Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-352/2023 31.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, 31 oktyabr 2023-cü il tarixdə, saat 10:25-də, Bakı şəhərində xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,010 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 10 noyabr 2022-ci il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək ünvan 3 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən saxladığı 1 (bir) ədəd qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş ümumi çəkisi 1,010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Mehdiyev X2 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Bakıxanov rayonu, Zabrat qəsəbəsində yaşayan xalasının evində qonaq olduğu müddətdə iş geyimlərini götürmək üçün evinə getmişdir. Geyimlərini götürüb evindən çıxdıqdan sonra saat təxminən 10:30 radələrində polis əməkdaşları ona yaxınlaşaraq üzərində nə olmasını soruşaraq üzərinə baxış keçirmişlər. Daha sonra ona orada gözləməli olduğunu bildirərək, özləri orada yerləşən evlərdən birinin həyətinə daxil olmuş, həyətdən çıxdıqdan sonra onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə aparmışlar. Üzərində olan bütün əşyaları növbətçi hissəyə təhvil vermiş, üzərindəki bir ədəd telefonu, siqareti, alışqanı, məznilinin açarını, 4 manat 30 qəpik pulu və şalvarının kəmərini oraya təhvil verərək polis bölməsinin təhqiqatçısının otağına aparılmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı onun qeyrietik şəklini çəkərək onu şantaj etmiş, bölmənin rəis müavini isə onu vurmuş, o, zərbənin təsirindən huşunu itirmişdir. Məruz qaldığı qanunsuz hərəkətlərin nəticəsi olaraq videoçəkiliş zamanı ona əvvəlcədən polis əməkdaşları tərəfindən təqdim olunmuş narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Həmçinin təhqiqatçı Elnur Mənsimov tərəfindən 13:00-16:00 saatlarında qohumunun istifadəsində olan mobil telefona zəng edilərək onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmişdir. Daha sonra Suraxanı Rayon Polis İdarəsinə aparılan zamanı üzərindən çıxmış əşyalar yenidən ona verilmiş, sözügedən əşyalar Suraxanı RPİ-nin müvvəqəti saxlanma yerində ondan alınmışdır. İki gün müddətində şübhəli şəxs qismində tutulduqdan sonra müvəqqəti saxlanma yerindən çıxarkən üzərindəki bir ədəd telefonu, siqareti, alışqanı, mənzilinin açarı, 4 manat 30 qəpik pulu və şalvarının kəməri ona geri qaytarılmışdır. O, ümumiyyətlə, heç bir narkotik vasitədən istifadə etmir, üzərində narkotik vasitə olmayıb, sadəcə qeyd etdiyi şəxsi əşyalar olub. Videoçəkiliş zamanı əynindəki şalvarda kəmərin üzərində olmaması və şəxsi axtarış zamanı üzərindən güya ancaq narkotik vasitənin aşkar olunması onu təsdiq edir ki, polis bölməsinə gətirilən zamanı növbətçi hissədə üzərində axtarış keçirilib, lakin heç bir narkotik vasitə aşkar olunmayıb. Məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də razı deyil, özü ibtidai istintaqı sonrakı dövründə könüllü narkoloji müayinədən keçmiş, müayinənin nəticəsini müstəntiqə təqdim etsə də, sonuncu sözügedən rəyi qəbul etməmişdir. Əlavə olaraq ifadəsindən göstərmişdir ki, polis əməkdaşlarının bu hərəkətlərindən Suraxanı rayon prokuroruna şikayət də etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Sadıq” adlı şəxsin Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Suraxanı RPİ-nin 31-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında göstərilən “Sadıq” adlı şəxsin xx.xx.1994-cü il təvəllüdlə, Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra daxil olmuş məlumat barədə PB-nin rəhbərliyinə məruzə etmiş, PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə Suraxanı RPİ-nin Narkotiklərlə Mübarəzə bölməsinin əməldiyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. SadıqMehdiyevin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, Şahid2la birlikdə əməliyyat-axtarış tədbirəlinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində Təqsirləndirilən şəxs Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsində yaşadığı evin yaxınlığında olduğunu müəyyən edərək orada onu saxlayıb özlərini tədim etdikdən sonra narkotik vasitə əldə edib saxlayıb daşımaqla şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunmuş, üzərində əldə edilib gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroiin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilmiş, amma Təqsirləndirilən şəxs üzərindən onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç bir əşya aşkar edilməmişdir. Sadıq Məmmədovun təqdim etdiyi kütlə götürülərək bir ədəd zərfə qablaşdırılaraq zərf möhürlənmiş və bu bəarədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olub möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi tutarkən üzərinə baxış keçirməmişlər, onların belə bir səlahiyyəti də yoxdur. Sonuncunun üzərinə baxış təhqiqatçının otağında keçirilmişdir və hər hansı əşya aşkar edilərsə növbətçi hissəyə təhvil verilir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı X5 məhkəmə iclasında ittiham və müdafiə tərəfinin ona verdiyi suallara cavab olaraq cinayət işinin ibtidai istintaqı zamanı tərtib etdiyi protokolu və qəbul etdiyi qərarı müdafiə etdiyini, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00-12:00 radələrində polis bölməsinə gətirildiyini, sonuncunun üzərində keçirilmiş şəxsi axtarış zamanı yalnız 01 ədəd bükümdə narkotik vasitə aşkar olunduğunu, Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətinin icra olunmadığını, ona məxsus olan mobil nömrə vasitəsilə təqisrləndirilən şəxsin ailənə zəng edildiyini bildirmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroiin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/6489 nömrəli ekspert rəydə göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün 195» dairəvi möhür əksi və «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm..Təqsirləndirilən şəxs-imza, iştirakçılar-iki imza; Tərtib etdi: Elnur Mənsimov-imza...» yazısı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi 1, 010 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkisi 1,010 olan heroinin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,960 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 12 noyabr 2022-ci il tarixli protokoldan, habelə iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümünü çıxarıb təqdim etməsi, təqdim etdiyi bükümün arasında narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və başqa hər hansı bir əşya, maddə aşkar edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi, müəyyən olunur. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7192 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin istifadə etmə halları olub, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təhqiqatçı tərəfindən qeyri-etik şəklinin çəkilməsi, bölmənin rəis müavinin onu vurması və buna görə polis əməkdaşlarının təqdim etdiyi daha bir bükümdə narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən üç ay olar ki, narkotik vasitə heroindən çəkmək yolu ilə qəbul edir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir bükümdə narkotik vasitə heroin almış, özü istifadə etməsi üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində yaşadığı evin yaxınlığında dayandığı zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparlıması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmiş, PŞ-nin inzibati binasında, xidməti oğaqda ona şübhəli şəxsin hüquq və vəzifələrim izah olunmuş, hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi barədə qərar elan olunaraq üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etəməsi təklif olunmuşdur. Əynimdə olan qara rəngli şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bidirmişdir. Bundan başqa yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman video çəkiliş aparılaraq 01 ədəd “DVD” diskdə köçürülmüş video görüntüdən də öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Prokurorluğuna verdiyi şikayət ərizəsi üzrə aparılmış araşdırmanın nəticəsi olaraq sonuncunun şikayətindən göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-352/2023 saylı, 01 avqust 2023-cü il tarixli qərarları ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus və saxlanılan zaman üzərində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə səhər saat 09:00-dan xx.xx.2022-ci il saat 23:59-dək gələn zənglərin siyahısının, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı X4 istifadəsində olan 077 277-26-25 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrindən, xx.xx.2022-ci il tarixdə saat 23:59 radələrinədək gedən və gələn zənglərin siyahısının, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin MSY-dən buraxılan zaman ona qaytarılmış əşyaların siyahısı və üzərində olan əşyaları imzası ilə təhvil alması barədə jurnaldan çıxarışın Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə təqdim edilməsi dair sorğu göndərilmişdir. "xxxx" MMC-dən məhkəmənin sorğusuna əsasən göndərilmiş DVD diskdəki müştəri zənglərinin detallaşmasına dair çıxarışdan müəyyən olunmuşdur ki, 077 277-26-25 saylı mobil nömrədən 10 noyabr 2023-cü il tarixdə, saat 16:29-da 070 574-02-49 saylı mobil nömrəyə telefon zəngi edilmişdir. Suraxanı rayon Polis İdarəsinin MSY-dən məhkəmə daxil olmuş “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 10 noyabr 2022-ci il tarixli, saat 23:00-da tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş axtarış zamanı üzərində hər hansı əşya aşkar edilməmişdir. İşin faktiki hallarından, şahidlərin ifadələrindən və məhkəmənin sorğusuna müvafiq cavablardan Təqsirləndirilən şəxs onu üzərində əvvəlcədən şəxsi axtarış aparılması, özünə məxsus əşyalarının ondan alınaraq narkotik vasitənin təqdim olunması, məruz qaldığı fiziki və psixoloji zorakılığın təsiri ilə aparılmış videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməsi, ibtidai istintaq materiallarında göstərildiyi kimi saat 16:30 radələrində deyil, daha əvvəl, saat 10:30 radələrində tutulması və bunun əsası olaraq təhqiqatçı Elnur Mənsimov tərəfindən saat 13:00-16:00 saatlarında qohumunun istifadəsində olan telefon nömrəyə zəng edilməsi barədə ifadəsində göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2012-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2012 noyabr-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, narkomaniya xəstəliyinə tutulduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halın olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən tam təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 noyabr 2022-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 12 noyabr 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,960 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 10 noyabr 2022-ci il tarixdən 12 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq Təqsirləndirilən şəxs təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş, xalis çəkisi 0,960 qram olan narkotik vasitə - heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-352/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-352/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver