Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-363/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərova Nilufər Ruhulla qızının katibliyi, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Baku Electronics MMC-də sürücü işləmiş, əvvəllər məhkum olunmamış, Xırdalan şəhəri, MK-23 qəsəbəsi, ev 33, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saat 11:50 radələrində idarə etdiyi «Hyundai H65» markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı- Hava Limanı yolunun Suraxanı rayonu, ərazisindən keçən hissəsi ilə 100 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində dayanmış Ford Transit markalı avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, qarşıda baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı dayanmış «Ford Transit» markalı **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbədən sonuncu avtomobil irəli hərəkət edərək avtomobilin qarşısından dayanmış, həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs vurub «Hyundai H65» markalı avtomobilin qarşısına ataraq sonuncu avtomobil də ön hissəsi ilə Zərərçəkmiş şəxs vurub baş beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınıqları, solda 6-7-ci qabırğaların yerinidəyişən sınığı, bədənin əzilmiş yaraları, çoxsaylı sıyrıqları və qançırı, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “BCD” kateqoriyalı sürücülük vəsiqəsi vardır. "xxxx" MMC-də sürücü işləməklə həmin cəmiyyətə məxsus **- JS-*** dövlət qeydiyyat nişanlı «Nyundai HD65» yük markalı furqon tipli avtomobili idarə edir. 19 oktyabr 2022-ci il tarixdə saat 11-50 radələrində həmin avtomobili idarə etməklə Bakı-Hava Limanı yolunun Suraxanı rayonu, ərazisindən keçən hissəsi ilə təxminən 70- 80 km/saat sürətlə yolun soldan 2-ci cərgəsi ilə Hava Limanı istiqamətinə hərəkət edirmiş. «Buta Palace» sarayının qarşısına yaxınlaşarkən yolun soldan 1-ci zolağının boş olduğunu görüb sol hərəkət cərgəsinə manevr edib hərəkəti davam etdirməyə başlamış və qarşıda bir qədər irəlidə «Ford Transit» markalı avtomobilin olduğunu görmüş, elə hesab etmişdir ki, həmin avtomobil hərəkətdədir. Lakin həmin avtomobilə təxminən 20-30 metr məsafə qalmış, görmüşdür ki, həmin avtomobil dayanmış vəziyyətdədir. Yenidən soldan ikinci cərgəyə manevr etmək istəsə də çatdıra bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol hissəsi həmin avtomobilin arxa sağ hissəsi ilə toqquşmuşdur. Bundan sonra nə baş verdiyini xatırlamır, ayıldıqda isə xəstəxanada olduğunu bilmişdir. Həmçinin ona məlum olmuşdur ki, tqoqquşma vaxtı «Ford Transit» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs öz avtomobilinin qarşısında yerdə dayanmış vəziyyətdə olmiış, toqquşma nəticəsində həm öz avtomobili, həm də onun idarə etdiyi avtomobil onu vurmuş və hadisə yerində ölmüşdür. Qohumları həmin şəxsin dəfnində və yas mərasimində iştirak etmiş, müəyyən yardımlar göstərilmişlər və onun arvadı, yəni hüquqi varisi ilə barışıq əldə olunmuşdur. Hadisədən əvvəl avtomobili texniki cəhətdən saz vəziyyət olmuş, avtomobildə sərnişin və yük olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim edərək ərizədə bildirmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmiş və barışıq əldə olunmuşdur. İşi ilə əlaqədar məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş edir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X4 göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş, 3 azyaşlı övladları var. Zahir "xxxx" MMC-də sürücü işləməklə şirkətin «Ford Transit» markalı **- JK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə şirkətin tikinti materiallarını ünvana daşımaqla məşğul olurmuş. 19 oktyabr 2022-ci ildə saat 12-13 radələrində ona məlumat vermişlər ki, Zahir idarə etdiyi həmin avtomobillə N.Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Mərdəkan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən öndə hərəkət edən avtomobilin arxa hissəsindən vuruduğu üçün yolun hərəkət hissəsində saxlayıb düşərək öz avtomobilinə baxan zaman başqa bir avtomobil arxadan Zahirin idarə etdiyi avtomobillə toqquşmuş və sonra Zahiri vurmuş, Zahir isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Zahirin meyitini morqdan götürdükdən sonra Binəqədi rayon qəbristanlığında dəfn etmişlər. Hadisəni törədən Təqsirləndirilən şəxs özü də xəsarət aldığı üçün xəstəxanada olduğundan onun ailə üzvləri yasda iştirak etmiş, yas mərasimi üçün xərcləri ödəmişlər. Ona görə də Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və iddiası yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, hadisə baş verən ərəfədə sadəcə olaraq ordan keçmişdir, hadisəyə isə şahid olmamışdır. Hadisə günü polis tərəfindən çağırıldığı üçün idarəyə getmiş, hadisəni görmədiyini demiş və polis tərəfindən verilən sənədləri Azərbaycan polisinə güvəndiyi üçün oxumadan imzalamışdır. Oxumağı isə bacarmır. Maşının arxasında heç bir tol və ya hər hansı bir əşya olmamışdır. Halbuki ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla tanışı Çingiz Babayevə məxsus «X9 » markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 19 oktyabr 2022-ci ildə saat 11 radələrində həmin avtomobili idarə etməklə Bakıxanov qəsəbəsində avtomobilin yük yerinə 1 ədəd iri ölçülü perferator və 1 qutu santexnika əşyaları yükləyib Bakıxanov qəsəbəsindən aeroport yoluna çıxaraq H.Əliyev prospekti ilə Zirə qəsəbəsi istiqamətinə hərəkət etmişdir. Avtomobilin yük yerinin çadırı olmadığı üçün üstü açıq vəziyyətdə olmuşdur. Zirə qəsəbəsinə gedərək təmir etdiyi evin həyətinə yüklərini boşaldıb evdə elektrik işləri görmüşdür. Bir neçə saat sonra polis əməkdaşları onunla telefon əlaqəsi saxlayıb Suraxanı RPİ-nə dəvət etmişlər. Polis İdarəsində ona məlum olmuşdur ki, saat 11:50 radələrində H.Əliyev prospektində «Buta Palace» sarayının yaxınlığında Zirə qəsəbəsi istiqamətinə hərəkət edərkən avtomobilin arxa yük hissəsindən dəqiq bilmədiyi hansısa bir tol yola düşmüş və arxadan avtomobillər bunu görüb çaşdıqıları üçün yol-nəqliyyat hadisəsi baş vermiş və 1 nəfər həyatını itirmişdir. Qeyd edir ki, onun avtomobilindən yola hansısa bir əşyanın düşməsini görməmiş və hiss etməmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «Mercedes Benz CDİ » markalı, 99-UX- 991 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 19 oktyabr 2022-ci ildə saat 11:50 radələrində həmin avtomobili idarə edərək H.Əliyev prospekti ilə «Koroğlu» metrosu istiqamətindən Binə istiqamətinə soldan 1-ci hərəkət zolağı ilə 100-110 km/saat sürətlə hərəkətdə olarkən qəflətən təxminən 30 metr irəlidə hərəkət zolağında dəmir boruya bənzətdiyi əşya olduğunu görüb sürətini azaltmış, həmin əşyaya bir neçə metr qalmış, dəmir boru deyil tol olduğunu görmüş və tolun üstündən keçdiyi anda arxadan bərk səs gəldiyini hiss etmiş, buna görə də sağdan hərəkət edən avtomobillərə yol verib sağa manevr edərək yolun kənarında avtomobili saxlamışdır. Avtomobildən düşdükdə arxasınca ağ rəngli «Toyota Prado» markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil gəldiyini görmüş və başa düşmüşdür ki, həmin avtomobilin qabaq hissəsi onun avtomobilinin arxasından dəymişdir. Həmin avtomobilin sürücüsü ona yaxınlaşaraq onun avtomobilinin zədələnməsini və ya özünün xəsarət alıb-almamasını soruşmuş, o isə heç bir ziyan dəymədiyini bildirmiş və həmin sürücü ilə sağollaşıb hərəkətini davam etdirərək getmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «X8 Prado» markalı **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 19 oktyabr 2022-ci ildə saat 11:50 radələrində həmin avtomobili idarə edərək H.Əliyev prospekti ilə «Koroğlu» metrosu istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətinə soldan 1-ci hərəkət zolağı ilə 90 km/saat sürətlə hərəkətdə olarkən qəflətən öndə gedən «Mercedes» markalı avtomobil sürətini azaltmış, həmin avtomobillə toqquşmamaq üçün əyləci sıxmış və bu zaman arxadan zərbə səsi eşitmiş, buna görə də sağdan hərəkət edən avtomobillərə yol verib sağa manevr edərək yolun kənarında avtomobili saxlamışdır. Avtomobildən düşüb arxasına baxdıqda bir qədər əzilməsini görmüşdür. Yola nəzər yetirdikdə «Ford Transit» markalı avtomobilin soldan 1-ci hərəkət zolağında dayanmış vəziyyətdə olduğunu, qabaq hissəsinin isə bir qədər əziliyini görmüş və başa düşmüşdür ki, həmin avtomobilin qabaq hissəsi onun avtomobilinin arxasından dəymişdir. Avtomobilini diqqətlə nəzərdən keçirdiyi vaxt arxadan güclü səs gəldiyini eşitmiş və dönüb baxdıqda həmin «Ford Transit» markalı avtomobilin arxa yük hissəsindən «Hyundai» markalı yük avtomobilinin toqquşduğunu və bir nəfər şəxsin hərəkət hissədə yerdə hərəkətsiz qaldığını görmüşdür. Hadisə yerini tərk etməmiş, az sonra hadisə yerinə TTYS-nın əməkdaşları və polis əməkdaşları gəldikdə özü və hadisə barədə məlumat vermiş və idarə etdiyi avtomobili göstərmişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. Şahid1 məhkəmədə verdiyi ifadə onun ibtidai istintaq zamanı verdiyi ifadə ilə və məhkəmə iclası zamanı diskə baxış keçirilən zaman yayımlanan görüntülərlə təkzib olunur və maşının arxa hissəsindən yola tol düşdüyü sübuta yetirilir. Ona görə də, məhkəmə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsini bilə bilə yalan ifadə vermə kimi qiymətləndirir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertiasının xx.xx.2022-ci il tarixli 120 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətlər: baş beyinə, qişalarına və mədəciklərinə qansızına, kəllə qvapağı və kəllə əsası sümüklərinin sınıqları, solda 6-7-ci qabırğaların yerinidəyişən sınığı, bədənin əzilmiş yaraları, çoxsaylı sıyrıqları və qançırı bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs öloümünə səbəb baş beyinə, qişalarına və mədəciklərinə qansızına olmuşdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 fevral 2023-cü il tarixli 8/387 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Hyundai H65» markalı, **-JS- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində dayanmış Ford Transit markalı avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, hərəkətin təhlükəsizliyini təmin edib keçib getməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC tərəfindən verilən xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, işlədiyi dövr ərzində Təqsirləndirilən şəxs kollektiv və rəhbərliklə qarşılıqlı hörmət çərçivəsində öz işini həyata keçirmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Öz işini icra edərkən vəzifə təlimatına, daxili intizam və davranış qaydalarına riayət etmişdir. Azərbaycan Tibb Universitetinin X1 verilən epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində ümumi anesteziya altında qoyulmuş diaqnoz əsasında sol bud sümüyünün osteosintezi cərrahi əməliyyatı icra olumuşdur. Əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı iki azyaşlı övladı var. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və tələbinin olmadığını, ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağın olduğunu, qəzada xəsarət almasını, Baku Electronics MMC-dən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmədə göstərmişdir ki, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(010)-363/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-363/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver