Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-339/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 14 avqust 1969-cu ildə İmişli rayonu, Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 aprel 2022-ci il tarixdə saat 21 radələrində özünə məxsus və saz vəziyyətdə olan “Mercedes Benz E220” minik markalı 99CR143 dövlət qeydiyyat nişanlı avtomobili “Koroğlu” metro stansiyası istiqamətindən üzü Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətində 100-110 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbrini pozmuş, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu tələblərə riayət etməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Aeroport yolunda yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq idarə etdiyi avtomobilin ön sağ künc hissəsi ilə hərəkət istiqamətinin sağ tərəfindən sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, sol baldır sümüklərinin çoxqəlpəli qapalı qəlpəli sınıqları, sol ağciyərin, dalağın cırılması, bədənin çoxsaylı sıyrıqları, qançırı və əzilmiş-cırılmış yaraları ilə nəticələnən sağlamlığa ağır zərər vurulmaqla ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 30 aprel 2022ci ildə təxminən saat 20 radələrində “Mercedes Benz E220” minik markalı 99CR143 dövlət qeydiyyat nişanlı avtomobillə dörd nəfər tanımadığı sərnişin götürdükdən sonra üzü Mərdəkan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışdır. “Komsomol” dairəsini keçdikdən sonra “Viola” gül salonuna çatmağa bir az qalmış soldan birinci hərəkət zolağı ilə 100-110 km/saat sürətlə hərəkət edən zaman ondan təxminən 10-15 metr irəlidə kiminsə yolu tən ortadan keçən dəmir arakəsmədən adlayıb keçdiyini görmüşdür. Təxminən 15 metr getmişdir ki, qəflətən avtomobilinin sağ künc hissəsi ilə bir nəfəri vurmuş və vurduğu piyada avtomobilin ön alın şüşəsinə dəyib qabaqda yerə düşmüşdür. O, dərhal avtomobilin əyləcini sıxmış və avtomobili dayandırmışdır. Həmin yol sürətli olduğu üçün və avtomobillər çox olduğuna görə avtomobili tam kənara çəkə bilməmişdir. Avtomobildən düşüb arxaya yaxınlaşdıqda bir nəfər qadının yerdə uzanmış halda olduğunu görmüşdür. Bu zaman tanımadığı bir nəfər kişi həmin qadına yaxınlaşmış və həyat yoldaşı olduğunu bildirmişdir. O, özünü itirdiyi üçün ətrafa toplaşan şəxslərə TTY-a və polisə zəng etmələrini bildirmişdir. TTYS-nin əməkdaşları və polis əməkdaşları hadisə yerinə gəlmiş və o, özünü təqdim edərək hadisəni törədən sürücü olduğunu bildirmişdir. TTYS-nin həkimləri vurduğu piyada qadını yoxladıqdan sonra artıq vəfat etdiyini bildirdilər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı olmuşdur. 30 aprel 2022-ci il tarixdə axşam təxminən saat 21-22 radələrində yaşadığı evdə olan zaman Lənkəran rayonunda yaşayan anası onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq bacısının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində aeroport yolunda yolu piyada keçən zaman avtomobil ilə vurulması barədə məlumat vermişdir. O, hadisə yerinə gəlmiş, lakin hadisə yerində heç kim olmamışdır. Bundan sonra ona məlumat verildi ki, bacısı Elnarə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. O, dərhal Suraxanı rayonunda yerləşən morqa gəlmiş və bu faktı dəqiqləşdirmişdir. Daha sonra isə bacısı Zərərçəkmiş şəxs nəşini morqdan təhvil alaraq valideynlərinin yaşadığı Lənkəran rayonu, Nərimanabad 2 kəndinə aparıb orada dəfn etmişlər. Hadisə günü yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs qohumları onlara başsağlığı üçün gəlmişlər və yas məclisi üçün bütün zəruri xərcləri ödəmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 20 iyun 2022-ci il tarixli 8/1307 saylı nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz E220 markalı, 99CR143 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 30 aprel 2022-ci il tarixli 64 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları, sol baldır sümüklərinin çoxqəlpəli qapalı qəlpəli sınıqları, sol ağciyərin, dalağın cırılması, bədənin çoxsaylı sıyrıqları, qançırları və əzilmiş-cırılmış yaraları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissəsinin təsiri nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 30 aprel 2022ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları, sol ağciyərin, dalağın cırılması nəticəsində inkişaf etmiş zədə şoku, qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 2-4 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfn və yas mərasimlərinin xərclərini qarşıladığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində 3 nəfər azyaşlı uşağının olmasını və İİ-ci qrup əlil olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-339/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-339/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver