Məhkəmə qərarları › İş №1(010)-357/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-357/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-357/2025 26.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 12 may 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evində qızı Zərərçəkmiş şəxs yaşadıqları evi satmaq barədə təklifindən əsəbləşərək qəsdən yumruğu ilə sonuncunun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona hər iki bazu, sağ əl və sol əlin İİİ barmağı nahiyələrində qançırlar, sağ əlin baş barmağı, sol əlin İİİ barmağı, sol diz oynağı və sağ daban nahiyələrində sıyrıqlar, başın ənsə nahiyəsində əzilmiş yara və sağ bazu nahiyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 342/1-də arvadı X2 və qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Arvadı əlildir və yataq xəstəsi olduğu üçün günün çox hissəsini öz otağında olur. Bir neçə müddət olar ki, qızı yaşadıqları evi sataraq başqa ərazidən ev almaqlarını təklif edir. Hər dəfə qızına etirazını bildirmişdir. 15 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları evdə olan zaman qızı Natəvan yenidən yaşadıqları evi satmağı təklif etdiyi üçün aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı əsəbləşdiyi üçün yumruqla bir neçə dəfə qızının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Zərbənin təsirindən qızı yerə yıxılmış və bundan sonra evdən çıxıb getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisə evi satmaq üstündə yaranmışdır. Xəsarətlər onun tərəfindən yetirilmişdir. Əvvəllər hər hansı məhkumluğu olmamışdır. Özünü qeyd olunan əməl üzrə tam təqsirli bilir. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, bununla bağlı zərərçəkmiş şəxsin notarial qaydada ərizə verməsini nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək məhkəmə iclasında tədqiq edilmiş, Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 342/1-də atası Təqsirləndirilən şəxs və anası X2 ilə birlikdə yaşayır. Anası əlildir və yataq xəstəsi olduğu üçün günün çox hissəsini özünə məxsus otağında keçirir. Bir neçə müddət idi ki, atasıyla evi sataraq yeni ev almaq üstündə danışıqlar aparmışdır. Hər dəfə bu mövzuda söhbət açıldıqda atası onunla sözlə mübahisə etmişdir. 15 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində atasıyla yaşadıqları evin qonaq otağında olan zaman yenidən evin satılması ilə bağlı söhbət edərkən, atası qəti şəkildə evin satılmayacağını deyərək üzərinə hücum çəkərək yumruqla onun bədəninin müxtəlif nahiyələrinə və başına bir neçə dəfə zərbə vurmuşdur. Zərbələrin təsirindən yerə yıxılmışdır. Bundan sonra, atası evdən çıxıb getmişdir. İlk öncə şikayət etmək istəməsə də, sonradan 16 aprel 2025-ci il tarixdə qohumlarının məsləhəti ilə şikayət etmək qərarına gəlmiş və 31-ci polis şöbəsinə gedərək şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, atası Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Zərərçəkmiş şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanladığı 16 aprel 2025-ci il tarixli ərizədə atası Təqsirləndirilən şəxs 15 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində yaşadıqları ünvanda evlərini satmağı təklif etdiyi üçün aralarında yaranan mübahisə zəminində onu döyərək bədən xəsarətləri yetirməsini bildirmişdir. Atası Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. (iş.v.1) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X8 17 aprel 2025-ci il tarixli, 265 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-hər iki bazu, sağ əl və sol əlin İİİ barmağı nahiyələrində qançırlar, sağ əlin baş barmağı, sol əlin İİİ barmağı, sol diz oynağı və sağ daban nahiyələrində sıyrıqlar, başın ənsə nahiyəsində əzilmiş yara və sağ bazu nahiyəsində qançır küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 15 aprel 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər, qeyd edilən xəsarətlərdən əzilmiş yara dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxs tərəfindən özü-özünə yetirilməsi inandırıcı deyildir. (iş.v. 8-10) Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixli ərizələri ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.11-12) 17 aprel 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elnur Mənsimov tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (iş.v. 13) 17 aprel 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v.15-16) Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Bakı Şəhər Mənzil-kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfar Birliyinin 139 saylı MKİS-in rəisi E.Qurbanov tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən aşağıdakı ailə tərkibi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 342 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. (iş.v. 47) 139 saylı MKİS-in rəisi E.Qurbanov tərəfindən verilmiş 01 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 5 ünvanında qeydiyyatdadır. Bu ünvanda yaşadığı müddətdə onun barəsində heç bir dövlət orqanı tərəfindən şikayət daxil olmamışdır. Xasiyyətnamə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə təqdim etmək üçün verilmişdir. (iş.v.48) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş məhkumluqla bağlı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tələbnamədə həmçinin Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı müəyyən olunmamışdır. (iş.v.46) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs CM-in 73.2-ci maddəsində sadalanan maddələr üzrə məhkumluğunun olması və barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 3.1-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan aşağıdakı hallar yüngül xəsarətlərə aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını ətraflı tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, elan edilmiş zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 26 may 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 23 may 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, atası Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Plenum Qərarına əsasən müəyyən edilir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 4 iş saatı üçün 44 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 4 iş saatı üçün 44 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Qərardan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar