Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-361/2022 06.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 7(007)-125/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, Hacı İsgəndər küçəsi, döngə 3, ev 31-də qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, dalan 1, ev 43-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən 02 iyun 2022-ci il tarixdə, saat 19:35-da ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılan zaman, əlində olan sarı-ağ rəngli selofan bükümdə təmiz çəkisi 440,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 02 iyun 2022-ci tarixdə Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsi, 3-cü məhəllədə yerləşən mənzilə əvvəllər birlikdə cəza çəkdiyi dostunu görməyə getmişdir. Baxmayaraq ki, bir gün əvvəl heroin istifadə etmiş, lakin həmin gün üzərində heç bir narkotik vasitə olmamışdır. Bakı şəhər Suraxanı rayonu 32-ci Polis Bölməsinin əməkdaşları ərazidə onu və digər 15 nəfəri tutaraq, polis bölməsinə aparmışdır. Polis Bölməsində ona təzyiq olunmuş, selofan bükümdə olan narkotik vasitə olan mariuaxa qarşısına qoyulmuş və əgər həmin narkotik maddənin ona məxsus olmasını boynuna almazsa, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılacağı ilə hədələnmişdir. Bu səbəbdən, o, məcbur qalaraq, hazırki cinayət əməlini boynuna almış, polis əməkdaşları tərəfindən əvvəlcədən ona verilmiş sarı-ağ rəngli selofan bükümdə olan narkotik vasitə olan marixuananı video çəkilişlə müşayiət olunan baxış zamanı təqdim etmişdir. Halbuki ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Qaraçuxur qəsəbəsində qəbristanlığın yaxınlığında 1 bükümdə olan narkotik vasitə marixuana tapmış, həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. 02 iyun 2022-ci tarixdə, saat 19:35 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi, 95A evin qarşısında olduğu zaman, 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu yaxınlıqda olan PB-nə gətirib təhvil vermişlər. PB-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə, o, əlində olan sarı-ağ rəngli 01 ədəd bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə zərfə qoyularaq, qablaşdırılıb möhürlənmiş, bu barədə tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur, həmin aldığı narkotik maddədən kiməsə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 02 iyun 2022-ci ildə o, bölmənin sahə inspektoru Şahid2la birlikdə xidməti ərazidə xidmət apararkən, saat 19:35 radələrində Qaraçuxur qəsəbəsinin Fərman Kərimzadə küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşaraq, özlərini təqdim etmiş, həmin şəxsin həyəcanlı olduğunu hiss edib, əlindəki selofan torbada nə olmasını soruşduqda, sonuncu əlindəki torbada narkotik maddə marixuana olduğunu etiraf etmişdir. Həmin şəxsi Suraxanı RPİ-nin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bölmə rəhbərliyi tərəfindən prosessual hərəkətlərin keçirilməsi baş təhqiqatçı Eldar Rəhimova həvalə edilmiş, bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub- olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlindəki 1 ədəd selofan bükümü təqdim edərək, içərisində narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik maddəni Qaraçuxur qəsəbəsində yerləşən qəbristanlığın yanından keçərkən yerdən tapmış, torbanın içərisində narkotik vasitə olan marixuana olmuş, qeyd olunan narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. Sonuncunun təqdim etdiyi 1 bükümdə olan həmin maddə zərfə qablaşdırılıb, Suraxanı RPİ-nin 32-ci PB-nin möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və aşkar olunmuş narkotik maddəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur. Saxlanırarkən və üzərində baxış keçirilərkən, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloci təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci polis bölməsində sahə inspektoru Şahid2 da eyni məzmunlu ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarından görünür ki, 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının 03 iyun 2022-ci il tarixli 7/563 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs ...» və s. yazılar və imzalar olan ağ rəngli kağız paketdə bir ədəd şəffaf selofan torbada təmiz çəkisi 440,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3988 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və AR ƏN PX-nin 1 saylı Cəzaçəkmə Müəsissəsinin arayışına əsasən Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli qərarı ilə barəsində amnistiya tətbiq edilərək, cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 7(007)-125/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İbtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixioloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin 7(007)-125/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən 6 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırkı iş üzrə cinayəti törətdiyi vaxt Təqsirləndirilən şəxs yuxarıda göstərilən hökm üzrə məhkumluğu ödənilməmişdir. Bu hal residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən «Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz». Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 439,95 qram narkotik vasitə marixuana (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 439,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-361/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-361/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver