Məhkəmə qərarları › İş №1(010)-330/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-330/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-330/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 09:45-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1965-ci ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Lerik rayonu, Vizəzəmin ərazi dairəsi, Sivəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük soxvozunda nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 15 iyul 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük soxvozunda nömrəsiz fərdi yaşayış evində birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs üç gün əvvəl aldığı çay və qənd kimi ərzaq məhsullarını istifadə etdiyini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən kəllə ilə sonuncunun sifət nahiyəsindən vuraraq ona sol göz yuvasının bayır bucağının əzilmiş-cırılmış yarası və sağ saidin qançırı ilə müşayət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, barəsində irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 01 yetkinlik yaşına çatmayan uşağı dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Əminə ilə münasibətləri əvvəllər normal olmuş, lakin son zamanlar münasibətləri pisləşmişdir. 15 iyul 2022-ci il tarixdə, təxminən saat 09 radələrində səhər yeməyi yeyərkən Əminə ona çay süzmüş, həmin vaxt əsəbi olduğundan Əminədən üç gün əvvəl aldığı çay və qəndi istifadə etməsinin səbəbini soruşmuşdur. Əminə isə cavabında “bəs hansı çay və qənddən istifadə edim” dedikdə əsəblərini cilovlaya bilməyib kəllə ilə Əminənin sifət nahiyəsinə vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra Əminə, qaş nahiyəsindən kəskin qan axdığı üçün evi tərk etmişdir. Hadisə yaşadıqları evin mətbəxində baş vermiş, həmin vaxt orada kənar heç kim olmamışdır. Hazırda etdiyi əməlindən səmimi peşmançılıq çəkir və Zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Buna görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 01 yetkinlik yaşına çatmayan uşaqları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra Radiklə münasibətləri əvvəllər normal olmuş, lakin son zamanlar münasibətləri pisləşmişdir. 15 iyul 2022-ci il tarixdə, təxminən saat 09 radələrində Radik səhər yeməyi yeyərkən ona çay süzmüş, həmin vaxt radik ondan üç gün əvvəl aldığı çay və qəndi istifadə etməsinin səbəbini soruşmuşdur. Cavabında Radikə “bəs hansı çay və qənddən istifadə edim” dedikdə sonuncu kəllə ilə onun sifət nahiyəsinə vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra qaş nahiyəsindən kəskin qan axdığı üçün o, evi tərk etmişdir. Hadisə yaşadıqları evin mətbəxində baş vermiş, həmin vaxt orada kənar heç kim olmamışdır. Sonda Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxsin dəymiş ziyanı aradan qaldırdığını, buna görə də onunla barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 15 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük soxvozunda nömrəsiz fərdi yaşayış evində baş vermişdir. İş materiallarına əlavə olunmuş canlı şəxsin ekspertizasının 16 iyul 2022-ci il tarixli, 805 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz yuvasının bayır bucağının əzilmiş-cırılmış yarası və sağ saidin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, 15 iyul 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümümilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar