Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-342/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, Suraxanı Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində əvvəli 19 aprel 2022-ci il tarixindən hesablanmaqla 04 ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarına əsasən “həbs” növündə qətimkan tədbiri eyni müddətdə “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş (Suraxanı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin «ev dustaqlığı»nda saxlanılması müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək uzadılmışdır), Suraxanı Rayon Məhkəməsinin hazırlıq iclasının 25 avqust 2022-ci il tarixli qərarı ilə “ev dustaqlığı” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 aprel 2022-ci il tarixdə saat 14:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 3 saylı binanın yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynindəki boz rəngli idman şalvarının sağ cibindən 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,165 qram və 1,383 qram, ümumi təmiz çəkisi 2,548 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) bükümdə təmiz çəkisi 0,675 qram təşkil edən psixotrop maddə metamfetamin, həmçinin əynindəki gödəkcənin sağ yan cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2 ilə yaxındır “kakos” adı ilə tanıdığı narkotik vasitədən istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 19 aprel 2022-ci il tarixdə internet vasitəsi ilə tanımadığı şəxsin hesabına 50 manat pul köçürərək onun dediyi yerdən 3 bükümdə narkotik vasitə götürmüşdür. Həmin bükümlərdən ikisinin içərisində «kakos» kimi tanıdığı heroin, birinin içərisində «patı» adı ilə tanıdığı narkotik maddə olmuşdur. Həmin bükümlərdəki narkotik vasitəni şalvarının cibinə qoyub yaşadığı evə gedərkən saat 14:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 3 nömrəli binanın qarşısında olduğu zaman ona 2 nəfər özlərini polis əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxs yaxınlaşdı. Həmin vaxt polis əməkdaşları sənədlərini təqdim etməyini təklif etdikdə üzərində narkotik maddə olduğuna görə özünü itirmiş və həyəcanlı olduğunu büruzə vermişdir. Bundan şübhələnən polis əməkdaşları sorğu-sual edərək onu polis bölməsinə dəvət etdilər. Polis bölməsində şəxsiyyəti müəyyən olunduqdan sonra videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdilər. Tərcüməçi və müdafiəçi dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirdilər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, da əynində olan boz rəngli idman şalvarının sağ cibində içərisində narkotik vasitə və psixotrop maddə olan 03 ədəd bükümü təqdim etmişdir. Bundan başqa gödəkcəsinin sağ cibində olan mobil telefonu və elektron tərəzini çıxarıb təqdim etmişdir. Aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol, qablaşdırılmış zərf o, və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Əməlindən peşmandır. Şahid1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Suraxanı RPİ-nin 33-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 aprel 2022-ci ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində «Qriqoriy» adlı şəxsin üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, polis bölməsinin rəisinə raportla müraciət etmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edərək bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 19 aprel 2022-ci il tarixdə saat 14:30 radələrində əməliyyat müvəkkili Şahid2la birlikdə Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsinə gəlmişlər. 3 saylı ünvanın qarşısında məlumatda bildirilən əlamətlərə görə Qriqoriy adlı şəxslə rastlaşaraq onu Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə dəvət etdilər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi baş təhqiqatçı Polad Qasımlıya həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmiş, həmin bükümlər açıldıqda ikisinin içərisində qəhvəyi rəngli tozşəkilli, birinin içərisində ağ rəngli kristal şəkilli maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin nə olmasını və hansı yolla əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümlərdən ikisində «kakos», birində isə «patı» kimi tanıdığı maddələr olduğunu və həmin maddələri internet vasitəsi ilə tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Bundan əlavə həmin şalvarın sol yan cibindən 1 ədəd mobil telefonu və əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 2 zərfə qablaşdırılıb Suraxanı Rayon Polis İdarəsinin 33-ci polis bölməsinin 171 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxsin ittiham aktının nəticəvi hissəsində göstərilən cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı və şahid ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 20 aprel 2022-ci il tarixli 6/2240 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 171” möhür əksi, «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, imzalar olan 2 ədəd kağız paketdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0,675 qram ağ rəngli, krstalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,165 qram; 1,383 qram, ümumi təmiz çəkisi 2,548 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 02 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər paketdəki elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. 03 iyun 2022-ci il tarixli 2937 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmaması nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayət əməlini səmimi etiraf etdiyini və peşman olduğunu, himayəsində 1 nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmadan islah edilməsi mümkün deyil. Bu səbəbdən ona hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,448 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 0,625 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 aprel 2022-ci il tarixindən 25 avqust 2022-ci il tarixinədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay 06 (altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 11 noyabr 2022-ci ildən hesablansın. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,448 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin və 0,625 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-342/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-342/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver