Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-353/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, tərcüməçi X1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, Suraxanı Rayon Məhkəməsinin Məhkəməsinin 4(010)-27/2025 nömrəli iş üzrə 01 fevral 2025-ci il tarixli qərarına əsasən əvvəli 30 yanvar 2025-ci ildən hesablanmaqla 30 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş (məhkəmənin müvafiq qərarı ilə həbsdə saxlanılma müddəti uzadılmış) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 1,139 qram psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 yanvar 2025-ci il tarixdə saat 19:50 radələrində Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində “Port” adlanan ərazidə hərəkətdə olarkən saxlanılaraq və orada videoçəkiliş aparılmaqla üzərində baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofana bükülmüş 0,300 qram, 0,261 qram 0,353 qram və 0,225 qram olmaqla ümumi təmiz çəkisi 1,139 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, metamfetamin və heroindən istifadə etmişdir. Polis əməkdaşları ona yaxınlaşanda üzərində narkotik vasitə öz istifadəsi üçün olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, metamfetamini Əhmədli qəsəbəsindən 40 manata almış, 4 büküm olmuş, hərəsinə 10 manat pul vermiş, hər dəfə gedib almaq olmur deyə 4 büküm almışdır. Ssatış məqsədi olmamış, ona qarşı heç bir təzyiq olmamışdır. Saxlanıldığı zaman üzərinə baxış keçirilmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Psixotrop maddə olan metamfetmini “Patı” kimi tanıyır və istifadə edir. 30 yanvar 2025-ci il tarixdə saat 19:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, port adlanan ərazidə hərəkətdə olarkən 3 nəfər mülki geyimdə şəxs avotomobildən enib ona tərəf qaçmağa başladıqlarında o, onların polis əməkdaşları olduğunu düşünərək qaçmağa çalışmış, lakin polis əmədaşları ona yaxalamış, polis əməkdaşı olduqlarını bildirərək özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O etiraz etməmiş, üzərinə baxış keçirilməzdən qabaq ondan üzərində qanunsuz sayılan hər hansı vasitə olub-olmaması soruşulmuş və olması halında təqdim etməs təklif edilmişdir. O da əldə edib üzərində saxladığı içərisində “patı” kimi tandığı psixotrop maddə olan 04 ədəd şəffaf sellofan bükümü könüllü olaraq əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən, sağ yan cibindən isə ona məxsus “İphone” markalı telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində nə olduğu, haradan və nə məqsədlə əldə etməsi barədə soruşulduqda həmin kütlələrin “patı” olduğunu, öz şəxsi istifadəsi üçün “Əhmədlidə” tanımadığı şəxsdən 40 manata əldə etdiyini bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunsuz hesab edilən vasitə, alət, maddə aşkar olunmamışdır. 04 ədəd büküm və “İphone” markalı telefon ağ rəngli zərfə qoyularaq üzəri o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə dəvət etmişlər və o da razılaşıb 30-cu PŞ-nə getmişdir. 30-cu PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra üzərindən aşkar edilmiş bükümlərə və telefona tərcüməçinin iştirakı ilə baxış keçirilmiş, yenidən qablaşdırılaraq ağ zərfə qoyulmuşdur. Bundan polis əməkdaşları tərəfindən ona hüquqlarımın müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmişdir. 30-cu PŞ-də olduğu zaman ona qarşı heç bir zorakılıq və ya psixi, fiziki təzyiq göstərilməsi halları baş verməmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul deyil, üzərində aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir. 30 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin digər əməkdaşları Şahid2 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 30 yanvar saat 19:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, port adlanan ərazidə avtomobillə hərəkətdə olan zaman xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər. Avtomobildən enib yaxınlaşdıqda həmin şəxs qaçmağa çalışsa da, həmin şəxsi yaxalayaraq saxlamışlar, həmin şəxsdən özünü təqdim etməsini istədiklərində həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik maddələrin istifadəsi və üzərində saxlamasında şübhəli olduğu bildirərək üzərinə baxış həyata keçirilməsi zəruri olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmişdir. İlk öncə həmin şəxsdən üzərində qanunsuz hər hansı bir əşya olub-olmaması soruşulmuş, olması təqdirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 04 ədəd içərisində ağ rəngli kütlələr olan şəffaf sellofan bükümlərini, sağ yan cibindən isə yaşıl örtüklü mobil telefonunu çıxarıb təqdim etmişdir. Həmin bükümlərə baxış keçirmişlər. Həmin bükümlərin içərsinə baxıb nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda o həmin bükümdə “patı” olduğunu və 40 manata Əhmədlidə tanımadığı şəxsdən alaraq əldə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərinə baxış keçirilmiş, başqa heçnə aşkar edilməmişdir. Aşkar olunan büküm zərfə qoyularaq üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra zəruri istintaq hərəkətlərinin aparılması üçün həmin şəxsi Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə 30-cu polis şöbəsinə getmiş, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. 30-cu polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına tərcüməçi mütəxəssis dəvət edilmiş, tərcüməçinin iştirakı ilə aşkar olunanlara və saxlanmaya dair videoya baxış keçirilmişdir. Sonra müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 30-cu polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir almamışdır. Şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Birinci görüntüdən görünür ki, Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşarkən qaçmağa çalışması, yaxalanması, ondan özünü təqdim etməsini tələb etdikdə özünü Təqsirləndirilən şəxs kimi təqdim etməsi, ona saxlanmasının səbəbi barədə məlumat verilməsi, polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirəcəklərini bildirmələri, baxış zamanı əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 04 ədəd içərisində ağ rəngli kütlə olan şəffaf sellofan bükümlərini, sağ yan cibindən isə içərsində yaşıl örtüklü “İphone SE” mobil telefonunu təqdim etməsi, həmin bükümlərin içərisində nə olması, haradan və neçəyə əldə olunması barədə sual verilərkən “Əhməlidə tanımadığı şəxsdən 40 manata öz şəxsi istifadəsi üçün əldə etməsini” bildirməsi, bükümlərə və mobil telefona baxış keçirilib qablaşdırılaraq üzəri imzalarla təsdiq olunması, polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs “vəkillə təmin olunmaq hüququ”nun başa salınması müəyyən edilmişdir. İkinci görüntüdən görünür ki, tərcüməçi Camal Bədəlovun iştirakı ilə Təqsirləndirilən şəxs saxlanması, üstünün yoxlanmasına dair videoya və Vaqif Heydrəovun üzərindən aşkar olunanlara baxış keçirilməsi, Təqsirləndirilən şəxs sellofan bükümdə olan maddələri öz şəxsi istifadəsi üçün Əhmədli qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini bildirməsi, aşkar olunanların yenidən qablaşdırılması müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-6/417/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”; X2 “imza”; Şahid1 “imza”; X6 “imza”; Şahid2 “imza”; X3 “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 04 (dörd) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri- 0,300 qram, -0,261 qram, -0,353 qram və -0,225 qram, ümumi təmiz çəkisi -1,139 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Həmin 04 (dörd) ədəd bükümdə olan metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə enidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-1,139 qram, tədqiqata sərf edildi: 0,160 qram (hər ob.dən – 0,040 qram olmaqla), qalıq-0,979 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 485 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-27/2025 nömrəli iş üzrə 01 fevral 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 yanvar 2025-ci ildən hesablanmaqla 30 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-126/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün həddində, yəni 20 may 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 1,139 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,979 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 03 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini nəzərə alaraq onun əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasının əvvəli 30 yanvar 2025-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,979 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 30 yanvar 2025-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,979 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 (altı) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 (altmış altı) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h **********9212327214, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-353/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-353/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver