Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-357/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, tərcüməçi-mütəxəssis X1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 29 – 31 mart 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,666 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 29 mart 2024-cü il tarixdə saat 20:00 radələrində Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,666 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 mart 2024-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı, adını bilmədiyi şəxsdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən 25 manat ödəniş edərək öz şəxsi istifadəsi üçün almış və istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. 29 mart 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsi ərazisində olduğu zaman Suraxanı Rayon Polis İdarəsinin iki nəfər əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu Suraxanı Rayon Polis İdarəsinə gətirərək təhvil vermişlər. Polis idarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. O, da buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verilmişdir. O, da əynində olan qara rəngli şalvarının sağ cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə psixotrop maddə metamfetamindir. Ondan aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 45 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Suraxanı Rayon Polis İdarəsində ona qarşı hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində işləyir. Bakı şəhəri, Suraxanı rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi və saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 29 mart 2024-cü il tarixdə ondan və Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 29 mart 2024-cü il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin vaxt həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs birlikdə Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs ərizə verərək üzərinə keçiriləcək şəxsi axtarış zamanı müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm təqdim etmiş və təqdim etdiyi bükümün içərisindəki maddənin «patı», «şüşə» kimi tanınan psixortrop maddə metamfetamin olduğunu, 29 mart 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisində ağ kristal şəkilli psixotrop maddəyə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı RPİ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı X2 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin KMQ-nın və CAŞ-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinintələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etdi və təqdim etdiyi bükümün içərisindəki maddənin “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, 29 mart 2024-cü il tarixdə səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 25 manat pulun müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1737 N°li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 45” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,666 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələr”-in siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,666 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,616 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3195 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən nsrkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-i bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə iltizam qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,666 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,616 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-505/2017 nömrəli iş üzrə 12 aprel 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 04 iyul 2023cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 02 ay 12 günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 16 sentyabr 2023-cü ildə cəza müddəti başa çatmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, İİ-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 29 – 31 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyul 2024-cü ildən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,616 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 – 31 mart 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 iyul 2024-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbsnövündə qətimkan tədbiri ilə əvəz edilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,616 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-357/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-357/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver