Məhkəmə qərarları › İş №1(010)-34/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-34/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-34/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, vəkil Nümayəndə, təqsirləndirilən şəxs müdafiəçiləri X4 və Müdafiəçi iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, «Qum Adası», nömrəsiz evdə yaşayan, Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli qərarı ilə barəsində əvvəli 08 iyul 2020-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş və 08 iyul 2020-ci ildən etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyul 2020-ci ildə saat 01:47-də etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Qum Adası» istiqamətindən Hövsan kəndi istiqamətində saatda 70 km/s sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin İV hissəsinin tələblərini pozmuş, yəni idarə etdiyi avtomobillə yolun əks hərəkət istiqamətinə çıxaraq yolun sol hissəsi ilə onunla eyni istiqamətdə velosipedlə hərəkət edən 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən xəsarətlər alaraq hadisə yerində ölmüş, Təqsirləndirilən şəxs isə həmin yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.2-cü maddəsi ilə təqsirli bilib, 264-cü maddəsi ilə təqsirli bilməyərək qeyd etmişdir ki, “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə arvadının xalası oğlu Şahid2 məxsusdur. O (təqsirləndirilən şəxs) həmin avtomobili Şahid2 tərəfindən verilmiş etibarnamə əsasında idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. Lakin faktik olaraq avtomobili Şahid2 icarəyə götürüb. Danışıqları belə olub ki, hər ay 400 manat icarə haqqı ödəyəcək, ümumilikdə 8.000 manat ödədikdən sonra isə avtomobili öz mülkiyyətinə keçirəcəkdir. 07 iyul 2020-ci ildə saat 18 – 19 radələrində arvadını və uşaqlarını da götürüb Rahilgilə getmişdir. Arvadının qohumları, yəni xalası və dayısı uşaqları bir həyətdə yaşayırlar. Arvadının qohumlarıgilə getməkdə məqsədi həmçinin ondan ibarət olub ki, Rahilə borclu olduğu 400 manat icarə haqqını versin. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, diabet xəstəsidir. Rahilgildə bir qədər oturduqdan sonra şəkəri qalxaraq halı pisləşmiş, bu səbəbdən ailəsi ilə birlikdə evə qayıtmaq qərarına gəlmişlər. Lakin həmin vaxt halı pis olduğundan “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobili özü deyil, Şahid2 idarə etmişdir. Bu avtomobilə həmçinin arvadı, 3 qızı və 1 oğlu əyləşmiş, özü isə digər avtomobillə arvadının qohumları İsmayıl, Anar və Rəşadla birlikdə evə qayıtmışdır. Evə qayıtdıqları vaxt yolda, «Gülay market»in qarşısında dayanmışlar. O, avtomobildən enib ayaqyoluna getmiş, həmçinin ev üçün müəyyən ərzaqlar almışlar. Hamısı evə çatdıqda arvadının qohumları onlarda bir qədər qonaq olmuşlar. Qonaqların spirtli içki içmək istəyə biləcəklərini düşünüb oğlunu və qızını mağazaya göndərmiş, sonuncular lazım olanları alıb geri qayıtmışlar. Lakin qonaqlar spirtli içki içməmiş, bir qədər oturduqdan sonra durub getmişlər. Bundan bir az sonra, yəni 08 iyul 2020-ci ildə saat 01.40 radələrində oğlu Şahid3 ilə birlikdə “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxmışdır ki, özü üçün siqaret alsın. Avtomobili özü idarə edib. Oğlu Həci isə arxa sərnişin oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs bildirir ki, «Gülay market» evinə yaxın ərazidə yerləşir. Həmin marketdən siqaret almaq üçün Hövsan kəndi istiqamətində hərəkət etmişdir. Məqsədi bu idi ki, hərəkət etdiyi istiqamətə nəzərən yolun sol tərəfində yerləşən «Gülay market»dən bir qədər irəli – Hövsan kəndi istiqamətində gedib sonra geriyə dönsün və marketdən siqaret alıb evinə qayıtsın. Lakin avtomobili marketin qarşısı ilə üzü Hövsan kəndi istiqamətində idarə edərkən şəkərli diabet xəstəliyi ilə əlaqədar halı qəfildən növbəti dəfə pisləşmiş, idarəetməni itirmiş və avtomobil sola istiqamətlənərək əks hərəkət zolağına çıxmışdır. Bu zaman avtomobilin ön sol hissəsi nəyəsə dəymiş, eyni anda vurduğu həmin əşya qalxaraq avtomobilin ön şüşəsini çatlatmışdır. Oğlu Həci ondan nə baş verdiyini soruşmuş, cavabında bildirmişdir ki, deyəsən velosiped vurub. Avtomobili saxlamayaraq bir qədər də irəliləmiş, lakin avtomobilin altında nəyinsə yerə sürtüldüyünü hiss edib onu dayandırmışdır. Yerə endikdə görmüşdür ki, idarə etdiyi “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobilin ön bamperinin altına bir velosiped ilişib qalıb. Qeyd edir ki, «Gülay market»in yanında adamlar çox vaxt velosipedlərini saxlayıb gedirlər. Ona görə də düşünmüşdür ki, yəqin dayanmış velosipedlərdən birini vurub. Velosipedin sahibini sonradan tapıb, onunla danışacağını düşünərək velosipedi avtomobilinin ön bamperinin altından çıxarıb baqaja qoymuş, oğlu Həcini ara yolla piyada evə yola salmış, özü isə polis tərəfindən saxlanılmasın deyə avtomobilini bir avtomobil təmiri yerinə tərəf sürüb onun yanında saxlamışdır. Avtomobili evinə aparmamaqda məqsədi bu olub ki, polis avtomobilin zədəli vəziyyətdə olduğunu görüb ona «ilişməsin». Bir müddət sonra arvadının xalası oğlu ona zəng edərək polis əməkdaşları tərəfindən axtarıldığını bildirmiş, o bunu bilib polis bölməsinə getmişdir. Təqsirləndirilən şəxs qeyd edir ki, hadisə vaxtı adam vurduğunu bilməyib. Əgər bilsəydi ona yardım etmək üçün özündən asılı olan hər şeyi edərdi. Zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışıq əldə etməyə çalışmış, lakin sonuncular həddindən çox pul tələb etdiklərinə baxmayaraq buna nail ola bilməmişdir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bağlı əməlindən peşmandır. Eyni zamanda ona həmin Məcəllənin 264-cü maddəsi ilə bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 bildirmişdir ki, yolnəqliyyat qəzası nəticəsində ölmüş xx xxxxxx 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs onun əridir. Ərinin avtomobillə vurulması barədə ona qonşusu məlumat vermiş, bunu eşitdikdən sonra hadisə yerinə getmişdir. Qeyd edir ki, təqsirləndirilən şəxsin özü və ya qohumları ona heç bir maddi yardım göstərməmiş, mərhumun qəbir daşının götürülməsinə belə kömək göstərməmişlər. Onlar yalnız 3.500 manat miqdarında yardım göstərə biləcəklərini deyiblər. Bu puldan imtina edib. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan ən ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 07 iyul 2020-ci ildə saat 20 radələrində əri və 4 uşağı ilə birlikdə xalası oğlu Şahid2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinə getmişlər. Orada olduqları vaxt dayısı İsmayıl da Rahilgilə gəlmişdir. Sonra Rahil də işdən gəlmiş, onlarla salamlaşıb paltarını dəyişmək üçün evə daxil olmuşdur. Bir az keçmişdir ki, Səxavətin şəkəri qalxmış və halı pisləşmişdir. Ona görə də evə qayıtmaq qərarına gəlmişlər. Rahilgildən çıxdıqları vaxt Səxavətin halı pis olduğundan Rahil ondan açarları alaraq “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edəcəyini bildirmişdir. Bir az sonra dayısı İsmayılın kürəkəni Anar və oğlu Rəşad gəlmişlər. Qərara gəlmişlər ki, hamısı birlikdə onların (təqsirləndirilən şəxsin) evinə getsinlər. Rahil “Mercedes C220” markalı 10UJ224 nömrə nişanlı avtomobili idarə etmək üçün sükanın arxasına oturmuşdur. Həmin avtomobilə həmçinin o, və uşaqları əyləşmişdir. Əri Səxavət isə dayısı İsmayılın qara rəngli “Mercedes C220” markalı avtomobilində oturmuşdur. Bu avtomobildə dayısı İsmayıldan və əri Səxavətdən başqa Anar və Rəşad olublar. Həmin avtomobili Rəşad idarə edib. Beləliklə, iki avtomobillə yaşadıqları ev istiqamətində getmişlər. Evə çatmağa az qalmış Rahildən xahiş etmişdir ki, «Gülay market»in qarşısında avtomobili dayandırsın. Rahil həmin yerdə avtomobili dayandırmış, oğlu Həci isə marketə girib oradan çörək və siqaret almışdır. Həci mağazadan çıxdığı vaxt Rəşadın idarə etdiyi avtomobil də onlara yaxınlaşaraq dayanmış, bu zaman Səxavət avtomobildən enib yolun qarşı hissəsinə keçmişdir. Həci avtomobilə oturmuş və onlar yaşadıqları evə getmişlər. Evə çatdıqdan bir az sonra Səxavət, İsmayıl Anar və Rəşad da evə gəlib çatmışlar. Rahil Səxavətdən marketin yanında avtomobildən enib hara getdiyini soruşmuş, cavabında sonuncu bildirmişdir ki, tualet axtarırdı. Qonaqlar evdə olduqları vaxt Səxavət Həciyə tapşırmışdır ki, gedib marketdən araq alsın. Lakin Həci qayıdanadək Rahil və digərləri artıq evlərinə getmək üçün ayağa qalxmışlar. Qonaqları yola saldıqdan bir neçə dəqiqə sonra, 08 iyul 2020-ci ildə saat 01:40 radələrində Səxavət mağazaya getmək üçün evdən çıxmışdır. Oğlu Həci də həmin vaxt “Mercedes Benz C220” minik markalı 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına oturub atası ilə birlikdə getmişdir. Saat 04 radələrində polisdən zəng gəlmiş və ona Səxavətin qəza törətdiyi və hadisə yerindən qaçdığı barədə məlumat verilmişdir. Qeyd edir ki, oğlu Həcinin evə nə vaxt gəldiyini bilməyib, lakin hadisə barədə eşitdikdə baxıb görmüşdür ki, uşaq öz yerində yatıb. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi X3 iştirakı ilə şahid qismində dindirilmiş xx xxxxxx 2006-cı il təvəllüdlü Şahid3 atası Təqsirləndirilən şəxs və anası Şahid4 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Qeyd edir ki, atasının idarə etdiyi avtomobildə ön oturacaqlarla arxa oturacaqlar arasında sellofan olduğuna görə hadisənin necə baş verdiyini görməyib. Eyni zamanda bildirir ki, «Gülay market»in qarşısından keçdikləri vaxt avtomobil qəfildən sola istiqamətlənmiş və o, güclü səs eşitmişdir. Bununla bağlı atasından nə baş verdiyini soruşduqda sonuncu bildirmişdir ki, deyəsən velosiped vurub. Onlar bir qədər irəlilədikdən sonra atası avtomobili dayandırmış, yerə endikdə avtomobilin ön buferinin altında velosiped qaldığını görmüşlər. Atası ona bildirmişdir ki, velosipedi sabah düzəltdirib sahibinə qaytaracaq, ona isə ara yolla evə getməsini tapşırmışdır. Bundan sonra evə gedərək yatmış və hadisə barədə heç kimə söz deməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs və Şahid4 bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Qum Adası»na gedən yolda yerləşən «Gülay market»də satıcı işləyir. Qeyd edir ki, 07 iyul 2020-ci ildə gecə vaxtı marketin qarşısında bir «Mercedes» markalı avtomobil dayanmış və qonşuluqda yaşayan Səxavətin oğlu həmin avtomobildən enərək marketdən çörək və siqaret alaraq getmişdir. Bir az sonra Səxavətin oğlu və qızı yenə də marketə gəlmiş və hazırda xatırlamadığı ərzaqlar, həmçinin plastik butulkada pivə alıb getmişlər. Daha sonra yəni saat 01:30 dəqiqədə uşaq yenidən qayıtmış, bu dəfə 0,5 litr “Belıy Volk” arağı alıb getmişdir. Bundan təxminən 10 – 15 dəqiqə keçmişdir ki, marketin qarşısından yüksək səs gəldiyini eşitmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxmış, lakin heç nə görməyib geri qayıtmışdır. Bundan sonra marketdə quraşdırılmış kameraların görüntülərinə baxaraq görmüşdür ki, bir avtomobil velosipedçini vuraraq hadisə yerindən uzaqlaşıb. Ona görə də yenidən çölə çıxmış ətrafa baxdıqda avtomobillə vurulmuş velosipedçinin qonşuluqda yaşayan Roman olduğunu görmüşdür. Bundan dərhal sonra TTYS-na zəng edərək həkim çağırıb. Məhkəmə ittiham və müdafiə tərəfini, həmçinin şahidləri dinləyib, cinayət işinin materiallarını, işin faktik hallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilmədiyinə baxmayaraq, onun ittiham aktının nəticəvi hissəsində təsvir olunmuş hər iki cinayət əməlini törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. İşin faktik hallarından, o cümlədən hadisənin iş materiallarına əlavə edilmiş videogörüntüdən açıq aşkar görünür ki, Təqsirləndirilən şəxs tərəfindən idarə olunan avtomobil yolun əks hərəkət istiqamətinə çıxıb yolun sol hissəsi ilə onunla eyni istiqamətdə hərəkət edən velosipedçini vurmuşdur. Təqsirləndirilən şəxsin elə öz etirafından da görünür ki, o, idarə etdiyi avtomobili bir qədər irəlidə dayandırmış, avtomobilin ön buferinin altında qalmış velosipedi götürərək avtomobilin baqajına qoymuş, sonra uşağını piyada, ara yolla evə göndərmiş, daha sonra isə avtomobili avtomobil təmiri sexinin yanına sürərək orada saxlamışdır. Təqsirləndirilən şəxsin və arvadının ibtidai istintaq dövründə bildirdiklərindən görünür ki, təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra evə qayıtmayıb. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin müvafiq anda velosipedçini vurduğunu dərk etməməsi inandırıcı sayıla bilməz. Bu onun sonrakı hərəkətləri ilə də təsdiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs velosipedçini vurduğunu tam dərk etmiş, eyni zamanda cinayət məsuliyyətindən yayına biləcəyinə ümid edərək, cinayətin izlərini itirmək məqsədilə velosipedi avtomobilin baqajına qoyub, uşağını ara yolla evə göndərmiş, sonra isə eyni məqsədlə avtomobilini təmir etdirmək üçün onu təmir sexinin yanına aparmışdır ki səhər açıldıqda təmir etdirsin. Təqsirləndirilən şəxsin hadisə yerindən qaçmaq məqsədi olmasaydı, o, hadisə yerinə qayıdıb hadisənin nəticələrini aydınlaşdıra bilərdi. Göstərilənləri və işin digər faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin bildirdikləri cinayət məsuliyyətindən yayınmaq məqsədi güdməklə müvafiq hissədə işin faktik hallarını düzgün əks etdirmir. Təqsirləndirilən şəxsin ittiham aktında təsvir olunmuş cinayət əməllərini törətməsi faktı iş üzrə toplanmış sübutlar, o cümlədən işə əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. 10 iyul 2020-ci il tarixli 8/1014 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C220 markalı, 10UJ224 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur». Meyitin ekspertizası ilə bağlı 06 avqust 2020-ci il tarixli 82 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Mərhum Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin cavabına əsasən, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – baş beynin əzilməsi, ənsə-təpə sümüyünün çoxqəlpəli və üst çənə sümüyünün qapalı sınıqları, başın və bədənin çoxsaylı əzilmiş yaraları və sıyrıqları həyatı olub, bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 08.07.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. «. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu açıq kəllə beyin travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm meyitin meyitxanada müayinəsindən 4-6 saat əvvələ uyğun gələ bilər. 3. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində 0,62% etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir (29.07.2020-ci il tarixli 2008/K saylı akt)». Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq cinayət törətdiyini, cinayətini qismən də olsa etiraf etdiyini və peşman olduğunu, evli olmaqla himayəsində dörd nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan bir ədəd “Pelikaan” markalı velosiped zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış ümumilikdə üç ədəd DVD disk və bir ədəd «fləş kart» iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş əsas və əlavə cəzaları Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 iyul 2020-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan bir ədəd “Pelikaan” markalı velosiped zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış ümumilikdə üç ədəd DVD disk və bir ədəd «fləş kart» iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar