Məhkəmə qərarları › İş №1(010)-343/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-343/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-343/2022 05.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən fərdi yaşayış evində birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs onlarla birlikdə yaşayan azyaşlı nəvəsi Özgürün nə səbəbdən evdə olmadığını soruşmuş, zərərçəkmiş şəxsin “uşağı anası Aytac gəlib öz evinə apardı” deməsi səbəbindən aralarında mübahisə yaranmış, həmin mübahisə zəminində təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 20 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, evə gəldiyi zaman mağazadan spirtli içki alaraq yemək yeyərkən spirtli içkini qəbul etmişdir. Arvadı Xəyalə həmin gün işlətdiyi mağazadan evə saat 22:30 radələrində gəldiyi zaman arvadından onlarla birlikdə yaşayan nəvəsi Özgürün nə səbəbdən evdə olmadığını soruşmuş, arvadı da nəvəsini qızı Aytacın gəlib öz evinə apardığını demişdir. O, da əsəbiləşərək əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Əməlindən peşmandır. Hazırda barışdıqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli 838 saylı ekspertiza rəyindən görünür ki, 1978-cü il təvəllüdlü Zərərçəkmiş şəxs başın alın və sağ gicgah nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması və sıyrıqları; ağrı sindromu ilə müşayiət olunan sol əlin 4-cü barmağının dırnaq və orta falanqasının yumşaq toxumasının qançırı; çənəaltı nahiyənin, sağ diz oynağı nahiyəsinin, hər iki diz oynağı nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim edib. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar