Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-359/2022 30.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1965-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatında olan, ünvan 2 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə növündə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,958 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlayaraq daşımış, 08 iyun 2022-ci il tarixdə, saat 10:00 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq, Bakı şəhəri Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,958 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, təxminən 2 il müddət olar ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 08 iyun 2022-ci il tarixdə, saat təxminən 10:00 radələrində o, yaşadığı evin qarşısında yəni, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək, üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nə dəvət etmiş, o, polis əməkdaşları ilə razılaşıb, onlar ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-nin inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etsin. O, əynində olan göy rəngli idman şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm psixotrop maddə metamfetamini cibindən çıxardaraq, polis əməkdaşlarına təqdim etmiş. Polis əməkdaşları təqdim etdiyi bir ədəd büküm kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi bir büküm kütlənin psixotrop maddə metamfetamin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Saxlanılarkən və polis polis idarəsində olarkən, ona qarşı heç bir psixi və ya fiziki təsir göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis bölməsinin baş əməliyyat-müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Suraxanı rayon prokuroruna və Suraxanı rayon məhkəməsinin sədrinə məlumatlar verilmiş. Bundan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmış. Həmin gün əməliyyat qrupunun üzvü ilə birlikdə daxil olmuş məlumat əsasında saat təxminən 10:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 2-ci mədən küçəsində Təqsirləndirilən şəxs əlamətlərinə görə tanıyıb, ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək, özlərini ona təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş, onu Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bundan sonra onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gəlmiş, Suraxanı RPİ-də Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirən prosesual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə psixotrop maddə metamfetamindir və özü istifadə etmək məqsədildə 08 iyun 2022-ci il tarixdə Suraxanı rayonu Qaraçuxur qəsəbəsindən tanımadığı şəxsdən 5 manata almışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun üzərindən narkotik və psixotrop maddəyə oxşar kütlə və qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci ildə «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə 08 iyun 2022-ci il tarixli, 6/3218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,958 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin Ambulator X2 Komissiyasının verdiyi xx.xx.2022-ci il tarixli, 3144 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0686 saylı, xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl cəzadan azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yırımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yırılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metamfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, İİ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,908 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,908 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-359/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-359/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver