Məhkəmə qərarları › İş №1(010)-352/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-352/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-352/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə saat 07:45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “Toyota Prius” markalı 99UF273 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Bakıxanov qəsəbəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda göstərilənlərə əməl etməyərək, yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, Qaraçuxur qəsəbəsi, “Neftçilər” parkının qarşısında hərəkəti istiqamətində yolu sağdan sola doğru keçməyə çalışan piyada, 1964cü il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilinin qabaq hissəsi ilə vuraraq ona baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol bud sümüyünün yuxarı 1/3-nin və sol bazu sümüyünün cərrahi boynunun yerini dəyişən sınıqları, hər iki ağ ciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırları (hematomaları) ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “Toyota Prius” markalı 99UF273 dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobil sənəd üzərində X4 adına olsa da, avtomobil faktik olaraq ona məxsusdur. Avtomobili Vasifdən alarkən pulun bir hissəsini daha sonra ödəyəcəyi barədə razılaşdığı üçün X5 ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Hadisə baş verdiyi dövrdə maddi vəziyyəti ilə əlaqədar avtomobili öz adına sənədləşdirə bilməmişdir. “Bolt” taksi şirkətinə proqram vasitəsilə qoşulub taksi fəaliyyəti ilə məşğul olurdu. 05 yanvar 2022-ci il tarixdə saat 07:20 radələrində “Bolt” taksi şirkətindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsindən Sabunçu rayonunda yerləşən 96 saylı orta məktəbə sifariş götürmüşdür. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsinə gedib müştəri, sonradan adını bildiyi Şahid1 götürmüş, Şahid1 avtomobildə arxa oturacaqda əyləşmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətinə 50 km/saat sürətlə hərəkət etdiyi zaman Qaraçuxur qəsəbəsində yerləşən “Neftçilər” parkının qarşısında bir qadın asta yerişlə qəfildən yolun sağ hissəsindən soluna keçmək üçün hərəkət hissəsinə daxil olaraq onun yoluna çıxmışdır. Həmin vaxt aralarındakı məsafə az olduğundan qadını vurmamaq üçün idarə etdiyi avtomobilin əyləcini sıxmış, lakin hadisənin qarşısını ala bilməmiş, idarəetməni itirərək qadını avtomobilin sağ ön hissəsi ilə vurmuşdur. Nəticədə qadın yerə yıxılmışdır. O, dərhal avtomobili dayandırmış, avtomobildə olan sərnişin Ç.Daşdərmiova xəsarət alan piyadanı avtomobilinə qoymaq üçün avtomobildən düşmüşdür. Şahid1 avtomobildən düşmüş və piyada – sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirmiş, sonra o, zərərçəkmiş şəxsi 3 saylı ŞKX-na aparmışdır. Sonra hadisə yerinə qayıtmış, ora gəlmiş polis əməkdaşlarına hadisənin baş verdiyi yeri göstərmiş, hadisə yerinə təhqiqatçı tərəfindən baxış keçirilərək fotoşəkillər çəkilib, protokol və sxem tərtib olunmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. 05 yanvar 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Şəfa stadionunda işdə olan zaman mobil telefonuna 3 saylı ŞKX-dan tanımadığı nömrədən zəng gəlmişdir. Telefonunu açdıqda tanımadığı şəxs, həyat yoldaşı Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığını və sürücü tərəfindən Bakı şəhəri 3 saylı ŞKX-na gətirildiyini bildirmişdir. Ona görə də, dərhal həmin xəstəxanaya getmiş, xəstəxanada qeydiyyat şöbəsində yol nəqliyyat hadisəsi zamanı xəsarət almış Zərərçəkmiş şəxs gətirilib-gətirilmədiyini soruşduqda, bir saat əvvəl həmin xəstəxanaya gətirildiyini öyrənmişdir. Həkimlərdən onun vəziyyəti ilə maraqlandıqda baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun sol bud sümüyünün qapalı sınığı, sol çiyin nahiyəsinin sümüyünün sınığı və baş nahiyəsinin əzilməsi diaqnozunun qoyulduğunu öyrənmişdir. Gülçöhrə şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün əməliyyat edilməmişdir. Belə ki, həkimlər onun şəkəri tənzimləndikdən sonra əməliyyata salınacağını dedilər. Zərərçəkmiş şəxs müalicə aldığı müddətdə xəstəxana xərcləri sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Vəziyyəti pisləşdiyi üçün həkimlər axşam Gülçöhrəni reanimasiyaya yerləşdirdilər. 06 yanvar 2022-ci il tarixdə xəstəxanaya getmiş və 15-20 dəqiqə sonra yəni, saat 08 radələrində həyat yoldaşının xəstəxanada öldüyünü bilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsin ona ittiham olunan cinayəti törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sənədlərlə təsdiq olunur. 14 mart 2022-ci il tarixli 8/425 saylı nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Toyota Prius markalı 99UF273 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 06 yanvar 2022-ci il tarixli 01 nömrəli rəyinin nəticəvi hissəsində qeyd olunur ki, mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol bud sümüyünün yuxarı 1/3-nin və sol bazu sümüyünün cərrahi boynunun yerinidəyişən sınıqları, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və qançırları (hematomaları). Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərlər, alınma müddətləri qərarda göstərilən 05 yanvar 2022-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəb olmuşdur. Ölüm 3 saylı ŞKX-da 05 yanvar 2022-ci il tarixdə saat 07:40-da baş vermişdir, hansı ki meyitin məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya təhqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilklamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, öz cinayətini səmimi etiraf etdiyini və peşman olduğunu, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə zəruri tibbi yardım göstərilməsi üçün özündən asılı olan bütün tədbirləri gördüyünü, mərhumun dəfn və yas mərasimlərinin xərclərini qarşıladığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ona qarşı şikayətinin və tələbinin olmadığını, himayəsində iki nəfər azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar