Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-355/2022 28.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 22 – 24 iyul 2021-ci il tarixləri üzrə tutulmuş, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyul 2021-ci il tarixdə psixotrop maddələrdən istifadə etməsi nəticəsində sərxoş halda saat 15 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Sonata” markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» massivində yerləşən “Lukoil” YDM-dən üzü “Fatimeyi Zəhra” məscidi istiqamətinə həmin məscidin arxa hissəsi ilə 80 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməli olduğu halda, yəni yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını alması mümkün olan ara məsafəsi seçməli və 1.1 – 1.3 xətlərini kəsib keçmək qadağan olduğu halda bu tələblərə riayət etməyərək, ondan öndə hərəkət edən sürücüsü, markası və qeydiyyat nişanı istintaqa məlum olmayan nəqliyyat vasitəsi ani bir vaxtda əyləcdən istifadə etdiyinə görə həmin avtomobillə toqquşmamaq üçün sükanı sola doğru istiqamətləndirərək əks istiqamətli nəqliyyat axının yoluna çıxıb həmin hissə ilə hərəkətdə olmaqla təhlükə yarandığını görüb avtomobilini dayandırmış Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz C200” markalı 90XZ539 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin əziyi ilə müşayiət olunan, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, “Hyundai Sonata” minik markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobil anası Şahid2 adınadır. Lakin avtomobili əsasən atası etibarnamə ilə idarə edir. Eyni zamanda özünün də lazım olanda idarə etməsi üçün etibarnaməsi var. 21 iyul 2021-ci il tarixdə saat 15 radələrində ailəsinə məxsus qeyd olunan “Hyundai Sonata” markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evdən çıxıb əvvəl yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getmiş, orada «Lukoil» yanacaqdoldurma məntəqəsinin qarşısından əvvəl məhəllədən tanıdığı Şahid1 yolüstü götürüb “Səbət” marketin qarşısına düşürdəcəkdi. Yeni Günəşli qəsəbəsində üzü “Fatimeyi Zəhra” məscidi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman məscidin arxa hissəsindəki su idarəsinin qarşısında hərəkətdə olan “Hyundai Azera” markalı avtomobil birdən əyləcə basdığı üçün özü də idarə etməni itirib əks yola çıxmış və qarşısında əks istiqamətdə hərəkətdə olan “Mercedes Benz C200” markalı 90XZ539 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxmışdır. “Mercedes Benz C200” markalı 90XZ539 dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxdığını görüb avtomobilini saxlamış, özü də həmin avtomobil ilə toqquşmamaq üçün avtomobilinin əyləcini sıxıb avtomobili saxlamaq istəmiş, lakin avtomobili saxlaya bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin avtomobil toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobildə olan sürücü xəsarət almış, eyni zamanda özü və avtomobilində olan sərnişin Orxan da xəsarət almış, buna görə də, TTY avtomobili ilə 3 saylı xəstəxanaya getmişlər. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs həmçinin bildirir ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin əvəzini qarşılamış, o, cümlədən Zərərçəkmiş şəxs 11.000 manat məbləğində pul ödəmişdir. Həmçinin belə razılaşmışlar ki, Zərərçəkmiş şəxs sığorta şirkətinə özü müraciət etməklə pul alacaq. Bununla əlaqədar zərərçəkmiş şəxs ibtidai istintaq orqanına yazılı formada müraciət edərək ona vurulmuş zərərin ödənildiyini, şikayətinin və tələbinin olmadığını bildirmiş, lakin sonradan yenidən şikayət etməyə başlamışdır. Zərərçəkmiş şəxslə sonrakı bütün barışıq cəhdləri, sonuncunun ona qarşı yenidən pul tələbi irəli sürməsi səbəbindən nəticə verməyib. Onun və ailəsinin isə zərərçəkmiş şəxsə daha artıq miqdarda ödəniş etməsi üçün maddi imkanı yoxdur. Göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 2021-ci ilin yanvar ayından etibarən “Mercedes Benz 0200” markalı 90XZ539 dövlət qeydiyyat nişanlı avtomobili faktik olaraq satın almış, lakin öz adına sənədləşdirməmişdir. Ona görə də avtomobili etibarnamə əsasında idarə edir. 21 iyul 2021-ci il tarixdə saat 15 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı evdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, su idarəsi istiqamətindən üzü “Lukoil” yanacaqdoldurma məntəqəsi istiqamətinə hərəkətdə olan zaman avtomobili təxminən 40 km/saat sürətlə hərəkət etdirmişdir. Öz hərəkət yolunda olan zaman ona əks istiqamətdə qarşı hərəkət zolağında hərəkət edən “Hyundai Sonata” markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobil öz yolu ilə hərəkət edən zaman qəflətən qarşı hərəkət zolağına, yəni onun hərəkət yoluna daxil olmuş, bunu gördüyü an idarə etdiyi avtomobilin əyləcini sıxıb avtomobili dayandırmışdır. Bu zaman həmin “Hyundai Sonata” markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobil sürətlə gəlib onun öz hərəkət zolağında idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. “Hyundai Sonata” markalı avtomobil saatda 80 km-lə hərəkət edirdi. Onu hadisə vaxtı Sabunçu xəstəxanasına oradan da DİN hospitalına aparmışlar. Orada 10-12 gün qalmış və ayağından əməliyyat olunmuşdur. 2 ay ev şəraitində müalicə aldıqdan sonra masaja və üzgüçülüyə gedərək yeriməyini bərpa etmək üçün bəzi müalicələr etdirmişdir. Əvvəlcə təqsirləndirilən şəxsin valideyinləri onlarla barışıb valideyinlərinə 11.000 pul ödəmişlər. O, hadisədən bir neçə gün əvvəl idarə etdiyi avtomobilini satmaq məqsədi ilə sosial şəbəkələrdə elanını yerləşdirmişdir. Orada avtomobilini 12.300 manata satmaq istəmişdir. Onun ayağına qoyulan milin qiyməti 2.500- 3.000 manat civarındadır. Bundan əlavə o, xəstəxanada yatan zaman yanında 12 gün müddətində əlavə şəxsin saxlanılması məqsədi ilə hər günə 50 manat pul ödəmişlər. Həmçinin əməliyyatdan sonra o, gəzmək üçün qolcuqlar almış və ona da müəyyən məbləğdə pul ödəmişdir. Düşünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxsin ona ödədiyi məbləğin iki qatıdır. Əslində təqsirləndirilən şəxs ona 12.000 manat ödəməli idi, lakin 11.000 manat ödəmişdir. Atası ilə razılaşmışlar ki, ona avtomobilə görə ödədiyi puldan əlavə sığorta şirkətindən alacağı pulu da onun özünə dəymiş ziyana hesablayacaqlar. Lakin sığorta şirkəti ona bildirdi ki, müstəntiq təqdim olunan sənədlərdə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini qeyd etmişdir. Dəymiş ziyan ödənildiyi halda sığorta şirkəti zərərçəkmiş şəxs qarşısında məsuliyyət daşımır. Sığorta şirkəti zərərçəkmiş şəxsə deyil, zərər vuran şəxsə ödəniş etməlidir. Zərər vuran şəxs hadisə vaxtı narkotik vasitələrin təsiri altında olduğundan həmin pulu ona da ödəmirlər. Sürücü narkotik vasitələrdən istifadə edərək, sərxoş vəziyyətdə avtomobili idarə etdikdə və sənədləri qaydasında olmadıqda xəta baş verdikdə sığorta şirkəti tərəfindən ona ödəniş olunmur. O, özü təqsirləndirilən şəxsin atasına bildirmişdir ki, sığorta şirkəti ona pul ödəmir. O isə bildirmişdir ki, onlar artıq barışıq ərizəsi yazmış, buna görə də onu narahat etməsin. O, da narahat etmədi və müstəntiqə müraciət edərək bu barədə ona bildirmişdir. Bundan başqa qeyd edir ki, təqsirləndirilən şəxsin vəkili onun iş yerinə gələrək ondan rəisinə şikayət etmiş və bildirmişdir ki, o, təqsirləndirilən şəxsdən pul tələb edir. Təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulan cəza təyin olunmasını məhkəmədən xahiş edir. Şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. “Hyundai Sonata” minik markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobil sənəd üzərində özünün adına olsa da, ailəsinə məxsusdur. Həmin avtomobili həyat yoldaşı və oğlu Təqsirləndirilən şəxs etibarnamə ilə idarə edirlər. Oğlu Cavid xx.xx.2021-ci il tarixdə qeyd olunan avtomobillə yol-nəqliyyat hadisəsi törədib. O, hadisənin şahidi olmamışdır. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. 23 iyul 2021-cı il tarixli 8/1674 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Hyundai Sonata markalı 99RZ898 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C200 markalı 90XZ539 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 22 iyul 2021-cı il tarixli 762 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir». Canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 26 iyul 2021-cı il tarixli 785 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ budun əzilmiş yarası və sağ diz oynağının şişkinlik halında əziyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etdiyini və peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu zərərin əvəzi olaraq 11.000 manat miqdarında pul ödədiyini, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıra biləcək hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı pul tələbi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə izah edir ki, İlyasov X1 Cavid Elşad oğluna qarşı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 – 24 iyul 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №1(010)-355/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-355/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver