Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-336/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1985-ci ildə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə saat 17:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E 290» markalı 10SS873 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi ilə Bülbülə qəsəbəsi istiqamətinə 20-30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa, keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükədə qoymamalı, piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunu etməmiş, nizamlanmayan yolda piyada keçidi ilə yolun sağından soluna keçməkdə olan piyada Zərərçəkmiş şəxs yol verməyib avtomobilin qabaq sağ yan hissəsi ilə piyadanı ehtiyatsızlıqdan vurmuş, nəticədə zərərçəkmiş baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, hər iki ağciyərin əzilməsi, pnevmosefaliya, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq 21 mart 2022-ci ildə ölmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, «BC» dərəcəli sürücülük vəsiqəsi olmaqla anası X1 adına olan, «Mercedes Benz» markalı l0SS873 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 19 mart 2022-ci il tarixdə saat 17:30 radələrində həmin avtomobili idarə etməklə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi ilə Bülbülə qəsəbəsi istiqamətinə təxminən 20-30 km/saat sürətlə hərəkət edirdi. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə sərnişin və yük olmamışdır. Əmircan qəsəbəsindəki qatar yolu keçidinin qarşısında avtomobili saxlayıb sola dönmək üçün keçidin əks tərəfindən gələn və keçidə tərəf dönən avtomobilləri buraxmış, sola dönmə işıq siqnalı yandırıb hərəkətə başlayaraq sola dönmə manevri edib yola düzəlmiş və təxminən 3-5 metr getmişdir ki, bir nəfər yaşlı kişi ona əl eləyib maşını saxlamağı işarə etmişdir. Dərhal avtomobili saxlamış və həmin kişi ona arxa tərəfi göstərib kömək etmək lazım olduğunu bildirmişdir. Bu vaxt baxıb görmüşdür ki, döndüyü yerdə bir qadın asfalt üzərində yerə yıxılmış vəziyyətdədir. Orada olan şəxslər bildirdilər ki, həmin qadın onun maşınının sağ tərəfinə dəyib yıxılmışdır. Ancaq özü bunu hiss etməmişdir. O, və digər tanımadığı şəxslər qadına yaxınlaşıb kömək etmək istədilər. Bir nəfər kişi qadının boyun nahiyəsindən tutub qaldırmaq istəmiş, oraya toplaşmış şəxslər demişlər ki, tərpətmək olmaz. O, isə qaçıb avtomobili saxladığı yerin qarşısında olan marketdən su alıb gətirmiş, qadının üzünə səpmiş və bundan sonra sonuncu bir qədər özünə gəlmişdir. Özü 103 təcili yardım xidmətinə zəng vurub məlumat vermiş, bununla belə ətrafdakılara təklif etmişdir ki, həmin qadını avtomobilinə mindirib xəstəxanaya aprmasına kömək etsinlər. Lakin oraya toplaşmış şəxslər ona toxunmamağı, təcili yardımı gözləməyi məsləhət bildilər. Ona görə də təcili yardım gəlməsini gözləmiş və qısa müddətdə təcili yardım maşını gəlmişdir. Həmin qadını təcili yardıma qoymuş, özü də öz maşınını idarə etməklə onun ardınca xəstəxanaya getmişdir. Az sonra xəstəxanaya polis əməkdaşları gəlmişlər, o, sənədlərini təqdim edib hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlib hadisənin baş verdiyi yeri göstərmiş, baxış keçirilməsində iştirak etmişdir. Bundan sonrakı 2 gün ərzində özü və valideynləri həmin qadının müalicəsi üçün bütün yardımları göstərmişlər, lakin buna baxmayaraq xx.xx.2022-ci ildə sonradan adını bildiyi Zərərçəkmiş şəxs 3 saylı ŞKX-da öldüyünü bilmişdir. Bundan sonra da yas mərasimində iştirak edib dəfn xərclərini ödəmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 bildirmişdir ki, 19 mart 2022-ci il tarixdə Əmircan qəsəbəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən 21 mart 2022-ci ildə xəstəxanada ölmüş Zərərçəkmiş şəxs onun bacısıdır. Bacısı subay olmaqla onunla bir evdə yaşayıb, heç bir yerdə işləmirdi. 19 mart 2022-ci il tarixdə saat 18 radələrində ona məlumat verdilər ki, bacısı Qaratel Əmircan qəsəbəsində yolu keçərkən onu nəqliyyat vasitəsi vurub, bacısı xəsarət alaraq xəstəxanaya aparılmışdır. Dərhal xəstəxanaya getmiş, məlum olmuşdur ki, Qaratel koma vəziyyətində reanimasiya şöbəsindədir. Orada həmçinin məlum olmuşdur ki, bacısını Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 290” markalı l0SS873 dövlət qeydiyyat nişanlı avtomobillə vurmuş və dərhal xəstəxanaya gətirmişdir. Sürücü Təqsirləndirilən şəxs bacısının müalicəsi üçün bütün yardımları göstərmiş, lakin buna baxmayaraq 21 mart 2022-ci ildə bacısı xəstəxanada ölmüşdür. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və qohumları yas mərasimində iştirak etmişlər, lazım olan dəfn xərclərini ödəmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 08 iyul 2022-ci il tarixli 8/1690 saylı nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əssən Mercedes Benz E290 markalı, 10SS873 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 21 mart 2022-ci il tarixli 47 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs Haşım qızının bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağının kəllə əsasına keçən sınıqları, hər iki ağciyərin əzilməsi, pnevmosefaliya, sol gicgah-təpə nahiyəsinin əzilmişcırılmış yarası. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 19 mart 2022-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Q.H.Abbasovanın ölümünə ağır açıq kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 21 mart 2022-ci il tarixdə saat 18:00-da baş vermişdir, hansıki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, hadisədən bilavasitə sonra və daha sonralar zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfn və yas mərasimlərinin xərclərini qarşıladığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 2 nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-336/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-336/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver