Məhkəmə qərarları › İş №1(010)-331/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-331/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-331/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 01 – 03 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 iyul 2021-ci ildə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz market»in yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,421 qr təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 (on beş) manata şəxsi istifadəsi üçün əldə edib əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 01 iyul 2021-ci ildə saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 13 ünvanının yaxınlığında Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,421 qr təşkil edən qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitə heroini çəkmək yolu ilə istifadə edirdi. 01 iyul 2021-ci ildə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz market»in yaxınlığında öz şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin alaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub saxladı ki, sonra istifadə etsin. Elə həmin gün saat 21:30 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 13 ünvanının, yəni yaşadığı binanın yaxınlığında olarkən, iki nəfər mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə gətirildi. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra, müdafiəçi dəvət olundu və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutuldu. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirdilər və o, buna etiraz etmədi. Ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərinə baxış keçirildi. Baxış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildi. Verilmiş suala əsasən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümündə narkotik vasitə heroini çıxarıb təqdim etdi. Sorğu zamanı həmin heroini 01 iyul 2921-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz market»in yaxınlığında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürləndi və bu barədə protokol tərtib edildi. Əməlindən peşmandır. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33cü polis bölməsinin sahə inspektoru vəzifəsində işləyir. 01 iyul 2021-ci il tarixdə işlədiyi polis bölməsinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində «Elşən» adlı şəxsin narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq və «Elşən» adlı şəxsin hərəkətlərini ifşa etmək məqsədi ilə 01 iyul 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 21:30 radələrində tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 13 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin 33-cü polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün polis bölməsinə müdafiəçi dəvət olunmuş və sonuncu müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Sonra isə ona onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra inzibati binanın xidməti otaqlarının birində Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarışın və götürmənin keçiriləcəyi bildirilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək bükümün içərisində heroin kimi tanıdığı narkotik vasitənin olduğunu, onu 01 iyul 2021-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən «Araz market»in yaxınlığında 15 manata öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını, üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan büküm sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Vedeoçəkiliş sonradan diskə köçürülməsi üçün «Samsung» markalı mobil telefon vasitəsi ilə aparılmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyləri və s. təsdiq olunur. 02 iyul 2021-cı il tarixli 6/2672 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 171” dairəvi möhür əksi olan soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,421 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir”. 11 avqust 2021-ci il tarixli 2791 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs öz cinayətini etiraf etdiyini və peşman olduğunu, xəstə anasının onun himayəsində olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,371 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 – 03 iyul 2021-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, pandemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,371 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar