Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-341/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda çəkisi 1, 029 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində istintaqa məlum olmayan mənbədən 20 manata əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yanvar 2025-ci il tarixdə saat 19:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi 17 saylı binanın yaxınlığında olan zaman saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 1,029 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə günorta saatlarında Qaraçuxur qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən 20 manata öz şəxsi istehlakı üçün patı kimi tanıdığı narkotik maddəni alaraq əynindəki tünd göy rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan istiqamətində hərəkət edərkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ondan özünü təqdim etməyini tələb etmişlər. O, da özünü olduğu kimi təqdim etmişdir. Onun narkotik vasitələri və psixtrop maddələrin dövriyəsində şübhəli olduğunu bildirərək ona üzərində narkotik vasitə olub olmadığını varsa təqdim etməyini təklif etmişlər. O, da əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində patı kimi tanıdığı narkotik maddə olan 01 ədəd şəffaf sellofan bükümü həmin əməkdaşlara təqdim etmişdir. Sonra paltarlarını axtarmağa başlamışlar. Arxa yan sağ cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Götürülmüş 01 ədəd içərisində patı olan şəffaf sellofan büküm 01 ədəd boş zərfə, götürülmüş mobil telefon isə digər boş zərfə qoyularaq qablaşdırılmışdır. Üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi izahatı təsdiqləmiş, az-az istifadə etdiyini, daimi istifadə etmədiyini bildirmişdir. O, məhkəmə iclasında suallara cavab verərək bildirmişdir ki, ailəlidir, 2 övladı var, fəhlə işləyir. O, sonuncu dəfə tutulmamışdan əvvəl 20 manat məbləğə alıb istifadə etdiyini bildirdi. Onu tutulduqdan sonra ekspertizadan keçirtmişlər, ekspert rəyində marixuana, metamfetamin yazılıbsa, elə olub. O, tutulduğu vaxt tək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 22 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsinin yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsinin yaxınlığına getmişlər. Həmin vaxtı, yəni saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yem Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 17 saylı binanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib saxlanıldığı yerdə üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs da üzərində bır büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin şalvarın arxa yan sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Həmin büküm açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini 22 yanvar 2025-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparılmış və təhqiqatçı Zaur Şirinova təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən saat 20:55-də üzərinə baxış keçirildikdə yolda Təqsirləndirilən şəxs götürdükləri psixotrop maddə metamfetamini təqdim etmişlər. Bunlar barədə protokol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili polis mayoru Şahid3 və əməliyyat müvəkkili, polis kapitanı Şahid2 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xususatları təsdiq etmişlər. Cinayət işinin 30-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 54-55-ci vərəqlərində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərara əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunması, qərarın sürəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Suraxanı Rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 73-74-cü vərəqlərində olan xx.xx.2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə dair Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Çərkəz Pənahovun vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həbsdən azad edilərək barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 76-77-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 41-44-cü vərəqlərində olan cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 6/333 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DİN “Arayışlar üçün N 171” möhür əksi, “Şübhəli şəxs/imza/ Təqsirləndirilən şəxs: ə/m polis mayoru /imza/ Şahid3, s/i polis kapitanı /imza/ Şahid2, Tərtib etdi: /imza/ ə/m Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 1,029 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi-1,029 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq-0,979 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 115-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Publik Hüquqi X4-Narkoloji tibbi yoxlama ekspertizasının xx.xx.2025-ci il tarixli 415 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sondromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 82-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Suraxanı RPİ nin 33-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Suraxanı RPİ-nin 33-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi 17 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib üzərində baxış aparılacağını bildirirlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Bundan sonra ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilir və olduğu halda çıxarıb təqdim etməyi təklif olunur. Təqsirləndirilən şəxs da əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edir. Bundan sonra üzərinə baxış keçirilərkən həmin şalvarının arxa yan sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Həmin an içərisində nə olması barədə soruşulur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddə metamfetaminı Suraxanı Qaraçuxur qəsəbəsindən tanımadığı şəxsdən 20 manata alaraq saxlayıb üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm götürülərək qablaşdırılır. Cinayət işinin 83-cü vərəqində olan “telefona baxış keçirilməsi haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahov xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı telefonun yaddaşında iş üçün əhəmiyyətli ola biləcək zənglər, SMS yazışmaları və ya şəkillər müəyyən edilməmişdir. Cinayət işinin 84-cü vərəqlərində olan iş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 04 il azadlıqdan məhrum etmə cəzasına və 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2011-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 06 ay 10 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 047787 seriyalı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X2 adında və 4 saylı Bakı “ASAN Xİdmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 593794 seriyalı, xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 adında 2 azyaşlı övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 1,029 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı övladının olması yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, əməlindən səmimi peşman olmasına, 2 azyaşlı övladının olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdən – 24 yanvar 2025-ci il tarixədək, şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə məhv edilməli (CPM-132), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarının 2-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxsya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatı üçün 110 (bir yüz on ) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdən – 24 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün müddət ona təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,979 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 110 (bir yüz on ) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h- **********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab- ********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-341/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-341/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver