Məhkəmə qərarları › İş №1(010)-348/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-348/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-348/2023 28.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Suraxanı Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 21 dekabr 2022-ci ildən hesablanmaqla «həbs» növündə qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarı ilə «həbs» növündə qətimkan tədbiri 10 mart 2023-cü ilədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş (Suraxanı Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 30 mart 2023-cü ilədək uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan idarə etdiyi X3 mülkiyyətində olan “Mercedes E220 CDİ” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq yəni, “3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə sürət həddi 40 km/saata qədər məhdudlaşdırılmış yolda avtomobili 40-45 km/saat sürətlə idarə edərək həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməmiş, yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs huşun komatoz tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, sağdan Vİİİ-İX qabırqaların qapalı sınıqları və ağ ciyərin əzilməsi, başın alın və ənsə nahiyəsinin sağ yan səthinin, üzün və çənəaltı nahiyyələrin sıyrıqlarından ibarət dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətinə malik xəsarətlər yetirməklə, həmin xəsarətlər fonunda inkişaf edən baş beyinin travmatik ödemi və ağ ciyər ödemi səbəbindən zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixdə saat 09:30-da xəstəxanada ölümə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmiş, hadisədən sonra həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən yol- nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 23 oktyabr 2022-ci il tarixdə təxminən saat 19:40 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə anası X3 mülkiyyətində olan “Mercedes Benz Eclass” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə etibarnamə olmadan Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ilə Hövsan qəsəbəsi istiqamətində təxminən 40-45 km/saat sürətlə hərəkətdə olmuşdur. Yol kənarında olan tikinti malları satılan mağazaya yaxınlaşdığı zaman yolun sol tərəfindən 44 nömrəli marşurut avtobusunun hərəkətə başladığını görmüşdür. Həmin vaxtı onun hərəkətinə hər hansı bir amil mane olmadığından həmin qaydada hərəkətini davam etdirmişdir. Bu zaman qəflətən avtobusun arxa hissəsindən təxminən 5-6 yaşlarında olan bir nəfər oğlan uşağı iti qaçışla onun hərəkət zolağına çıxmış, o, dərhal hadisənin qarşısını almaq üçün əyləcə basmış, lakin avtomobili tam dayandıra bilmədiyi üçün avtomobilin qabaq sol tərəfi ilə piyadanı vurmuşdur. O, sola tərəf baxaraq orada olan qadınların qışqırdığını ani olaraq görüb həyəcanlandığı üçün avtomobilini saxlamadan yoluna davam etmiş, hadisə yerindən təxminən 2 km uzaqlaşdıqdan sonra avtomobili həmin ərazidə yaşayan qohumunun evinin yaxınlığında saxlamış və dərhal hadisə barədə atasına bildirmək üçün taksi ilə evinə getmişdir. Evdən atası ilə söhbət etdikdən sonra birlikdə polis bölməsinə getmək üçün hazırlaşıb çıxarkən yaşadığı ünvana polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ona hadisə barədə bildirib şəxsiyyətini müəyyənləşdirdikdən sonra birlikdə araşdırma zərurəti ilə əlaqədar polis bölməsinə getməli olduğunu bildirmişlər. O da, etiraz etmədən birlikdə polis bölməsinə getmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, cinayət nəticəsində vurulmuş maddi zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, habelə zərərçəkmiş hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmədə göstərdi ki, 23 oktyabr 2022-ci il tarixdə saat 19:40 radələrində övladı Zərərçəkmiş şəxs ilə 44 nömrəli marşrut avtobusu ilə gedərkən, həmin vaxt yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindəki evin yaxınlığında avtobusdan enmiş və yolu üzü Əmircan qəsəbəsi istiqamətində sağdan sola keçməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs da yanında olmuşdur. Avtobus bir qədər uzaqlaşdıqdan sonra o, yolu əks tərəfə keçməyə başlamış, bu zaman Hüseyn ondan arxada hərəkətdə olmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs əlini tutmaq istəsə də, sonuncu qəflətən qaçaraq yolu əks hərəkət zolağına keçmişdir. Bu zaman həmin zolaqda hərəkətdə olan gümüşü rəngli “Mercedes Benz E-class” minik markalı avtomobil ön hissəsi ilə Hüseyni vurmuş və bir neçə metr kənara tullamışdır. Sonra həmin avtomobilin sürücüsü hadisə yerindən qaçıb getmişdir. Ona yoldan keçən tanımadığı sürücülər köməklik göstərmiş və onu uşaqla birlikdə 3 saylı X7 aparmışdır. Orada Zərərçəkmiş şəxs tibbi yardım göstərilsə də, uzun müddət vəziyyəti ağır olmuş, 21 dekabr 2022-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs tərəfindən maddi ziyan tam şəkildə ödənildiyindən onunla barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizələrini istintaq zamanı və məhkəmə iclasında təqdim etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli, 2/35378 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 fevral 2023-cü il tarixli, 8/380 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Mercedes Benz E220 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmədən və hadisə haqqında müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsini 4-cü hissəsini tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz E220” markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yolda 45 km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 138 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir. Huşun komatoz tipli pozulması ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi. Sağdan Vİİİ-İX qabırqaların qapalı sınıqları və ağ ciyərin əzilməsi. Başın alın və ənsə nahiyəsinin sağ yan səthinin, üzün və çənəaltı nahiyyələrin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2022-ci il saat 20.05 X10) az əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə, qərarda göstərilən yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi. Dərəcələrinə görə, ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətinə malik olmaqla, onun ölümü ilə səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda inkişaf edən baş beyinin travmatik ödemi və ağ ciyər ödemi olmuşdur. Ölüm xəstəxanada xx.xx.2022-ci il tarixdə saat 09.30-da baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 341750 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X4 13 mart 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan istintaq zamanı X2 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ölümü ilə bağlı dəymiş maddi ziyanı tam şəkildə ödədiyindən onunla barışmış, Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və maddi tələbi yoxdur və gələcəkdə də belə bir tələbi olmayacaq. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Təqsirləndirilən şəxs isə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, yol-nəqliyyat hadisəsindən sonra orada olan qadınların qışqırdığını ani olaraq görüb həyəcanlandığı üçün avtomobilini saxlamadan yoluna davam etmiş, hadisə yerindən təxminən 2 km uzaqlaşdıqdan sonra avtomobili həmin ərazidə yaşayan qohumunun evinin yaxınlığında saxlamış və dərhal hadisə barədə atasına bildirmək üçün taksi ilə evinə getmiş, evdən atası ilə söhbət etdikdən sonra birlikdə polis bölməsinə getmək üçün hazırlaşmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsindən sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş tərəfə bu və ya digər vasitə ilə, o cümlədən hadisə yerinə gəlmiş polis əməkdaşlarına çatdırmaq imkanı olduğu halda, bunu etməməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş öhdəliyə icra etməməsi hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, evin yeganə uşağı olmasını, atasının vəfat etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi və cinayət qanununun tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə qəsdən törədilən cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş zərəri aradan qaldıraraq, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etməsini, bununla da cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də işin hallarını və təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatları nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlıqdan məhrum etmə növündə cəza, həmin Məcəllənin 264-cü maddəsi ilə isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza ilə yanaşı əsas cəza qismində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanını iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla, həmin əsas və əlavə cəzalar qismən toplanmalı və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-722/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 21 dekabr 2022-ci ildən hesablanmaqla 03 (üç) ay həddində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-729/2022 nömrəli iş üzrə 29 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «həbs» növündə qətimkan tədbiri 10 mart 2023-cü ilədək “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 4(010)-108/2023 nömrəli iş üzrə 10 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbirinin müddəti 30 mart 2023-cü ilədək uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin edilmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, ona çəkilməsi üçün qəti olaraq, 03 (il) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs 21 – 29 dekabr 2022-ci il tarixləri üzrə həbsdə və 29 dekabr 2022-ci ildən 28 aprel 2023-cü ilədək “ev dustaqlığı”nda saxlanıldığı 04 (dörd) ay 07 (yeddi) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 03 (il) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 48 (qırx səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar