Məhkəmə qərarları › İş №1(010)-334/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-334/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-334/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Suraxanı Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 02 may 2022-ci ildən hesablanmaqla 03 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmiş (Sabunçu Rayon Məhkəməsinin müvafiq qərarı ilə həbsdə saxlanılması müddəti uzadılıb) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə, təmiz çəkisi 1,205 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsi istehlakı üçün əldə edib üzərində saxlayıb, daşımış, 02 ay 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə dəmir yolu stansiyası ərazisində Sabunçu st. X4 əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov-Dübəndi dəmir yolu mənzilinin 2-ci km, 9-cu piketində yerləşən Bülbülə dəmir yolu stansiyasının platformasının üzərində saxlanılaraq Sabunçu st. X4 növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 14:45-də üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,205 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 02 may 2022-ci ildə saat 13:30 radələrində yaşadığı evin yaxınlığındakı zibilxanaya evin zibilini atmağa gedərkən yerdə 1 ədəd siqaretin qırmızı kağızına və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər görmüşdür. Diqqətini çəkdiyi üçün əyilib həmin bükümləri götürüb içini açanda görmüşdür ki, qırmızı kağıza bükülmüş bükümün içərisindəki narkotik vasitə olan «kakos»dur, digəri isə psixotrop maddə «şüşə»dir. O, uzun müddət hər ikisindən istifadə etdiyi üçün bükümlərin içərisində olan maddələrin «kakos» və «şüşə» olduğunu müəyyən etmiş və oradan uzaqlaşmışdır. Bülbülə dəmir yolu stansiyası tərəfə getmişdir. Tapdığı «kakos»dan istifadə etmək üçün dəmir yolu platformasının üstündə hasarlanmış yerə keçmək istəyərkən 2 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənəd istədilər, lakin üzərində heç bir sənəd olmadığından onu X3 Polis İdarəsinin Sabunçu st. XPŞ-nə dəvət etdilər. Polis şöbəsində onun üzərinə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qırmızı kağızına bükülmüş içərisindəki açıq qəhvəyi rəngli toz şəklində narkotik vasitə olan «kakos» və 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisindəki ağ rəngli toz şəklində psixotrop maddə «şüşə» aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Sabunçu st. X4 Suraxanı st. XPM-nin rəisi vəzifəsində işləyir. 02 may 2022-ci il tarixdə «Mehman» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib, saxlamaqla daşıması barədə daxil olmuş məlumat həmin tarixdə Sabunçu st. XPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupu üzvləri ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Mehman» adlı şəxsin olduğu yer müəyyən edilərək həmin gün saat 14:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov-Dübəndi dəmir yolu mənzilinin 2-ci km 9-cu piketində yerləşən Bülbülə dəmir yolu stansiyasının platformasının yaxınlığına getmişlər. Orada bir nəfər şəxsin xarici əlamətlərinin «Mehman» adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşməsini dəqiqləşdirdikdən sonra həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Sabunçu st. XPŞnin əməkdaşları olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsi Sabunçu st. XPŞ-nə dəvət etmişlər, XPŞ-də video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və əgər üzərində daşınması qadağan edilmiş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qırmızı rəngli kağızına bükülmüş və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli toz şəklində olan maddə digər bükümdə isə ağ rəngli toz şəklində maddə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olan heroini və metamfetamini 02 may 2022-ci il tarixdə günorta vaxtı saat 13:30 radələrində Bülbülə qəsəbəsində zibillikdən tapdığını və şəxsi istifadəsi üçün özündə saxladığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış sənədlər, o cümlədən ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 03 may 2022-ci il tarixli 6/2548 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,205 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,036 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. 02 iyul 2022-ci il tarixli 3591 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, 2-ci qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, Bayramov X1 Rayon Məhkəməsinin 11 mart 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı iş üzrə cinayətin törədildiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu st. X5 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,155 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,026 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 02 may 2022-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu st. X5 saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,155 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,026 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd kompakt disk cinayət işinin materiallarında saxlansın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar