Məhkəmə qərarları › İş №1(010)-329/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-329/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-329/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1998-ci ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan, Xətai Rayon Məhkəməsinin 1(011)- 228/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Suraxanı Rayon Məhkəməsinin 18 iyul 2021-ci il tarixli qərarı ilə əvvəli 16 iyul 2021-ci ildən hesablanmaqla 3 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş (Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarları ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti uzadılıb) və 16 iyul 2021-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,654 qram təşkil edən ağ rəngli, kristal şəkilli kütlə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə daxil olmuş məlumat əsasında 16 iyul 2021-ci il tarixdə saat 20:05-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 1 ünvanında yerləşən «Aura» şadlıq evinin qarşısında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 32ci polis bölməsinin inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,654 qram təşkil edən ağ rəngli, kristal şəkilli kütlə – kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək işin məhkəmə baxışı zamanı qeyd etmişdir ki, atası «Aura» şadlıq evinin yaxınlığındakı təkər təmiri sexində işləyir. 16 iyul 2021-ci ildə nahar vaxtı həmin sexə getmişdir. Atası nahara getdiyindən, o, sexdə qalmışdır. Bu zaman ona tanımadığı mülkü geyimli şəxslər yaxınlaşmış və polis əməkdaşları olduqlarını deyib şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmişlər. Həmin vaxt üzərində şəxsiyyət vəsiqəsi olmayıb. Bunu polis əməkdaşlarına bildirmiş, həmçinin adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Suraxanı RPİ-in 32-ci polis bölməsinə apardılar. Təqsirləndirilən şəxs bildirir ki, saxlanıldığı vaxt üzərində heç bir qanunsuz əşya olmayıb. İttiham aktının nəticəvi hissəsində göstərilən psixotrop maddəni isə üzərinə polis əməkdaşları qoyublar. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 bildirmişdir ki, 16 iyul 2021-ci ildə 32-ci polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 15, mənzil 138-də yaşayan «İlqar» adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri qanunsuz saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyat axtarış tədbirləri keçirildi. Əməliyyat qrupuna o, və Şahid1 daxil oldu. Əldə olunan əməliyyat məlumatı əsasında Şahid1 ilə birlikdə 16 iyul 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs qeyri-rəsmi olaraq işlədiyi, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 5 ünvanında yerləşən «Aura» şadlıq evinin yanındakı təkər sexinin yaxınlığına gələrək orada əməliyyat mövqeyi tutmuş və qeyd edilən yeri müşahidəyə götürmüşlər. Həmin gün əlamətləri onlara məlum olan təqsirləndirilən şəxsi görüb ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş, həmçinin təqsirləndirilən şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini və üzərində dövriyyəsi qadağan olunmuş əşya varsa bununla bağlı məlumat verməsini xahiş etmişlər. Saxlanılan şəxs özünü 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim edərək şübhəli davranmağa başlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət olundu. Suraxanı RPİ-nin 32-ci polis bölməsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən 09 saylı vəkil bürosundan növbətçi vəkil Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilməsinə başlanmışdır. Bu zaman təqsirləndirilən şəxsə təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya varsa, təqdim etsin. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm təqdim etmiş, bükümdəki maddənin psixotrop maddə sayılan metamfetamin olmasını və həmin metamfetamini özü qəbul etmək məqsədi ilə 14 iyul 2021-ci il tarixdə Hövsan qəsəbəsində Quşçuluq massivində olan zaman “Aslan” adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xeyli müddət olar ki, psixotrop maddə qəbul etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 manat və 50 qəpik aşkar olundu. Təqsirləndirilən şəxs aşkar edilən büküm zərfə qablaşdırılmış və zərfin üzəri möhürlə, həmçinin imzalarla təsdiqlənmişdir. Bu barədə protokol tərtib olundu və tərtib olunan protokol iştirakçılara ucadan oxundu. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokol iştirakçılar tərəfindən imzalandı. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar «Samsung» markalı telefonda video çəkiliş ilə qeydə alındı. Şahid qeyd edir ki, əməliyyat vaxtı Təqsirləndirilən şəxs qarşı hər-hansı qanunsuz hərəkət edilməyib. İttiham aktının nəticəvi hissəsində göstərilən psixotrop maddə isə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş və sonuncunun özünə məxsus olmuşdur. Həmin maddənin təqsirləndirilən şəxsin üzərinə kənar şəxslər tərəfindən qoyulması ilə bağlı bildirilənlər isə həqiqətə uyğun deyil. Şahid qismində dindirilmiş Şahid1 Şahid2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyləri, iş materiallarına əlavə edilmiş DVD disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. 17 iyul 2021-ci il tarixli 6/2926 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 106” möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,654 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir”. 26 avqust 2021-ci il tarixli 3076 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, "Müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məcburi köçkün olmasını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və və cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,604 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Xətai Rayon Məhkəməsinin 1(011)-228/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,604 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar