına çatmamış qardaşının faktik olaraq onun himayəsində olduqlarını (başqa yaxın qohumu yoxdur) və deməsinə görə hazırkı iş üzrə cinayət əməlini törətdikdən sonrakı dövrdə ümumiyyətlə narkotik vasitələr və psixotrop maddələr istifadə etmədiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,765 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə qalıq çəkisi 0,322 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 may – 18 avqust 2021-ci il tarixləri üzrə tutulduğu və «ev dustaqlığında» saxlanıldığı 03 (üç) ay Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,765 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə qalıq çəkisi 0,322 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar