Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-33/2022 04.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu fərdi yaşayış evində yaşayan, Nəsimi Rayon Məhkəməsinin 1(006)-257/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, 15 – 17 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, 17 iyul 2021-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2021ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və həmin qərara əsasən 17 yanvar 2022-ci ildən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 may 2021ci ildə saat 23:40 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin dəmir darvazasının olmamasından istifadə edib həmin evin zirzəmisindən yaşayış sahəsinə qanunsuz daxil olaraq 1 metri 1,33 manat dəyərində olan 900 metr uzunluğunda “4”-lük elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1.197 manat miqdarında maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 iyul 2021-ci ildə saat 22:40 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin arxasındakı daş hasarın üzərindən aşmaqla həmin evin birinci mərtəbəsindəki pəncərənin açıq olmasından istifadə edərək yaşayış sahəsinə həmin yerdən qanunsuz daxil olub uşaq yataq otağından 1 metri 4 manat olan 300 metr uzunluğunda 1.200 manat dəyərində “4”lük elektrik naqilini, 1 metri 2 manat olan 50 metr uzunluğunda 100 manat dəyərində “3”lük elektrik naqilini, hər birinin dəyəri 100 manat olmaqla cəmi 200 manat dəyərində 2 ədəd ütünü, hər birinin dəyəri 37,50 manat olmaqla cəmi 450 manat dəyərində 12 ədəd su krantını, hər birinin dəyəri 1 manat olmaqla cəmi 32 manat dəyərində 32 ədəd boş elektrik korobkasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.982 manat miqdarında maddi ziyan vurmuşdur. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 evini tanımır və həmin evdən oğurluq etməyib. Qonşusu Zərərçəkmiş şəxs2 evinə isə iş üçün getmiş, lakin Sadiqlə razılaşmaması səbəbindən orada işləməmişdir. Zərərçəkmiş şəxs2 evindən də oğurluq etməyib. Qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl fəhlə işləyirdi. Polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirmiş və ittiham aktının nəticəvi hissəsində təsvir olunan cinayət əməllərini törətdiyini etiraf etdirmək məqsədilə 8 saat ərzində müxtəlif üsullarla təzyiqlər göstərərək, o cümlədən döyərək sənədləri imzalatdırmışlar. Polis əməkdaşları ona bildirirdilər ki, sənədləri imzaladıqdan sonra sərbəst buraxılacaq. Daha sonra zərərçəkmiş şəxsin evinə də aparılmış və orada da ona qarşı polis əməkdaşları tərəfindən təzyiqlər göstərilərək fotoşəkilləri çəkilmişdir. Polis əməkdaşlarının təzyiqlərinə dözməyib müvafiq sənədləri imzalamaq məcburiyyətində qalıb. Əslində isə ona ittiham olunan heç bir cinayəti törətməyib. Göstərilənlərə əsasən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2012-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda 2 sot boş torpaq sahəsi almış və orada 10x10 ölçüdə ev tikməyə başlamışdır. Əlinə pul düşdükcə tikinti işlərinin bir qismini görürdü. Nəhayət evin dam örtüyünü 2020-ci ildə vurdurduqdan sonra içərisini təmir etməyə başladı. Beləliklə, 2021-ci ilin mart ayından etibarən evin elektrik naqillərini çəkmək qərarına gəlmiş və ilkin olaraq hər biri 300 metr uzunluğunda olmaqla 4-lük və 3-lük elektrik naqilləri almışdır. Bundan sonra adı və telefon nömrəsi yadında qalmayan usta evində elektrik naqillərinin çəkilişinə başladı və həmin işi tamamladı. Zərərçəkmiş şəxs həmçinin bildirir ki, 10 iyul 2021-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yeni tikdirdiyi evinə getmiş, içəri daxil olub hər bir əşyanın yerində olduğunu müəyyən edərək saat 19 radələrində kirayə qaldığı evə qayıtmışdır. 11 iyul 2021-ci il tarixdə saat 19 radələrində yenidən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda olan yeni tikdirdiyi evə gedib içəri daxil olduqda aşkar etmişdir ki, evin 3 otağının bütün elektrik naqilləri qəsdən dartılıb qırılmaqla oğurlanıb. Bundan sonra uşaq otağına keçmiş, 02 ədəd ümumilikdə 200 manat dəyərində boru yapışdıran ütünün yerində olmadığını görmüşdür. Həmçinin hər birinin dəyəri 37,50 manat təşkil edən su krantının, 300 metr uzunluğunda 4-lük və 50 metr uzunluğunda 3-lük elektrik naqillərinin və 32 ədəd boş elektrik korobkasının da yerində olmadığını aşkar etmişdir. Bunu aşkar etdikdən sonra ilk olaraq 102 xidmətinə müraciət etmiş, daha sonra isə 30-cu polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs yuxarıda göstərilənlərlə yanaşı bildirir ki, təmir tikinti işləri ilə əlaqədar bir neçə ədəd elektrik rozetkası almış və onları həmin vaxt ehtiyac olmadığından bir torbada dam örtüyünün altına qoymuşdur. İlk olaraq elektrik rozetkalarının oğurlandığını aşkar etməyib. Bunun səbəbi isə əvvəla onların gözdən kənarda – dam örtüyünün altına olması, həmçinin sayı az olmaqla dəyərinin də müvafiq olaraq az olması ilə bağlı olmuşdur. Ona görə digər əşyalarla yanaşı bu əşyaların da evindən oğurlandığını ilk olaraq aşkar etməyib və polisə ünvanladığı ərizəsində həmin elektrik rozetkalarının oğurlandığını göstərməyib. Lakin bir müddət sonra polis əməkdaşı ona zəng edərək evindən elektrik rozetkalarının oğurlanıboğurlanmadığını soruşmuşdur. Bu suala təəccüblənərək polis əməkdaşından həmin sualı verməsinin səbəbini soruşmuş, sonuncu cavabında bildirmişdir ki, təqsirləndirilən şəxs evdən bir neçə ədəd elektrik rozetkası da oğurladığını deyir. Yalnız bundan sonra vaxtilə bir-neçə ədəd elektrik rozetkası aldığı yadına düşmüş, həmin əşyaları qoyduğu yerə baxıb onların da oğurlandığını müəyyən edərək bu barədə polis əməkdaşına bildirmişdir. Zərərçəkmiş şəxs qeyd edir ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs sərbəst olaraq bütün əşyaları haradan götürdüyünü tam dəqiqliklə bildirmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər-hansısa təzyiq göstərildiyini görməyib. Əksinə təqsirləndirilən şəxs əşyaları konkret olaraq haradan götürdüyünü elə bir dəqiqliklə bildirirdi ki, bu dəqiqlikləri polis əməkdaşları bilə bilməzdi. Belə ki, o (zərərçəkmiş şəxs), oğurlanmış əşyaların dəqiq yeri barədə polisə məlumat verməyib. O, həmçinin polisə evdən elektrik rozetkaları oğurlandığını da bildirməmişdir. Beləliklə, polisdə təqsirləndirilən şəxsin etirafı olmadan bu məlumat da ola bilməzdi. Zərərçəkmiş şəxs bildirir ki, cinayət nəticəsində ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilməyib. Buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 2019-cu ildə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda 7 sot boş torpaq sahəsi almışdır. Həmin ildən etibarən aldığı boş torpaq sahəsində hissə-hissə 12x14 ölçüdə ev tikməyə başladı. Həmin ev 6 otaq, 1 mətbəx, hamam və ayaq-yolundan ibarətdir. Əlində nağd pul olduqca evin tikinti işlərinin bir hissəsini görürdü. Evin dam örtüyünü 2020-ci ildə vurduqdan sonra içərisini təmir etməyə, 2021-ci ilin aprel ayından etibarən elektrik naqillərini çəkməyə başladı. Həmin evə ilkin olaraq 900 metr “4”-lük elektrik naqili aldı. Həmin elektrik naqilinin 1 metrini 1,33 manata “Sədərək” bazarından almışdır. Bundan sonra qardaşı X2 onun evində elektrik naqillərini çəkdi. Beləliklə, elektrik naqillərinin çəkilişi tam yekunlaşmışdır. 20 may 2021-ci ildə o, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yeni tikdiyi evinə getdi, içəri daxil oldu və hər bir əşyanın yerində olduğunu müəyyən etdi. Daha sonra 26 may 2021-ci il tarixdə saat 13:30 radələrində yenidən Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda olan yeni tikdiyi evə getdi, içəri daxil olduqda müəyyən etdi ki, evin 6 otağında bütün elektrik naqilləri qəsdən dartılaraq qırılmaqla oğurlanıb. Bunu aşkar etdikdən sonra 102 xidmətinə daha sonra isə 30-cu polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs qeyd edir ki, hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs sərbəst olaraq bütün əşyaları haradan götürdüyünü tam dəqiqliklə bildirmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər-hansısa təzyiq göstərildiyini görməyib. Əksinə təqsirləndirilən şəxs əşyaları konkret olaraq haradan götürdüyünü elə bir dəqiqliklə bildirirdi ki, bu dəqiqlikləri polis əməkdaşları bilə bilməzdi. Qeyd edir ki, cinayət nəticəsində ona vurulmuş zərərin əvəzi təqsirləndirilən şəxs tərəfindən ödənilməyib. Ona qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşayır. O, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli şəxs kimi şöbəyə dəvət olunmuş və oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs şöbədə dindirilərkən özü etiraf edib ki, oğurladığı metalı “Mahir” adlı şəxsə təhvil verib. Hətta “Mahir”in işlətdiyi metal yerini belə polis əməkdaşlarına göstərib. Başqa heç nədən məlumatı yoxdur. Şahid həmçinin bildirir ki, təqsirləndirilən şəxsə qarşı hər-hansısa şəxs tərəfindən təzyiq tətbiq olunduğunu eşitməyib və görməyib. Təqsirləndirilən və zərərçəkmiş şəxsləri, həmçinin şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq cinayət əməlini törətməsi faktı zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlar, o cümlədən ekspert rəyi, iş materiallarına əlavə edilmiş kompakt disk, təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələr və s. sübutlarla təsdiq olunur. Zərərçəkmiş şəxslərin bildirdikləri ilə müəyyən olunur ki, təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi zamanı oğurluq etdiyi yerləri sərbəst və dəqiq göstərmiş, bu zaman ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq tətbiq olunmamışdır. Məhkəmə məsələ ilə bağlı Zərərçəkmiş şəxs2 bildirdiklərinə ayrıca diqqət yetirməyi zəruri sayır. Həmin zərərçəkmiş şəxsin bildirdiklərindən görünür ki, o, evindən bir neçə ədəd elektrik rozetkası oğurlandığını ilkin olaraq aşkar etməmiş, bu səbəbdən polisə həmin əşyaların oğurlandığını bildirməmişdir. Göstərilən əşyaların oğurlanması halı təqsirləndirilən şəxsin etirafı nəticəsində müəyyən olunmuş, bu barədə zərərçəkmiş şəxsə məlumat verildikdən sonra, sonuncu evindən həqiqətən də həmin əşyaların oğurlandığını aşkar etmişdir. Bunlarla yanaşı, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində törətdiyi cinayət əməllərini nəyinki etiraf etmiş, hətta bu əməlləri törətməsinin təfsilatı barəsində ətraflı məlumat vermişdir. Məsələn onun iş üzrə ibtidai araşdırma dövründə bildirdiklərindən görünür ki, oğurladığı əşyaları metal alveri ilə məşğul olan Şahid Mirzəbala oğluna satıb. Şahid Mirzəbala oğlunun iş üzrə ibtidai istintaq dövründəki ifadəsində də bu hal öz təsdiqini tapır (həmin şahidin məhkəmədə dindirilməsi üçün zəruri tədbirlər görülmüş, lakin iş yerini dəyişməsi səbəbindən tapılıb məhkəmədə dindirilməsi mümkün olmamışdır). Təqsirləndirilən şəxsin polis əməkdaşlarının qanunsuz təzyiqlərinə məruz qalması halı işin məhkəmə baxışı zamanı heç bir mötəbər sübutla müəyyən olunmayıb. Beləliklə, təqsirləndirilən şəxsin etirafedici ifadələri polis əməkdaşlarının təzyiqləri nəticəsində verməsi halı işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. 25 avqust 2021-ci il tarixli 9/5134 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertiza tədqiqatına təqdim edilmiş kabellərin nümunə əsasında, 25 may və 10 iyul 2021-ci il tarixlərdə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən olunur: bir metr nümunə qismində təqdim edilmiş, üzərində “Paktel kablo hosuu-f 3x2.5 mm-2300/500 u062 Mt TS EN SO525-2-31 made in Turkey 2016” markalanma yazıları olan, üzəri ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, içərisi rezinəoxşar üç ədəd sarı-yaşıl, qəhvəyi və göy rəngli damalardan ibarət mis əsaslı ərintidən hazırlanmış kabel 2,20 manat; bir metr nümunə qismində təqdim edilmiş, üzərində “TSE goknur Bakı hosvv-f 4G4 167027- 2019” markalanma yazıları olan, üzəri ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, içərisi rezinəoxşar dörd ədəd qara, qəhvəyi, boz və sarı-yaşıl rəngli damarlardan ibarət mis əsaslı ərintidən hazırlanmış kabel 4,00 manat». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 1(006)-257/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bu hal Azərbaycan Respublikası CM-nin 18.1 maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 – 17 iyul 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 yanvar 2022-ci il tarixindən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-33/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-33/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver