Məhkəmə qərarları › İş №1(010)-354/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-354/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-354/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Vəfa Cabir qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 iyun 2023-cü il tarixdə, saat 11:10-da, Bakı şəhərində xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Xabarovsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 nəfər azyaşlı uşağı olan, ali təhsilli, heç bir yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, ünvan 23-cü il tarixli qərarı ilə əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-354/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd nömrəsi silinmiş, Azərbaycan Respublikasında, İQLİM EİM-də istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli Zəfər modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Zəfər modelli tapançaların komplekt hissəsi olan daraq və 05 ədədi 2019-cu ildə, 02 ədədi 2018-ci ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən ümumilkdə 07 ədəd patronları qanunsuz əldə edərək üzərində gəzdirib yaşadığı ünvan 3 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2023cü il tarixdə saat 14:55-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanının yaxınlığında etibarnamə əsasında idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobilinin yanında olduğu zaman saxlanılmış və həmin gün saat 18:58-dən etibarən yaşadığı ünvan 3 ünvanına sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin evin həyətində ayaqqabı dolabında 01 ədəd göy rəngli sellofan torbanın içərisində qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı 01 ədəd göy rəngli cins şalvara bükülmüş vəziyyətdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd nömrəsi silinmiş, Azərbaycan Respublikasında İQLİM EİM-də istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli Zəfər modelli tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Zəfər modelli tapançaların komplekt hissəsi olan daraq və 05 ədədi 2019-cu ildə, 02 ədədi 2018-ci ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x19 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı hesab edilən ümumilikdə 07 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 17 fevral 2023-cü il saat 14:55-də Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanının yaxınlığında idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Daha sonra Baş İdarəyə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə avtomobillə birlikdə getmişlər. Müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən avtomobil açarını, həmin gödəkçənin sol yan cibindən ev açarını, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş avtomobil açarı və evin açarı geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı hazırda üzərində və idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları olmasa da yaşadığı ünvan 3 ünvanında 01 ədəd silah və 07 ədəd patron gizlədib saxladığını və həmin ünvana baxış keçirələcəyi halda tapança silahı və 07 ədəd patronu təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra icazə və razılığı ilə idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobildən qanunsuz odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Avtomobilə baxış bitdikdən sonra bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra düzgün olduğu üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra icazə və razılığı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilmişdir. Yaşadığı ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra həyətdə ayaqqabı şkafında 01 ədəd tapança və 07 ədəd patron saxladığını bildirib həmin şkafa yaxınlaşaraq şkafı açıb içərisindən 01 ədəd göy rəngli sellofan torbanı götürüb həmin sellofan torbanın içərisində silah olduğunu bildirmişdir. Sellofan torba açılarkən göy rəngli cins şalvara bükülmüş vəziyyətdə 01 ədəd tapança və 01 ədəd daraq aşkar edilmişdir. 01 ədəd daraq boşaldılarkən darağın üzərində 07 ədəd patron aşkar edilmişdir. Yaşadığı ünvan 3 ünvanından baxış zamanı aşkar edilmiş 01 ədəd tapança, 07 ədəd patron və 01 ədəd daraq polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. O, ifadəsində göstərmişdir ki, 01 ədəd “Zəfər modelli tapançanı, 01 ədəd darağı və 07 ədəd patronu saxlamaq üçün 2 ildir ki tanıdığı “Sabir” adlı tanışı saxlaması üçün ona vermişdir. O, sözügedən silahdan heç vaxt istifadə etməmişdir. Sonda törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Kriminalistik Tədqiqatlar İdarəsinin Kriminalistika Şöbəsində baş eksperti, polis polkovnik-leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixli 23/137R nömrəli ekspertiza rəyi tərəfindən hazırlanıb. İlk öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən 17 fevral 2023-cü il tarixdə qəbul edilmiş məhkəmə ballistik ekspertizasının keçirilməsi haqqında qərara əsasən tərəfindən ilkin məhkəmə ballistik ekspertizası keçirildiyini bildirmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd kağız zərfdə 01 ədəd “Zəfər” modelli tapança, 01 ədəd daraq və 07 ədəd 9x19 mm kalibrli patron aşkar edilmişdir. Təqdim edilmiş 07 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah Azərbaycan Respublikasında, İQLİM EİM-də istehsal olunmuş 9 mm kalibrli Zəfər modelli tapança, yivli odlu silah, texniki cəhətdən saz və atəş üçün yararlı olduğu , 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Zəfər modelli tapançaların komplekt hissəsi-darağı, texniki cəhətdən saz və istifadə üçün yararlı olduğu müəyyən olunmuşdur. 07 ədəd patronlardan 05 ədədi 2019-cu ildə, 02 ədədi 2018-ci ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı və atəş üçün yararlı olduğu müəyyən olunmuşdur. Ekspertiza rəyində olan ziddiyyətlərlə texniki səhvlə bağlıdır. Belə ki, rəyin patronların tədqiqi və nəticə hissəsində 07 ədəd patronlardan 05 ədədi 2019-cu ildə 03 ədədi 2018-ci ildə istehsal olunmağı qeyd olunduğunu, lakin əslində isə 05 ədədi 2019-cu ildə 02 ədədi 2018-ci ildə olmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında qismində ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradıldı və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 17 fevral 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 65A ünvanına gedərək, orada əməliyyat mövqeyi seçmişlər. Həmin ünvanda olduqları zaman, yəni 17 fevral 2023-cü il tarixdə saat 14:55-də Təqsirləndirilən şəxs məxsus **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobilin yol kənarında dayandığını, zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin həmin avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmişlər və həmin şəxs də buna etiraz etməmişdir. Odur ki, həmin şəxsin istifadəsində olan **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobil ilə BMCMİyə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazını bildirməmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən avtomobil açarını, həmin gödəkçənin sol yan cibindən ev açarını, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş avtomobil açarı və evin açarı Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon təhqiqatçı Babək Haqverdiyev tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində və idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları olmasa da yaşadığı ünvan 3 ünvanında 01 ədəd tapança və 07 ədəd patron gizlədib saxladığını və həmin ünvana baxış keçirələcəyi halda tapança silahı təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış başa çatmış və Baş İdarənin qarajında Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilməsi məqsədi ilə həmin avtomobilin yanına getmişlər. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını demişdir. Baxış başlanmış və təhqiqatçı tərəfindən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-FY-*** qeydiyyat nişanlı “Hyundai Getz” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı saxlamadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz əşya və ya predmet, eləcə də odlu silah və döyüş sursatı aşkar edilməmişdir. Avtomobilə baxış yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı ünvan həyətyanı sahədən ibarət mişar daşları ilə əhatə olunmuş ikimərtəbəli, lakin birinci mərtəbəsi yarımtikili olan yaşayış üçün nəzərdə tutulmuş ev olması müəyyən edilmişdir. Evin həyət qapısı dəmir qapı olmuşdur. Təqsirləndirilən şəxs həyət qapısını açıb iştirakçıları həyətə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə saat 18:58 dəqiqədən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilməyə başlanılmışdır. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həyətdə ayaqqabı şkafında 01 ədəd tapança və 07 ədəd patron saxladığını bildirib həmin şkafa yaxınlaşaraq şkafı açıb içərisindən 01 ədəd göy rəngli sellofan torbanı götürüb həmin sellofan torbanın içərisində silah olduğunu bildirmişdir. Sellofan torba açılarkən göy rəngli cins şalvara bükülmüş vəziyyətdə 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd daraq aşkar edilmişdir. Tapança tipli dəmir predmetin üzərində hər hansı xüsusi nişan müşahidə edilməmişdir. 01 ədəd daraq boşaldılarkən darağın üzərində 07 ədəd tamlığı pozulmamış patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından baxış zamanı aşkar edilmiş 01 ədəd tapança tipli predmet, 07 ədəd patron və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Şahid3 və X7 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən qanunla olunmuş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməsə də, Təqsirləndirilən şəxs ilk dəfə olaraq məhz həmin istintaq hərəkəti zamanı yaşadığı ünvanda qanunsuz olaraq odlu silah olduğunu etiraf etmişdir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli “Yaşayış ünvanına baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman oradan onun qanunsuz olaraq əldə edib, daşıyaraq saxladığı texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 01 ədəd “Zəfər” modəlli tapança, 01 ədəd daraq və 07 ədəd patron aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilir. Baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın vide çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışınvideo çəkilişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həyətdə ayaqqabı şkafında 01 ədəd tapança və 07 ədəd patron saxladığını bildirib həmin şkafa yaxınlaşaraq şkafı açıb içərisindən 01 ədəd göy rəngli sellofan torbanı götürüb həmin sellofan torbanın içərisində silah olduğunu bildirir. Sellofan torba açılarkən göy rəngli cins şalvara bükülmüş vəziyyətdə 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd daraq aşkar edilir. 01 ədəd daraq boşaldılarkən darağın üzərində 07 ədəd tamlığı pozulmamış patron aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 18 fevral 2023-cü il tarixli 23/137 R nömrəli məhkəmə-ballistik ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah Azərbaycan Respublikasında, İQLİM EİM-də istehsal olunmuş 9 mm kalibrli Zəfər modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Zəfər modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlardan 05 ədədi 2019-cu ildə, 02 ədədi 2018-ci ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında ətraflı məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 01 mart 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.2..1-ci maddəsi ilə təqsirli bilinərək 01 il sınaq müddəti təyin edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayəti törətməsində təqsiri tam sübuta yetirilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını, һabelə təyin olunan cəzanın onun islaһ olunmasına və ailəsinin һəyat şəraitinə təsirini nəzərə alır. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 829226 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 birgə nikahlarından 24 dekabr 2022-ci il təvəllüdlü X2 anadan olmuşdur. Törətdiyi cinayəti qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddələr ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni islah işləri və azadlığın məhdudlaşdırılması növündə cəzaların da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 fevral 2023-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 fevral 2023-cü il tarixli qərardan, ünvan 23-cü il tarixli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)- 354/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərarından görünür ki, X9 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddələri ilə ittiham elan edilmiş, ünvan 23-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-354/2023 saylı, 12 aprel 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məһkəmə һesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 ədəd “Zəfər” modəlli tapança, 01 ədəd daraq və ekspertiza tətqiqatından qalıq qalmış 04 ədəd patron Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəһbər tutaraq məһkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məһrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd “Zəfər” modəlli tapança, 01 ədəd daraq və ekspertiza tətqiqatından qalıq qalmış 04 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 14 (on dörd) iş saatı üçün 84 (səksən dörd) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 813 noyabr692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apelyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar