Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-361/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1999-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşamış, Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi - 0,341 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, barəsində 100137/25 nömrəli axtarış işi olduğundan Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2025-ci il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılmış və orada təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış həyata keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi - 0,341 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 5 ünvanında öz otağında yatarkən anidən atası Əli onu oyadaraq məhkəmədən işçilərin gəldiyini və onu soruşduqlarını demişdir. O da oyanıb paltarlarını geyinərək qapıya yaxınlaşmışdır. Bu vaxt həmin gözləyənlərin Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları olduğunu görmüşdür. Bundan əvvəl də bir neçə dəfə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı üçün onları tanımışdır. O, müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə getmişdir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində olarkən tanımadığı polis əməkdaşları ona psixoloji təsir göstərərək təqdim etdikləri 01 (bir) ədəd bükümdə “patı” kimi tanıdığı narkotik vasitəni üzərinə yerləşdirməyini və həmin narkotik vasitənin videoçəkiliş zamanı onun olduğunu deməsini tələb etmişlər. O da psixoloji təzyiq nəticəsində həmin 01 (bir) ədəd bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə yerləşdirmişdir. Videoçəkilişlə üzərinə baxış keçirilən zaman da həmin narkotik vasitə olan 01 (bir) ədəd bükümü təqdim edərək ona məxsus olduğunu demişdir. Lakin, həmin narkotik vasitə ona aid deyildir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 17 fevral 2024-cü tarixində tərəfindən axtarışda olmuşdur. Təqsirləndirilən şəxsin ünvan 6 ünvanının yaxınlığında olması barədə məlumat daxil olmuşdur. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 ilə həmin ünvana getmişlər, təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini teqdim etmişlər. Rəsmi axtarışda olması barədə məlumat vermişlər, dəvət esərək Suraxanı Rayon Polis İdaərisinin 30-cu polis şöbəsinə aparmışlar. Xidməti otaqda təqsirlənidirilən şəxsin üzərinə baxış keçirmişlər. Narkotik vasitəsini özü çıxarıb bükümdə təqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxsı H.Quliyev küçəsi 14 ünvanında evinin yaxınlığında saxlamışlar. Saxlanılarkən şəxs tək olmuşdur. 2 nəfər yaxınlaşmışlar. O və Şahid2 olmuşlar. Onlara qarşı heç bir müqavimət göstərməmişdir. 30-cu polis şöbəsində təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq olmamışdır. Narkotik vasitəni Quşçuluq massivində tanımadığı şəxsdən aldığını bildirmişdir. Əməliyyat vaxtı iki nəfər olmuşlar. Günorta vaxtı saat 12- 13:00 radələri olmuşdur. Üzərinə baxışı videoçəkilişlə xidməti otaqda aparmışlar. Şəxsi saxlayarkən vedioçəkiliş etməmişlər. Xidməti otaqda üzərinə baxışda iştirak etmişdir. Narkotik vasitəsindən başqa üzərindən heçnə çıxmamışdır. Narkotiki təqsirləndirilən şəxs özü çıxarıb təqdim etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 17 fevral 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru Şahid2 ilə birlikdə barəsində axtarış işi açılmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Naxçıvan MR, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14 ünvanının yaxınlığında olması barədə məlumat alıb dərhal həmin ünvana yollanmışlar. Həmin gün saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 14 ünvanının yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək rəsmi axtarışda olmasını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 30-cu PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə 30-cu PŞ-yə gəlmişdir. Bundan sonra onlar Suraxanı RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də üzərində özü istifadə etmək üçün 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı şəxsin üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə narkotik vasitədir, həmin narkotik vasitəni 16 fevral 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Quşçuluq massivi ərazisində tanımadığı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs axtarışda olmuşdur. Axtarışla baglı 1-2 dəfə təqsirləndirilən şəxsin evinə getmiş, lakin evin qapısını heç kim açmamışdır. 17 fevral 2025-ci ildə təsirləndirilən şəxsin yaşadığı evin yaxınlığında olması ilə bağlı məlumat daxil olmuş və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev 14 ünvanına getmişlər. Təqsirləndirilən şəxsi saxlayaraq 30-cu polis şöbəsinə gətirmişlər. Üzərinə baxış keçirilərkən təqsirləndirilən şəxs çıxardıb nakotik vasitəni könüllü teqdim etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Əməliyyat vaxtı 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxsi saxlanılan ərazi ilə evinin arasında ki məsafə təxminən 200-300 metr olmuşdur. Şəxsi saxlayarkən üzərində narkotik vasitəsi olması ilə bağlı təqdim etməsini təklif etməmişlər. Təqsirləndirilən şəxsin narkotik istifadəsi ilə bağlı məlumatları olmuşdur. Üzərində narkotik vasitəsi olmağını 30-cu polis şöbəsində müəyyənləşdirmişlər. İlkin təhqiqat və ibtidai istintaq zamanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, oğlunun heç bir günahı yoxdur. Həmin gün 4 nəfər polis əməkdaşı tərəfindən evin qapı döyülmüş və bildirmişlər ki, oğlu məhkəmədən yayındığı üçün axtarışa verilmişdir. Oğunun gəlməməyinin səbəbi maddi imkanın olmaması ilə bağlı olmuşdur. Növbəti günlərdə oğlunun məhkəməyə gelmək fikri olmuşdur. Sonra Elcanı oyatmış və oğlunu polis əməkdaşları aparmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Elcanın axtarışda olmağını bilməmişdir. Məhkəmənin çağırlışları barədə məlumatı olmuşdur. Narkotik vasitəsi istifadə etdiyini görməmişdir. Oğlu narkotik vasitəsinin istifadəsi ilə bağlı ona heçnə dəməmişdir. Polislər Elcanı evdən aparmışlar. Evdə oğluna qarşı heç bir fiziki təzyiq olmamışdır. O, polislərdən 10-15 dəqiqə sonra getmişdir. Oğlunun əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu bilir, lakin narkotikdən istifadə etdiyini görməmişdir. Polis əməkdaşları saat 10:00-da gəlmişlər. Evdə oğlunun üzərinə heç bir yoxlama olmamışdır. Polislər ancaq məhkəmə tərəfindən axtarışa görə gəldiklərini bildirmişlər. Elcanın narkotik vasitəsi istifadə etdiyini eşitmiş, lakin görməmiş və hiss etməmişdir. İstifadə etdiyini polisdən eşitmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 17 fevral 2025-ci il tarixdə saat 10 radələrində oğlu Təqsirləndirilən şəxs birlikdə yaşadıqları ünvan 5 ünvanında öz otağında yatmışdır. Bu vaxt anidən qapı döyülmüşdür. Qapını açdıqda qapını döyənlərin 03 nəfər mülki geyimli adam olduğunu görmüşdür. Həmin tanımadığı şəxslər Elcanın məhkəmə tərəfindən axtarışa verildiyini bildirərək onu aparmalı olduqlarını demişlər. O da Elcanın olduğu otağa keçərək yuxudan oyatmış və məhkəmədən dövlət işçilərinin gəldiyini demişdir. Elcan da yuxudan oyanaraq paltarlarını geyinib onunla birlikdə qapıya yaxınlaşmışdır. Bu zaman həmin şəxslər Elcanı özləri ilə birlikdə aparmışlar. O, həmin şəxslərlə birlikdə getmək istəyən zaman isə ona gəlməyə ehtiyac olmadığını, Elcanı 30-cu PŞ-yə, daha sonra Suraxanı rayon məhkəməsinə aparacaqlarını bildirmişlər. Həmin andan təxminən 30 dəqiqə sonra Elcanı görmək üçün 30-cu PŞ-yə yaxınlaşmışdır. Lakin, PŞ-də olarkən də polis əməkdaşları Elcanı görməyə icazə verməmiş və orada gözləməməyini deyib özlərinin Elcan barədə məlumat verəcəklərini demişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən müəyyən olunur ki, polis əməkdaşları Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirir ki, təqdim etdiyi bükümünün içərisində olan psixotrop maddə metamfetamindir və Suraxanı rayonu, Quşçuluq massivi ərazisində tanımadığı şəxsdən 20 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heçnə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 fevral 2025-ci il tarixli 6/725 nömrəli rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “..4. Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,341 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,291 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 19 mart 2025-ci il tarixli, 1719 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, 0,341 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 0,291 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 25 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri olmadığından, ona görə də barəsində həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdırılan halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanmalı və ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 11 – 13 iyul 2024-cü il tarixləri üzrə şübəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 fevral 2025-ci ildən hesablanmalı, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,291 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki iş üzrə 11 – 13 iyul 2024-cü il tarixləri üzrə şübəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 fevral 2025-ci ildən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 1(010)-100/2025 nömrəli iş üzrə 30 aprel 2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,291 qr təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 8 (səkkiz) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 88 (səksən səkkiz) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-361/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-361/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver