Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-330/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi 42də qeydiyyatda olan və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ş/Y sahəsi, döngə 14 ünvanında nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Gslam oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 0,637 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, bu fakt Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngənin girişində saxlanılıb, ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında 18.06.2021-ci il tarixdə, saat 12:10-12:35 müddətdə videoçəkilişdən istifadə olunmaqla, üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,637 qram olan tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və daşımışdır. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, kokos kimi tanıdığı narkotik vasitəni çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən alıb istifadə etmişdir. 17 iyun 2021-ci il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada gəzən zaman yerdən bir ədəd büküm tapmış və həmin bükümü yerdən götürüb açdıqda, içində kokos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. Onun istifadəçisi olduğu üçün tanımış və sonra istifadə etməyi üçün cibinə qoyub saxlamışdır. Lakin yadından çıxdığı üçün həmin gün onu istifadə etməmiş və cibində qalmışdır. Səhərisi gün, yəni 18 iyun 2021-ci il tarixdə, təxminən saat 11-12 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngənin girişində tək dayandığı zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun qəsəəbədə baş vermiş hansısa oğurluqda şübhəli olduğunu bildirərək, onu Suraxanı RPl-nin 32-ci PB-nə dəvət etmişlər. O, da razılaşıb, onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci polis bölməsinə getmişdir. Polis idarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra ona dövlət hesabına vəkil təyin edilmiş, dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt, kimdən nə məqsədlə əldə etməsi barədə soruşulduqda, o, həmin bükümün içərisində narkotik vasitə olan kokos olduğunu, onu bir gün əvvəl Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerdən tapdığını və sonra istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərimdə axtarış davam etdirilmiş və hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Narkotik vasitəni yerdən tapmış və yalnız özü istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Narkotik vasitəni heç kimə satmaq və ya vermək niyyəti ilə yerdən götürüb üzərində saxlamamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış və əkməmişdir. Üzərində narkotik vasitə olması və saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 32-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsindədir. 17 may 2021-ci ildə Suraxanı rayonu, Şərq yaşayış sahəsi, 14-cu döngədə yaşayan X3 mənzilindən bir ədəd 2000 manat dəyərində televizor naməlum şəxs tərəfindən oğurlanmış, həmin iş üzrə keçirdiyi əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs həmin oğurluqda şübhəli olması ehtimalı yaranmışdır. Odur ki, sonunjunun bölməyə gətirilməsi zərurəti yarandığından, 18 iyun 2021-ci il tarixdə, saat 11:20 radələrində sahə rəisi, polis polkovnik-leytenantı Sərvan Musayevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi 14-cü döngəyə getmişlər, döngənin girişində Təqsirləndirilən şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməəsində həmin şəxsin 29.01.1991-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, ev 42-də qeydiyyatda olan, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 14-cü döngədə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış, bu barədə dərhal raport yazıb bölmə rəisinə məruzə etmiş, bölmə rəhbərliyi tərəfindən təhqiqatçı Rəşad Həsənzadəyə həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra, saat 12:10-12:35 müddətdə xidməti otaqların birində Dilqəmə hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə, onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Dilqəmə üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Dilqəm əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş tünd qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə oxşar maddə olan büükümü təqdim etmiş və bildirmişdir ki, həmin maddə «kokos» kimi tanıdığı narkotik vasitədir. Ondan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verilmiş və sonuncu həmin narkotik vasitəni 1 gün əvvəl Sabunçu rayonunun Bakıxanov qəsəbəsində küçədən tapdığını, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmiş, aşkar edilmiş həmin narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Dilqəm özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də özü imza etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumati yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixli tutma qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 19iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 19 iyun 2021-ci il il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi üçün Suraxanı rayon prokuroru qarşısında vəsatət qaldırılmış, Suraxanı rayon prokuroru vəziyəsini icra edən, ədliyyə müşaviri Vüqar Hüseynovun 19.06.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilərək, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin MSY-dən azad edlilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 iyun 2021-ci il tarixli 6/2476 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün № 196» dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddə” yazı və imzalar olan zərfdə, təmiz çəkisi 0,637 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 18.08.2021 -ci il tarixli 2954 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs 03.03.2014-cü il tarixdə Suraxanı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəi ilə 01 il 11 ay müddətinə 15% islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. Məhkəmə sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməz. Bu zaman məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsə cəmiyyətdən təcrid etmə ilə bağlı olmayan cəza təyin edilməsi ilə bağlı bu qərarı mühakimə edilən şəxsdə azadlıqda qalacağına ümid verərək, güclü islah–tərbiyəedici stimul yaradar, məhkumun islah edilməsinə, onun qanuna tabe olan insana çevrilməsinə, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad edilməsinə, ictimaifaydalı fəaliyyətə qayıtmasına, normal cəmiyyətə tamamilə uyğunlaşmasına köməklik edər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş bir ədəd bükümdə, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,587 qram heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 18.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlırın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddəti ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlırın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs orlunun üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,587 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 88 manat 70 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-330/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-330/2021
25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver