Məhkəmə qərarları › İş №1(010)-356/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-356/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-356/2021 14.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1988-ci il də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 87-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, 9 mm kalibirli, Makarov konstruksiyalı texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan yivli odlu döyüş silahını, üzərində bir ədəd zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə bircərgəli 08 ədəd 9x18 mm kalibirli patronların saxlanması üçün nəzərdə tutulan darağı, dörd ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibirli olmaqla həmin kalibirli Makarov (PM) Steçkin (APS) konstrusiyalı həmin kalibirli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş istifadəyə və atəş açmaq üçün yararlı döyüş sursatını qanunsuz olaraq əldə edib üzərində saxlamala daşımış, 14 sentyabr 2021-ci il tarixdə, saat 12.30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində Suraxanı RPİ-nin 31 -ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilindiyindən saxlanılaraq, ünvan 2 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə gətirilmiş, videoçəklişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə həyata keçirən zaman, onun əynində olan göy rəngli cins şalvarının bel hissəsindən odlu silah, döyüş sursatı və onun komplekt hissəsi aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, saxlanıldığı vaxtdan təxminən 15 gün əvvəl Xəzər rayonunun Buzovna qəsəbəsində, dəniz kənarında olduğu zaman bir ədəd tapança tapmışdır. Həmin tapançanın üzərində bir ədəd sandıqça və 4 ədəd patronu olmuşdur. O, həmin silahı götürüb özündə saxlamışdır. 14 sentyabr 2021-ci il tarixdə, təxminən saat 12:30-da o, Bakı şəhəri Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsində piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərmiş, daha sonra ondan şəxsiyyəti barədə soruşmuş, o da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun qanunsuz olaraq odlu silahın əldə edilməsi ilə məşğul olduğuunu bildirərək, üzərində şəxsi axtarış keçirilməsi üçün 31-ci PB-nə dəvət etmişlər. O, da razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. 31-ci PB-də otaqların birində ona hüquqları izah edilmiş və daha sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Həmin vəkili ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə ondan üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın bel hissəsində gizlətdiyi 1 ədəd tapançanı, üzərindəki daraq və 4 patronu ilə birlikdə çıxarıb təqdim etmişdir. Həmin tapançaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş və daha sonra ondan aşkar edilmiş həmin tapançanı nə vaxt, kimdən, hansı yolla və hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O, da həmin tapançanı təxminən 15 gün əvvəl Novxanı qəsəbəsində dəniz qırağında tapdığını və özü ilə götürdüyünü, bugün də Suraxanı qəsəbəsinə gətirib, buruqların arasında gizlətmək üçün gətirdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş 1 ədəd tapança, 1 ədəd sandıqça və içərisində olan 4 ədəd patron onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilərək götürülmüş 1 ədəd tapançadan heç vaxt istifadə etməmiş və hər hansı bir cinayət əməli törətməmişdir. Həmin silahdan istifadə etməyi heç vaxt düşünməmişdir. Lakin həmin silahı polis əməkdaşlarına təhvil vermək də istəməmiş, sadəcə həmin silahı gizlətmək istəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində “İsmayıl” adlı şəxsin odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra, ondan və Suraxanı RPİ-nin 31 -ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar həmin gün saat 12:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində xarici əlamətlərindən İsmayıl adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və bu şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonunjuya odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razı olaraq, onlarla birlikdə 31-ci PB-nə gəlmişdir. 31-ci Polis Bölməsində xidməti otaqların birində sonunjuya hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa, onu təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın bel hissəsindən 1 ədəd tapançaya bənzər dəmir aləti çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi dəmir alətin nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin dəmir alətin tapança olduğunu və özünə məxsus olduğunu, həmin tapançanı 15 gün əvvəl Buzovna qəsəbəsində dəniz kənarında tapdığını, bugün də həmin tapançanı Suraxanı qəsəbəsində buruqlarm arasında gizlətmək üçün gətirdiyini bildirmişdir. Həmin tapançaya baxış keçirilmiş və üzərində bir ədəd sandıq və 4 ədəd patron olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş alət, sandıq və 4 ədəd patron götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 31-ci PB-də olduğu zaman, ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 15 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 sentyabr 2021-ci il tarixli 21/553R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah, zavod üsulu ilə keçmiş SSSR-də istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli oldu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və müxanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş silahıdır, istifadəyə və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdu. -Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasmda olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəyi qeyd edilmişdir. -Təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. DİN, KTİ-də “fıziki-kimyəvi” ekspertiza keçirilmədiyindən qərarda göstərilən “-həmin silahdan atəş açılmışdırmı, əgər açılmışdırsa atəşin vaxtı müəyyən edilsin;” sualına cavab verilməmişdir. İstintaq zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəmənin 14.03.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04.11.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 24.02.2017-ji il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ji maddəsi ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrumetmə jəzasına məhkum edilmiş, 27.11.2018-ji il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafediji ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası DİNnin Kriminalistik Tədqiqatlar İdarəsinin rəyi ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutaraq, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanın ağırlaşdıran hal olmasını qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə, məhkumluq ödənilmiş hesab edilir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən hal əsas götürülməklə, həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin 228.1-ji maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu andan – 14 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanj yerinə təhvil verilmiş 01 ədəd zavod üsulu ilə keçmiş SSSR-də istehsal olunmuş 9 mm kalibrli, yivli oldu döyüş silahı sayılan, texniki cəhətdən saz və atəşə yararlı olan Makarov konstruksiyalı tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və bircərgəli olan və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan daraq və ekspertiza tədqiqatından sonrakı qalıq 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş silahı olan, istifadəyə və atəş üçün yararlı olan patronlar hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun. İş üzrə ekspertiza xərci yoxdur. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar