Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-342/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin inzibati binasında Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Ağcabədi rayonu, Rəncbərlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan və Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi nömrəsiz evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,554 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:20 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli olduğu üçün PB-nə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əyində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,554 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində tanışları ilə görüşmək üçün «Neftçilər» metorsu tərəfə getmiş, orada gəzişərkən yerdə bükülü vəziyyətdə bir büküm tapmış, bükümü açdıqda içərisində psixotrop maddə olduğunu görüb cibinə qoymuş, oradan uzaqlaşmış və fikirləşmiş ki, sonra istifadə edər. Ona görə də psixotrop maddə metamfetamini üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta məktəbin yaxınlığında ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və ona özlərini təqdim etmişlər. Daha sonra isə ərazidə baş vermiş oğurluqda şübhəli olduğu üçün onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O, polis bölməsində olan zaman üzərində psixotrop maddə metamfetamin olduğunu bildirdikdən sonra, onun hüquqlarını təmin etmək məqsədi ilə vəkil dəvət olunmuşdur. Daha sonra isə ona təklif olunmuş ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və sənəd varsa təqdim etsin. O da əynində olan qara gödəkçəsinin sağ cibindən 01 ədəd “Samsunq” markalı mobil telefonu və üzərində saxladığı bir bükmü içərisində psixotrop maddə olan metamfetamini çıxararaq təqdim etmişdir. Bundan sonra ondan aşkar olunmuş psixotrop maddə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərf və protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. Onun narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin, daşınmasının qadağan olunması barədə məlumatı olmuşdur. Onun üzərində psixotrop maddə olmağı və saxlamğı barədə heç kimin məlumatı olmamışdır. O üzərində aşkar olunan psixotrop maddə metamfetamindən istifadə edə bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ilkin məhkəmə iclaslarında təqsirli bilmədiyini, daha sonra yekun məhkəmə iclasında əməlini etiraf edərək özünü təqsirli bildiyini, etdiyi əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağının olmasını və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda baş vermiş mənzil oğurluğu ilə bağlı keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs həmin gün saat 22:10 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 146 saylı tam orta məktəbin yaxınlığında tərəflərindən şübhəli şəxs qismində saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin nöbətçi hissəsinə üzərində şəxsi axtarış keçirilməsi üçün təhvil verilərkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra tərəflərindən bölmənin rəhbərliyinə raportla müraciət olunmuş və materialın araşdırılması təhqiqatçıya həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona təklif olunmuş ki, üzərində saxladığı qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etsin. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd Samsunq markalı mobil telefon və həmin cibindən sellofana bükülmüş, içərisində ağ rəngli spesifik qoxuya malik 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin olduğunu həmin maddəni neftçilər adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatları olmamış həmin xüsusatla bağlı tərəflərindən tədbirlər davam etdirilr. Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdə ünvan 2 ünvanda baş vermiş mənzil oğurluğu ilə bağlı şübhəli olduğu üçün tərəflərindən şübhəli şəxs qismində saxlanmış, lakin qeyd olunan oğurluq cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən onlara qarşı hər hansı bir müqavimət və ya zor tətbiq etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, 01 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı RPİnin 32-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Hüseyn Əliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub saxlanılmışdır. İş matetiallarından görünür ki, 03 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, 03 yanvar 2024-cü il tarixində barəsində “həbs” qismində qətimkan tədbirinin seçilməsi üçün Bakı şəhəri Suraxanı Rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, Bakı şəhəri Suraxanı Rayon prokuroru baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən həmin vəsatətin təmin edilməməsi barədə qərar qəbul olunmuş, buna görə də, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-6/05 saylı 02 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,554 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 383 saylı 23 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan AZE MİS məhkəmə portalından müəyyən olunur ki, 10 mart 2015-ci il təvəllüdlü X5 və 28 oktyabr 2017-ci il təvəllüdlü X1 İntiqam Gürşad oğlunun uşaqlarıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İİ siyahısının 67-ci bəndinə əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla ayrı-ayrılıqda yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvəllər məhkum olunmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ilk dəfə az ağır cinayət törətməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 43-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə, təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 01 yanvar 2024-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan və təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması barədə 03 yanvar 2024-cü il tarixli qərardan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin qətimkan tədbirinin seçilməsi haqqında eyni tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, 03 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqəti Saxlanılma Yerindən azad edilməsi qərara alınmış və bundan sonra Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təmiz çəkisi 0,554 qram narkotik vasitə olan metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdən 03 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,554 qram olan narkotik vasitə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-**********1300204113, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-342/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-342/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver