Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-335/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 28 – 30 noyabr 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə saat 18:20 radələrində ona etibarnamə əsasında təhkim olunmuş idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Tranzit» markalı, **-SK-*** dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı dəmir yol stansiyası istiqamətindən X.Ələkbərov küçəsi ilə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi istiqamətində saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən həmin küçədə nömrəsiz ünvanda yerləşən neft buruğunun qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və ya başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə riayət etməmiş və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək, yol hərəkəti qaydalarını pozub yolun hərəkət hissəsinin ortası ilə eyni istiqamətdə hərəkətdə olan xx.xx.1966-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, sol gicgah sümüyünün xətti sınığı və başın sol gicgah nahiyəsinin qançırı, ənsə nahiyənin sıyrıqları, solda ağ ciyərin əzilməsi, əzilmişcırılmış yaraları, döş qəfəsin sol yan səthində İV-V-Vİ qabırğaların sınıqları, burunun yumşaq toxumasının qançırı və sıyrığı, sağ əlin sıyrığı, sol baldırın qançırı ilə nəticələnən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi səbəbindən hadisə yerində ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə günü işdən gəlmişdir. İş yoldaşını aparıb düşürdüb evə gelərkən hava bərk yağışlı və yol palçıq olmuşdur. Suraxanı rayon DYPŞ-nin yanından sola dönərkən anidən qarşısına adam çıxmışdır. Ayağını tormuza atmış, rulu sola burmuşdur ki, dəmirlərə dəysin. Ancaq maşının sağ hissəsi ilə adamı vurmuş, adam hadisə yerində olmüşdür. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 7-8 ay olar hadisə olan maşını sürmüş, sürücülük vəsiqəsini 2023-cü ildə almışdır. Hadisə vaxtı maşında tək olmuşdur. Hava yağışlı idi saat 8-ə işləmiş olardı. Hadisə olan kimi maşından düşmüş və 103-ə yığmış, sonradan polis əməkdaşları gəlmişdir. Təcili yardım yarım saata gəlmiş, bildirmişdir ki, adam ölmüşdür. Yol qaranlıq olmuş, işıqlandırma olmamışdır. Onun hadisənin qarşısını almağa imkanı olmamış, çox az məsafə olmuş, görən kimi saxlamışdır. Adamı görməməyinin səbəbi yağış və qaranlıq olması olmuşdur. Dəmirlərə dəyib dayanmışdır. Adam yolun ortasında o, getdiyi istiqamətdə gəlmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 may 2024-cü il tarixdən “YE DOY” firmasında un məhsulları olan lavaş qidasının satışı ilə əlaqədar müvafiq yükləri daşıyır. Eyni zamanda “YE DOY” firmasına məxsus “Ford Tranzit” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edirmiş. Həmin avtomobil ilə qida məhsulu olan lavaşları marketlərə çatdırırmış. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində işi yekunlaşdıraraq idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Ford Tranzit» markalı avtomobil ilə yaşadığı evə gedirmiş. Evə gələn zamanı onunla birlikdə işləyən iş yoldaşını Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində avtomobildən endirmiş, sonra yoluna davam etdirmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində evə getmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ilə yaxın işıqla idarə etdiyi “Ford Tranzit” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 40-50 km surətlə Suraxanı dəmir yol stansiyası tərəfdən üzü Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinə doğru hərəkətdə olmuş, yolun hərəkət hissəsinin sol hissəsi ilə avtomobili idarə edirmiş, bu zaman yolun orta hissəsi ilə tanımadığı piyadanın düzünə, eyni istiqamətdə yolun ortası ilə sakit addımla hərəkət etdiyini görmüş və avtomobili sola doğru hərəkət etdirdiyi zaman avtomobilin sağ ön hissəsi ilə piydanı arxa tərəfindən vurmuş, sonra avtomobili sola doğru idarə edib saxlamışdır. Dərhal piyadanın yanına gedərək piyadaya ilkin yardım göstərmiş, X7 çağırmış, hadisə yerinə DYPŞ-nin əməkdaşı və TTYS-nın həkimləri gəlmişlər. Məlum omuşdur ki, artıq həmin piyada, adı sonra məlum olmuş Zərərçəkmiş şəxs ölmüşdür. Qəza zamanı avtomobildə tək olmuş, yük olmamışdır. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi var və hal-hazırda qüvvədədir. Spirtli içki qəbul etmir, hadisə zamanı ayıq vəziyyətdə olmuşdur Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 ifadəsində göstərmişdir ki, hadisə günü Gənclikdə olmuş və işdən gəlmişdir. Koroğluya çatanda xalasının qonşusu zəng vurub hadisə barədə məlumat vermişdir. Hadisə günü atası xalasıgildən gəlirmiş. Məhkəmənin əvvəlki iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X4 bildirmişdir ki, şikayətçidir, barışığa cəhd olmuş, danışıqları olsa da baş tutmamış, məbləğdə razılaşmamışlar. O, 10000 manat ziyanın ödənilməsini təklif etsə də, qarşı tərəf imkanın olmadığını bildirmiş, sonradan razılaşsa da, o, razılaşmamışdır. Maddi tələbi yoxdur, şikayətçidir. Atası malyar işləyirdi. 10000 manat hüzürün xərcləri olmuşdur. Şəxs hadisənin qarşısını ala bilərdi, o yolda adam ölməsi mümükün deyil, ona görə şikayətçidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İlkin təhqiqat və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 28 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində qonşular zəng edib demişlər ki, atasını avtomobil vurmuş və ona görə atası rəhmətə getmişdir. Dərhal yaşadığı evin yaxınlığına gəlmiş və orada məlum olmuşdur ki, atasını adı sonra məlum olmuş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil vurmuş və atası hadisə yerində vəfat etmişdir. Sonra atasının rəhmətə getməsi ilə əlaqədar yas mərasimi keçirilmiş, atası Saatlı rayonunda qəbirstanlıqda basdırılmışdır. Atası həmin gün günorta vaxtı nahar edərkən bir az spirtli içki qəbul etmişdir. Şahidlər İsaev Sadykh, Şahid2 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid İsaev Sadykh ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, «Ye Doy» şirkətində təxminən 2 ildir ki, sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs şirkətə işə düzəldiyi vaxtdan, yəni təxminən 2024-cü ilin iyun-iyul aylarından tanıyır. «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini ikisi də etibarnamə əsasında idarə edirlərmiş, lakin ən çox həmin avtomobili Tural idarə edirmiş. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 18 radələrində işdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə əyləşmişdir ki, Əmircan qəsəbəsində saxladığı özünə məxsus «Dewoo Centra» markalı ** NF *** dövlət qeydiyyat nömrəli avtomobili Əmircan qəsəbəsindən götürsün. Təqsirləndirilən şəxs onu həmin yerə gətirmiş və sonra Tural həmin «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək evinə getmişdir. Həmin gecə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu avtomobildən düşürdəndən sonra həmin yük avtomobil ilə Suraxanı rayonu, Suraxanı qəsəbəsində, dəmir yol stansiyasının yaxındığında bir nəfər piyadanı vurmuş, həmin piyada da hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs səhər görmüş və sonuncu demişdir ki, qaranlıq havada həmin piyadanı yolda görməmiş, ona görə vurmuşdur. Sonra məlum olmuşdur ki, Tural vurduğu piyadanın adı Zərərçəkmiş şəxsdur. Özü həmin həmin yol-nəqliyyat hadisəsini görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, «Ye Doy» şirkətində 20 ildir, firmanın nəqliyyat rəisi vəzifəsində isə iki ildən çoxdur ki, işləyir. Təqsirləndirilən şəxs sürücü vəzifəsində «Ye Doy» firmasında təxminən 2024-cü ilin iyul-avqust aylarından işləmişdir. «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Tural idarə edirmiş, mağazalara firmanın məhsulunu çatdırırmış. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 20:00-21:00 radələrində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək Suraxanı dəmir yol stansiyasının yanında piyadanı vurmuş, piyada da hadisə yerində ölmüşdür. Hadisədən sonra Turalı görməmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin avtomobili idarə edərkən vurduğu piyadanın adı Zərərçəkmiş şəxsdur. Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuş, hadisədən əvvəl o, yoxlanılmış və ayıq olduğu üçün işə buraxılmışdır. Həmin «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat yük avtomobil təzə, texniki cəhətdən saz olmuşdur. Sürücülərin işi çox tez vaxtda başladığı üçün Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Tranzit» markalı 90-SK- 362 dövlət qeydiyyat yük avtomobilni sürüb evinə gedirmiş ki, səhər tezdən firmaya gəlib başlasın firmanın məhsulunu daşımağa. Sürücülərdə iş səhər saat 4:00-da başlayırmış. Ona görə, Təqsirləndirilən şəxs həmin avtomobili firmanın qarajında saxlamamış, avtomobili idarə edərək yaşadığı evə getmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs xalasının həyat yoldaşı olmuşdur. Məmmədin oğlu Ruhid də onun xalası oğludur. 28 noyabr 2024-cü il tarixdə təxminən saat 18:30 radələrində evdə olduğu zaman kimnənsə eşitmişdir ki, Zərərçəkmiş şəxs avtomobil yaşadığı evdən bir az aralı yerdə vurmuşdur. Həmin yerə qaçıb görmüşdür ki, Suraxanı Dəmir yol stansiyası tərəfdən gələn yolda, X.Ələkbərov küçəsində, neft buruqlarının yanında Zərərçəkmiş şəxs asfalt üzərində uzanmışdır. DYP və X7 avtomobilləri də orada olmuşlar. Məlum olmuşdur ki, Məmmədi hadisə yerində yolun kənarında dayanmış «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vurmuşdur. Lakin, ətrafda çox sayda tanımadığı şəxslər olmuş, onlardan hansı həmin avtomobilin sürücüsü olduğunu bilməmişdir. Təcili yardım həkimi Məmmədə baxıb demişdir ki, artıq vəfat etmişdir. Ordan Ruhidə zəng edib atasını avtomobil vurduğunu və atasının rəhmətə getdiyini demişdir. Ruhid həmin vaxtı şəhərin mərkəzində hardasa işləyirmiş. Sonra Ruhid gilə gəlmiş. Ruhid də gəlmiş, demişdir ki, atasını aparmışlar, hara apardıqlarını bilməmişdir. Ona görə, o, DİN-in 102 Xidmətinə zəng edib bu hadisə barədə məlumat verib meyiti hara aparıldığını soruşmuş, ona demişlər ki, Suraxanı RPİ ilə əlaqə saxlasın. DİN-in 102 Xidmətinə təxminən 19:20 radələrində zəng etmişdir. Zərərçəkmiş şəxs «Ford Tranzit» markalı **-SK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə vurulması yol-nəqliyyat hadisəsini görməmiş, hadisə hadisə yerinə gələndən təxminən 15-20 dəqiqə əvvəl baş vermişdir. Belə ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 29 noyabr 2024-cü il tarixli 139 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına və əlavə müayinənin cavabına əsaslanaraq, hadisə haqqında qərarda göstərilənləri nəzərə alıb və ekspertiza qarşısına qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Sol gicgah sümüyünün xətti sınığı və başın sol gicgah nahiyəsinin qançırı, ənsə nahiyənin sıyrıqları. Solda ağ ciyərin əzilməsi, əzilmiş-cırılmış yaraları. Döş qəfəsin sol yan səthində İV-V-Vİ qabırğaların sınıqları. Burunun yumşaq toxumasının qançırı və sıyrığı. Sağ əlin sıyrığı. Sol baldırın qançırı. Qeyd olunan xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcələrinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə bir-başa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı -O,5%-dir. Bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilməlidir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 25 fevral 2025-ci il tarixli, 3-16-16/2-8/3567/2024 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Tranzit» markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 30 noyabr 2024-cü il tarixdə şübhəli şəxs statusuna xitam verilmiş və Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 mart 2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BA079905 nömrəli “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan 29 noyabr 2024-cü il tarixli, 1/10976 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 14 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx xxxx 2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 20 sentyar 2023-cü il tarixdə (20 sentyabr 2033-cü il tarixədək etibarlı olan) BA 079905 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin məhkəmə iclasında verdiyi ifadələr, ekspert rəyləri, hadisə yerinin fotoşəkilləri, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini və ya aradan qaldırılmasını, cavan olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs 28 – 30 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 28 – 30 noyabr 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 110 (yüz on) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-335/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-335/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver