Məhkəmə qərarları › İş №1(010)-361/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-361/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-361/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov döngəsi, ev 4-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış və barəsində məhkəmənin məcburi gətirilməsi haqqında qərarın icrası ilə əlaqədar Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən 10 avqust 2021-ci il tarixdə, saat 17:25-də Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində saxlanılıb, ünvan 1 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli şalvarın sağ cibində olan bir ədəd pul kisəsinin içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 2,219 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,428 qram və 0,321 qram, ümumi təmiz çəkisi 0,749 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən alıb əldə etmişdir. 10 avqust 2021-ci il tarixdə, səhər saatlarında o, Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadığı şəxsdən 30 manat ödəməklə bir büküm heroin, bir büküm marixuana və iki büküm metamfetamin almışdır. Bundan sonra həmin narkotik maddələri daha sonra istifadə etmək üçün üzərində olan pul kisəsinin içərisinə qoyub saxlamışdır. Sonra isə yaşadığı evə getmişdir. 10 avqust 2021-ci il tarixdə, təxminən saat 17:25 radələrində o, yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Bayramov küçəsində dayanan zaman, mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib, özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun barəsində məcburi gətirilmə haqqında məhkəmə qərarının olduğunu bildirərək, Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə razılaşmış, onlarla birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə gəlmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrim izah olunmuşdur. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya olması barədə sual verilmiş və təklif olunmuşdur ki, üzərində qanunsuz əşya vardırsa, onu təqdim etsin. O, əynində olan qara rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd pul kisəsinin içərisindən bir büküm heroin, bir büküm marixuana və iki büküm metamfetamini çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən, necə, hansı məqsədlə əldə etməyi barədə soruşulmuşdur. O, da həmin bükümlərdən birinin içərisində heroin, birinin içərisində marixuana, digər iki bükümün içərisində isə metamfetamin olduğunu və həmin narkotik maddələri 10 avqust 2021-ci il tarixdə, səhər saatlarında Suraxanı rayonunun Əmircan qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunsuz başqa heç bir əşya aşkar edilməmişdir. Üzərində aşkar edilmiş, içərisində narkotik maddələr olan bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Bölməyə gətirilərkən və üzvrində axtarış keçirilərkən, ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməliyyat-müvəkkili vəzifəsində işləyir və polis kapitnı rütbəsindədir. Suraxanı rayon məhkəməsinin icraatında olan X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid olan hazırki iş üzrə Təqsirləndirilən şəxs məcburi gətirilməsi haqqında qərarın icrası ona həvalə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar o, bir neçə dəfə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, lakin onu tapa bilməmişdir. Bu səbəbdən xeyli müddət qərarın icrası mümkün olmamışdır. 10 avqust 2021-ci ildə o, bölmənin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən, saat 17:25 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq, özünü təqdim edib, onu Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından, onun üzərində şəxsi axtarış aparılması zərurəti yaranmış və bu barədə dərhal raport yazıb, bölmə rəisinə məruzə etmişlər. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin aparılması təhqiqatçı Telman Camalova həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş etməklə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda, onu təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək, özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən qara rəngli, oval formalı dəri materialdan olan pul qabını çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin pul qabı açıldıqda, içərisində 4 ədəd bükümdə olan maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlədə olan maddələrin nə olmasım və hansı yolla əldə etməsi barədə sual verildikdə, sonuncu həmin 1 ədəd sarı kağız bükümdə bitki mənşəli maddənin marixuana, digər gümüşü bükümdə olan tünd qəhvəyi olan maddənin heroin və 2 ədəd ağ rəngli sellofan bükümdə olan maddələrin «şüşə» kimi tanıdığı metamfetamin olduğunu bildirmişdir. Sonuncudan üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və hansı yolla əldə etməsi barədə sual verildikdə, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün səhər saatlarında Suraxanı rayonunun ərazisində tanımadığı şəxsdən 30 manata aldığını və özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bükümlərdəki maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan başqa sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya müəyyən edilməmişdir. Aşkar edilmiş həmin maddələr zərflərə qoyularaq möhürlənmiş, zərfin üzərinə baxışda iştirak edən şəxslər, həmçinin Pərvinin özü imza etmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, protokol oxunmuş, protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin də Pərvin özü imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, 10 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarından görünür ki, 12 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, qeyd edilən tarixdə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 avqust 2021-ci il tarixli 6/3414 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksi «Təhqiqatçı imza T.Camalov» yazı və imzalar olan 1 №-li zəpfdə bir ədəd bükümdə təmiz çəkisi 2,219 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 №-li zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,428 qr və 0,321 qram olmaqla ümumi təmiz çəkisi 0,749 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 11 avqust 2021-ci il tarixli 7/774 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №195» dairəvi möhür əksi olan « imza T.Camalov 10.08.21» yazı və imzalar olan zərfdə bir ədəd kağız kəsiyi bükümdə təmiz çəkisi 0,639 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin zərfdə olan qabın içərisində marixuana hissəcikləri aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə narkoloci ekspertizasının 05.10.2021-ci il tarixli 3789 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən sui birgə qəbul edilməsi nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının və məhkəmə narkoloci ekspertizasının rəyləri ilə, eləcə də işdə olan digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin və metanfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı, beynəlxalq adı qurudulmuş marixuana (kannabis) olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməlini törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra təmiz çəkisi 2,179 qram heroin və psixotrop maddə ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq 0,669 qram metamfetamin məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 2,179 qram heroin və ekspertiza tədqiqatı zamanı sərf edildikdən sonra qalıq 0,669 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar