Məhkəmə qərarları › İş №1(010)-348/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-348/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-348/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1998-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi ünvanında yaşayan, 10 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və barəsində istintaq edilən başqa cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,644 qram psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2025-ci il tarixdə, saat 23:00da ünvan 3 ünvanda yerləşən «Klub» kafesində saxlanılıb üstünün yoxlanılması və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,644 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadələrini təsdiq edərək hazırki ifadəsində bildirmişdir ki, təxminən iki il olar ki, narkotik vasitələrin və psixotrop maddələrin müxtəlif növlərinin istifadəçisidir. 10 yanvar 2025-ci il tarixdə, günorta vaxtlarında Suraxanı rayonu, Zığ qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən 20 (iyirmi) manat pul müqabilində şəxsi istifadəsi üçün şəffaf sellofana bükülmüş bir büküm metamfetamin almışdır. Həmin psixotrop maddəni üzərində, qara rəngli idman şalvarının sağ yan cibinə qoyub saxlamışdır. Həmin tarixdə, saat 23:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Fizuli Bayramov küçəsində yerləşən «Klub» adlanan kafedə olduğu zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitə və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınmasında şübhəli olduğunu deyib, üzərində narkotik vasitə, psixotrop maddə və ya digər dövriyyəsi qadağan olunmuş maddə və ya əşya varsa, təqdim etməsini təklif etmişlər. Sual verildikdə bildirmişdir ki, üstünə baxış keçirilərkən müdafiəçinin köməyinə ehtiyacı yoxdur. Mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla, üzərində baxış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə olan «patı» adı ilə tanıdığı metamfetamini təqdim etmiş, həmin psixotrop maddənin özünə məxsus olduğunu və haradan əldə etdiyini söyləmişdir. Təqdim etdiyi içərisində metamfetamin olan büküm elektron tərəzidə çəkilərkən çəkisi 0,71 qram olması müəyyən olunmuşdur. Sonra, maddə ilə olan büküm zərfə qoyulub möhürlənmiş və imzalanmış və Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gəlmişdir. Üstünün yoxlanılması və baxış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təhqiqatçının otağında hüquq və vəzifələri izah olunduqdan sonra, dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis əməkdaşları, müdafiəçinin və tərcüməçinin iştirakı ilə təqdim etdiyi «patı» kimi tanıdığı psixotrop maddə metamfetaminə, çəkilmiş DVD diskə baxış keçirmişdir. Həmin maddə olan zərf açılaraq baxıldıqda, içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Həmin maddə yenidən qablaşdırılaraq zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra, çəkilmiş DVD diskə kompüter vasitəsilə baxış keçirilmiş və həmin videogörüntülərdə təqdim etdiyi psixotrop maddənin onun üzərindən aşkar edilib götürülməsi öz əksini tapmışdır. Keçirilən həmin baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, şikayət və təklif daxil olmamış, iştirakçılar tərəfindən protokol imzalanmışdır. Heç vaxt narkotik vasitə və psixotrop maddə satmamış və ya satmaq niyyəti də olmamışdır. Üzərindən aşkar edilib götürülmüş metamfetamini də özü qəbul etməsi məqsədilə almışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Təxminən 2 ildir ki, narkotik vasitə istifadəçisidir. Törətdiyi əməldən peşmandır. Narkotik vasitələrin heroin, psixotrop maddələrin isə metamfetamin növündən istifadə etmişdir. Baxış zamanı özünə məxsus olan metamfetamini təqdim etmiş, ondan başqa isə üzərində mobil telefon olmuşdur. Narkomaniya xəstəliyindən reabilitasiya mərkəzində müalicə almışdır. Polis bölməsində baxış keçirilmiş psixotrop maddə onun üzərindən aşkar edilən maddə olmuşdur. Narkotik vasitələrdən və psixotrop maddələrdən iynə vasitəsilə, yəni inyeksiya yolu ilə istifadə etmişdir. Tutulan gün narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, lakin istifadə etmək üçün almışdır. Sonda isə əvvəllər məhkum olunmamasını və törətdiyi əməldən peşman olmasını qeyd edərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 10 yanvar 2025-ci il tarixdə polis şöbəsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz əldə edilməsi ilə məşğul olur. Həmin gün şöbənin rəisinə bu barədə raportla məruzə etdikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu təşkil olunmuş, o, qrupun rəhbəri, əməliyyat müvəkkili Şahid2 və sahə inspektoru Şahid3 isə qrupun üzvləri təyin olunmuşlar. Əməliyyat tədbirləri keçirərkən şübhəli olan Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Fizuli Bayramov küçəsində yerləşən «Klub» kafesində olması müəyyən edilərək yaxalanmış, sonuncunun üstündə narkotik vasitələrin və psixotrop maddələrin olmasını ehtimal edərək Təqsirləndirilən şəxs üstü yoxlanılmış və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya əşya varsa, təqdim etsin. Təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub təqdim etmiş, bildirmişdir ki, həmin «patı» adı ilə tanıdığı psixotrop maddə-metamfetamini Zığ qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin bükümdə olan ağ rəngli kristal şəklində psixotrop maddə-metamfetaminə oxşar kütlə sübut əhəmiyyəti kəsb etdiyi üçün tərəfindən götürülmüşdür. Bundan başqa, hər hansı qanunla qadağan olunan maddə və ya əşya Təqsirləndirilən şəxs üstündən aşkar edilməmişdir. Aşkar edilmiş büküm zərfə qoyulub möhürlənmiş və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə dəvət edilmiş, şöbənin rəhbərliyinə məruzə olunmuş, toplanmış material təhqiqatçı Ü.Abbaszadəyə təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş psixotrop maddə metamfetaminə və keçirilmiş əməliyyat tədbirinin videogörüntülərinə baxış keçirilmiş, götürülmüş maddə yenə zərfə qoyularaq möhürlənmiş, baxış barədə protokol tərtib edilərək imzalanmışdır. Baxış zamanı videoçəkiliş aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmiş, həmçinin ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış və yaxınlaşdıqları zaman tək olmuşdur. Həmçinin təqsirləndirilən şəxsin tutulan zaman xəsarətləri də olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuş, həmin məlumat narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilib-edilməməsini xatırlamır. İş üzrə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru Şahid3 və şöbənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. Şahid3 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, tutulan zaman tək olmuş və xəsarətləri olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra dövlət hesabına müdafiəçi təyin edilib-edilməməsi xatırlamır. Təqsirləndirilən şəxs psixotrop maddəni aldığı mənbə ilə bağlı əməliyyat tədbiri keçirilə bilməmişdir. Şahid2 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, həmçinin ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs yaxınlaşan zaman videoçəkiliş aparılmışdır. Şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı nə bildiyini xatırlamır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 11 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 10 yanvar 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 5(010)-8/2025 saylı qərarı ilə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 yanvar 2025-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması, baxış keçirilməsi və əşyaların götürülməsi və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə barədə olan 02 ədəd diskə baxış keçirilərək tədqiq edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin videogörüntüsünü əks etdirən diskdən müəyyən olunur ki, 10 yanvar 2025-ci il tarixdə, saat 23:00 radələrində Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 özünü təqdim edir, Şahid2 və Şahid3 ilə birlikdə, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Füzuli Bayramov küçəsində yerləşən «Klub» kafesində, kafenin otaqlarının birində özünü təqdim etmiş Təqsirləndirilən şəxs yaxalayırlar. Təqsirləndirilən şəxs bildirilir ki, o, narkotik və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılmasında şübhəli olduğu üçün saxlanılıb və üstü yoxlanılır. Təklif olunur ki, üstündə qanunla qadağan olan əşyalar, psixotrop maddə və ya narkotik vasitələr varsa, təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək bildirir ki, həmin bükümdəki kütlə «patı» adı ilə tanıdığı psixotrop maddə-metamfetamindir, onu Zığ qəsəbəsində tanımadığı şəxsdən özünün istifadəsi üçün 20 manata almışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şəffaf sellofana bükülmüş bükümü açır, bükümün içərisində ağ rəngli, kristalik şəkildə psixotrop maddə-metamfetaminə oxşar maddə aşkar edilir. Sonra, Təqsirləndirilən şəxs üzərində digər qanunsuz əşya və predmetin olub-olmaması soruşulur və üzərində axtarış aparılır. Axtarış zamanı onun üzərindən digər narkotik vasitə və hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və ya əşya aşkar olunmur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən içərisində kütlə olan büküm elektron tərəzidə çəkilir və çəkisi 0,71 qram təşkil edir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs sual verilir ki, bu təqdim etdiyi psixotrop maddədən başqa yerdə narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs cavab verir ki, yoxdur. Bundan sonra digər diskdə isə, təhqiqatçının otağında təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilmişdir. Təhqiqatçı elan edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələri istifadə etmək məqsədilə əldə edilməsində şübhəli bilindiyi üçün 10 yanvar 2025-ci il tarixdə, saat 23:00-da Suraxanı rayonu, Hövsan qəsəbəsi, Fizuli Bayramov küçəsində yerləşən «Klub» kafesində saxlanılmış, üstü yoxlanıldıqda bir ədəd şəffaf sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmiş və hazırda, götürülmüş əşyalara və çəkilmiş videogörüntülərə baxış keçirilməlidir. Bundan sonra, təhqiqatçı Ü.Abbaszadə əməliyyat tədbiri həyata keçirilən zaman çəkilmiş videogörüntülərə baxış keçirir, Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş və möhürlənmiş bağlamada olan içərisində maddə olan bükümü bağlamadan çıxarıb baxış keçirərək bildirir ki, bükümdə olan ağ rəngli spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar kütlədir. Təhqiqatçı tərəfindən həmin sellofan büküm başqa zərfə qoyulur, möhürlənir və iştirakçılar tərəfindən zərfin üzəri imzalanır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sual verilir ki, həmin maddəni kimdən və hansı məqsədlə əldə etmişdir, Təqsirləndirilən şəxs bildirir ki, psixotrop maddə olan metamfetamini özü istifadə etməsi məqsədilə Zığ qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etmiş və üstündə saxlamışdır. Təhqiqatçı bildirir ki, götürülmüş psixotrop maddə tədqiqat aparılması üçün Ekspertiza Mərkəzinə göndəriləcəkdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 11 yanvar 2025-ci il tarixli, 6/127 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 194'' dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”; Şahid1 imza": Şahid3 “imza”; Şahid2 “imza”; X4 “imza”; Müdafiəçi ... oğlu “imza” ” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,644 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,644 qram, tədqiqata sərf edildi - 0,04 qram, qalıq – 0,604 qram. Aparılmış tədqiqatın dəyəri 89 manat təşkil etmişdir. (iş.v. 49-51) 07 fevral 2025-ci il tarixli “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilməsi və çıxarılmasına dair bildirişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq “saxla” statusu ilə “Girişçıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına daxil edilmişdir. (iş.v.124) Məhkəmə ambulator narkoloji ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 322 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 133-134) Suraxanı RPİ-nin İŞ-nin 07 fevral 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 30-cu polis şöbəsi tərəfindən ünvanlanan 03 mart 2025-ci il tarixli, 2683 saylı cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 0,644 qram psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni, həmçinin onun narkotik vasditələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (iş.v. 123-124,132) 05 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 0,644 qram, tədqiqatdan sonra qalıq qalmış 0,604 qram olan psixotrop maddə-metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması zamanı çəkilmiş videogörüntüləri və təhqiqatçı tərəfindən ona təqdim olunan 01 (bir) ədəd zərfə və 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddə-metamfetamini əldə etdiyi mənbə barəsində material ayrılaraq Suraxanı RPİ-yə göndərilmişdir. (iş.v. 143-148) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuş, saat 23:00-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 12 yanvar 2025-ci il tarixdə, saat 12:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Çopurov X5 RPİnin İŞ-in çağırışlarına gəlmədiyindən və istintaqdan yayındığından 21 fevral 2025-ci il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Sonra, istinaqa könüllü gəlmiş və iş üzrə icraat 10 mart 2025-ci il tarixdə təzələnmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaq edilən başqa cinayət işi ilə əlaqədar barəsində əvvəli 20 may 2025-ci il tarixdən hesablanmaqla, 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı istintaq təcridxanasında saxlanılır. (iş.v. 30, 79-80, 104-106, 125-126, 135-136) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,644 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer üçün ünvan 3 ünvanda yerləşən «Klub» kafesidir. Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət Prosessual Məcəllənin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,644 qram psixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 yanvar 2025-ci il tarixdə, saat 23:00-da ünvan 3 ünvanda yerləşən «Klub» kafesində saxlanılıb üstünün yoxlanılması və götürmə zamanı əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,644 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən və məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş məhkumluqla tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş.v. 113) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi onun barəsində hazırda Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işinin istintaq olunması vəhəmin iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsini qeyd etmək lazımdır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində istintaqı aparılan cinayət işinin olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan başqa cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,604 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 19 saat vaxt sərf etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və məhkəmə tərəfində cəmi 3 iclas keçirilsə də, həmin arayışda müdafiəçi tərəfindən 4 iclas qeyd olunmuş, hər bir iclasda işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, məhkəmə iclaslarında iştirak üçün hər birinə ayrı-ayrılıqda iki saat vaxtın sərf olunması göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər olunsa da müdafiəçi tərəfindən şişirdilmiş saatlar qeyd olunmuş, guya bir iclas üçün 6-7 saata yaxın vaxt sərf edilmişdir. Lakin iş üzrə bir hazırlıq və iki baxış iclası keçirilmiş, bütün iclaslarda müdafiəçi iştirak etmiş və hər iclas üçün müdafiəçinin maksimum 2 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 6 saat sərf etməsini məhkəmə nəzərə alır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 6 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdən 12 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan başqa cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,604 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar