Məhkəmə qərarları › İş №1(010)-355/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-355/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-355/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi Məhkəmə iclas katibi Qocazadə Aysel Məzayim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 01 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 21 aprel 2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 19 aprel 2024-cü il tarixdə saat 20:00-də Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin CA-nın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PŞ-nə gətirilmiş və orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümdə təmiz çəkisi 0,896 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisidir, narkotik vasitələrin istifadəsinə görə əvvəllər barəsində cinayət işinin olduğunu, həmin cinayət işi ilə bağlı olaraq azadlıqın məhdudlaşdırılması cəzası aldığını, xx.xx.2024-cü il tarixdə öz istifadəsi üçün 10 manat verərək psixotrop maddə olan metafetamin aldığını, istifadə etmək üçün üzərində saxlayıb daşıdığını, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanının qarşısı ilə hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs onu saxlayaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etdiklərini, 33-cü PB-də olan zaman üzərinə baxış keçiriləcəyini bildirdiklərini, bundan sonra özünün üzərində olan idman şalvarının sağ yan cibindən 10 manat dəyərində aldığı psixotrop maddəni təqdim etdiyini, sonra üzərinə baxış keçirildiyini, lakin heçnə aşkar edilmədiyinə görə üzərindən çıxan psixotrop maddənin qablaşdırıldığını və ekspertizaya yollandığını, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-də və Bakı şəhəri Suraxanı RPİ-də olan zaman ona zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 15:00- 17:00 aralığında evdə tək olduğu vaxt sahə müvəkilli Azər adlı polis əməkdaşı onun yaşadığı evə gəlmiş və Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin rəisinin onu çağırdığını bildirmişdir. Bundan sonra o evdən çölə çıxanda maşında Ülvi adlı polis əməkdaşı və onun yanında başqa bir nəfər də olduğunu görmüşdür. O özünü ona görə qismən təqsirli hesab edir ki, bölmədə olarkən onun barəsində narkotik vasitəni ya külli miqdarda ya da az miqdarda istifadə edən kimi cinayət işinin açılacağı bildirilmişdir. O da həmin bölmədə təzyiqə məruz qalmaqdan qorxduğu üçün məcburi şəkildə narkotik vasitənin özününki kimi təqdim edərək, etirafedici izahat vermişdir. Eyni zamanda o bildirmişdir ki, onu bölməyə aparanda orada rəisi görməmişdir. Bundan başqa o bölməyə aparılarkən onun üzərində narkotik vasitə olmamış və uzun zamandır ki, narkotik vasitələrdən istifadə etməmişdir. Daha sonra isə o evə getmişdir. Sonda onun ailə vəziyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını, aliment ödədiyini, özünün və qardaşının ailəsinə onun baxdığını bildirərək, ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, 19 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat alıb, dərhal həmin məlumatı PŞ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Bakı şəhəri Suraxanı Rayonu Polis İdarəsinin 33-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı Rayonu Zığ qəsəbəsi, Nizami küçəsində, saat 20:00-da ünvan 4 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Ona narkotik maddə qəbul etməsi barədə məlumatları olduğunu bildirib, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən onlarla gəlmişdir. Bundan sonra onlar Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibində 01 ədəd bükümdə psixotrop maddə olduğunu bildirdi və əynində olan qara idman şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etdi. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Hər hansı əşya aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirmiş, baxış zamanı həmin 01 ədəd bükümdə ağ rəngli kristalik psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün psixotrop maddə metafetamin olduğunu, həmin psixotrop maddə metafetamini Bakı şəhəri Suraxanı Rayonu ərazisində üzdən tanığı şəxsdən 10 manat verərək aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir ədəd bükümdə olan psixotrop maddə metafetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 33-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, o, əynidəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan psixotrop maddə metafetamini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda məlum olur ki, bükümün içərisində psixotrop maddə olan metafetaminə oxşar kütlə vardır. Elnur Priverdiyev təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metafetamin olduğunu, psixotrop maddə metafetamini Bakı şəhəri Suraxanı Rayonu ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 mant pul ödəyərək aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa hər hansı yad əşya aşkar edilməmişdir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 20 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2149 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 195" dairəvi möhür əksi "Vət. Təqsirləndirilən şəxs imza” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,896 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ümumi təmiz çəkisi 0,896 qram olan metamfetaminin 0,05 qram hissəsi tədqiqata sərf olunmuş, qalıq 0,846 qram təşkil etmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 21 aprel 2024-cü il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən görünür ki, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-PB-nin təhqiqatçısı, polis kapitanı Elşən İsmayılovun xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs, Bakı şəhəri, Suraxanı RPİ-nin 33-ci PB-nin CA-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və 33-cü PB-nin əməliyyat müvəkkili Şahid2 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir və həmin bir ədəd bükümün içərisində ağ rəngli kristalik formada psixotrop maddə metafetmainə bənzər maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümün içərisindəki psixotrop maddə metafetamindir və həmin psixotrop maddəni Suraxanı Rayonu ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manata aldığını, istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənərək götürülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 may 2024-cü il tarixli 3049 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 01 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli hökmünə əsasən 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə habelə Təqsirləndirilən şəxs polis işçilərinin ona verdiyi narkotik vasitənin özününki kimi təqdim edərək, etirafedici izahat verməsi barədə müdafiəçisinə xəbər vermək, həmçinin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə vəsatət prokurora şikayət etmək imkanı olduğu halda, bunları etməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir. Azərbaycan Respublikasının 28 iyun 2001 sentyabr-ci il tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” İ siyahısının 5-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2001 sentyabr-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cü maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, hazırda məhkumluğunun olmasını, narkomaniya xəstəliyinə tutulduğunu habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs onun ailə vəziyyətini, himayəsində 1 azyaşlı uşağının olmasını, aliment ödədiyini, himayəsində özünün və qardaşının ailəsinə onun baxdığını bildirərək və məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-338/2023 saylı, 11 may 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 21-1/3-13132/7saylı, 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 11 (on bir) ay 10 (on) gün müddət çəkmiş və onun 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddət çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-338/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və bu zaman ona Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-338/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası bu hökm üzrə hökmlərin məcmusu qaydasında təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 19 aprel 2024-cü il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması və qətimkan tədbirinin seçilməsi haqqında 21 aprel 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi qərara alınaraq həmin qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmiş və bundan sonra Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,846 qram olan psixotrop maddə-metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanmaqla, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-338/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün hissəsi 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-338/2023 saylı, 11 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün hissəsi, 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 02 oktyabr 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd CD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, xalis çəkisi 0,846 qram olan psixotrop maddə-metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 05 (beş) iş saatı üçün 30 (otuz) manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar