Məhkəmə qərarları › İş №1(010)-35/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-35/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-35/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, saat 09:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxx 1957-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonunun Qazıqumlaq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi, X2, ev 1, mənzil 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə, saat 20:30 radələrində ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsində xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan qəsdən başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə vuraraq ona, burun sümüyünün ikili yerdəyişən sınığı, burun kökünün şişkinliyi və əzilmiş yarası ilə müşayiət olunan, onun həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2007-ci ildən övladları Vüsal və Rafiqlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən avtomobil yuma məntəqəsində işləyir. Zərərçəkmiş şəxs təxminən bir ildir müştəri kimi tanıyır, belə ki, sonuncu mütəmadi olaraq onun işlədiyi avtomobil yuma məntəqəsində avtomobilini yuduzdurmuşdur. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 20:30 radələrində o, məntəqədə avtomobil yuduğu zaman Cəhalət də idarə etdiyi “Ford” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili yuduzdurub qurulamışdır. Həmin vaxt əlindəki su xortumundan Cəhalətin üzərinə su sıçramış, sonuncu bununla bağlı ona öz iradını bildirib suyu onun üzərinə qəsdən sıçratdığını demişdir. Cəhalətə bunu qəsdən etmədiyini deyib, su xortumunu kənara çəkib onun yanından uzaqlaşmışdır. Avtomobil yuma məntəqəsində başqa bir avtomobili qurulayan zaman Cəhalət yenidən ona yaxınlaşaraq, suyu onun üzərinə sıçtarmasının səbəbini soruşmuş, sonuncuya bir daha bunu qəsdən etmədiyini demişdir. Bu zaman Cəhalətlə aralarında mübahisə yaranmış və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt bir birlərinin yaxasından tutmuşlar, oğlu Vüsal isə onları aralamağa çalışmışdır. Mübahisə zamanı əsəbləşdiyi üçün bir dəfə başı ilə Cəhalətin sifətinə, yəni burun nahiyəsinə zərbə endirmişdir. Cəhalət isə baş vermiş hadisə barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat vermiş və daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət etmişdir. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt ondan, oğlanları Vüsal və Rafiqdən, həmçinin Cəhalətdən başqa heç kim olmamışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Çingiz, Vüsal və Rafiq adlı şəxsləri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən avtomobil yuma məntəqəsindən tanıyır. Belə ki, o, idarə etdiyi “Ford” markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili mütəmadi olaraq həmin avtomobil yuma məntəqəsində yuduzdurmuşdur. Əvvəllər adlarını yuxarıda qeyd etdiyi şəxslərlə aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx xxxx 2019-cu il tarixdə, təxminən saat 20:30 radələrində idarə etdiyi avtomobili yuduzdurmaq üçün qeyd etdiyi avtomobil yuma məntəqəsinə getmişdir. İdarə etdiyi avtomobil yuyulduqdan sonra, onu özü qurulamışdır. Çingiz isə həmin vaxt başqa bir avtomobili yumuş, bu zaman sonuncu əlindəki su xortumu ilə onun üstünə su sıçratmışdır. Bununla əlaqədar öz iradını bildirdikdə Çingiz ona işi ilə məşğul olmasını demişdir. O, avtomobili quruladığı əski parçasını avtoyuma məntəqəsinə qoymaq üçün içəri daxil olmuş, həmin vaxt yenidən Çingizdən onun üstünə su sıçratmasının səbəbini soruşmuşdur. Bu vaxt Çingiz onu nalayiq ifadələrlə təhqir edib yenə də işi ilə məşğul olmasını demişdir. Bu sözlərinə görə Çingizə növbəti dəfə iradını bildirdikdə, sonuncu üzərinə hücum edərək, yaxasından tutmuşdur. O, Çingizi özündən kənara itələyən zaman sonuncu qəflətən başı ilə onun sifətindən, yəni burun nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bu zaman həmin avtomobil yuma məntəqəsində işləyən Çingizin oğlanları, Rafiq və Vüsal yaxınlaşıb onları ayırmışlar. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət etmişdir. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt ondan, Çingiz, Vüsal və Rafiqdən başqa orada heç kim olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 və Şahid2 məhkəmədə Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2019-cu il tarixli, 443 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində burun sümüyünün ikili yerdəyişən sınığı, burun kökünün şişkinliyi və əzilmiş yarası xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pzoulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanması barədə xx xxxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən avtomobil yuma məntəqəsini göstərərək bildirmişdir ki, xx xxxx 2019-cu il tarixdə, təxminən saat 20:30 radələrində, həmin avtomobil yuma məntəqəsində aralarında yaranmış mübahisə zamanı başı ilə zərçəkmiş şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, xx xxxx 2019-cu il tarixdə baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənildiyindən, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddəsi ilə tövsüf edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödədiyinə görə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 90 (doxsan) manat, ümumilikdə isə 45 (qırx beş) iş saatı üçün 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar