Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-365/2022 01.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olmaqla, orada yaşayan, barəsində «başqa yerə getməmək” haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 mart 2022-ci il tarixdə, saat 21 radələrində "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «BMW-3201» markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Zığ-Hava Limanı avtomagistral yolunda Zığ qəsəbəsi istiqamətindən H.Əliyev prospekti istiqamətinə 100-110 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, bu hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni zolaqda avtomobilin geriyə doğru hərəkətdə olmasını nəzərə almalı və vaxtında tədbir görməklə həmin avtomobildən təhlükəsiz yan məsafəsi seçməklə hərəkətini davam etdirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, 4 cərgəli yolun soldan 1-ci hərəkət zolağı ilə hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə olan avtomobil sürətini azaltdıqda, idarə etdiyi avtomobili soldan 2-ci hərəkət zolağına manevr etdirmiş və həmin zolaqla geriyə doğru hərəkət edən, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Opel Omeqa» markalı **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 Oqtay qızının qapalı kəllə beyin travması, döş qəfəsinin hər iki yarısında qabırğaların çoxsaylı qapalı sınığı, hemopnevmotoraks, alt dodağın əzilmiş yarası, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirib, 21 mart 2022-ci il tarixdə xəstəxanada ölümünə, «Opel Omeqa» markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 burun tənəffüzünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün az yerdəyişən açıq sınığı, burun kökünün şişkinliyi, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarətləri yetirməklə, sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, «BC» dərəcəli sürücülük vəsiqəsi olmaqla “BMW- 3201” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 16 mart 2022-ci il tarixdə, təxminən saat 21 radələrində həmin avtomobili idarə etməklə Hövsan qəsəbəsi istiqamətindən Zığ beton yolu ilə H.Əliyev prospekti istiqamətinə hərəkət edirmiş. Avtomobildə bir nəfər sərnişin – daimi olaraq Rüsiya Federasiyasında yaşayan, hadisə günü isə Bakı şəhərində olan dayısı oğlu Şahid qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobildə yük olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Həmin yolda sürət məhdudiyyəti 110 km/saatdır, yol 4 cərgədən ibarətdir. Ona görə də sol hərəkət cərgəsi ilə təxminən 100- 110 km/saat sürətlə hərəkət edərək H.Əliyev prospektinə yaxınlaşan zaman qarşıda hərəkət edən markasını və nömrəsini xatırlamadığı minik avtomobili qəflətən sürətini kəskin azaltmış, ona görə də soldan 2-ci zolağa manevr edib hərəkətini davam etdirmək istədikdə, həmin zolaqda «Opel Omeqa» markalı avtomobilin qəza işıqlarının yanılı vəziyyətdə olduğunu görmüşdür. Dərhal tormoz pedalını basmış, lakin avtomobili dayandıra bilməmişdir və həmin avtomobilin arxası ilə toqquşmuşdur. Hadisə nəticəsində özü və sərnişini Fərid xəsarət almamış, lakin toqquşduğu «Opel Omeqa» markalı **-TO- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü və sərnişini də xəsarət almışlar ki, onları Fəridlə birlikdə avtomobilin salonundan çıxartmışlar. Az sonra hadisə yerinə əvvəl PPX, daha sonra YPX əməkdaşları gəlmişlər və təhqiqatçı gəldikdən sonra onun icazəsi ilə yol kənarında dayanmış avtomobillərin birindən xahiş edib xəsarət alan sürücünü və qadını Sabunçu 3 saylı ŞKX- na aparmışlar. Xəstəxanada xəsarət almış həmin şəxslərə tibbi yardım göstərilməsini təmin etmişdir. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, sərnişin qadın, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 21 mart 2022-ci ildə xəstəxanada ölmüşdür. Həmin «Opel Omeqa» markalı avtomobilin dayanması və ya geriyə hərəkət etməsini dəqiq bilmir, lakin qəza işıqlarının yanılı vəziyyətdə olduğunu təxminən 50-60 metr məsafədən görmüş, dərhal tormozlama aparsa da avtomobili dayandıra bilməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və digər zərərçəkmiş şəxsə maddi və mənəvi köməklik göstərmiş, sonuncularla barışıq əldə etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunun, həmçinin, Vətən Müharibəsi qazisi olduğunun, Füzuli və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak etdiyini, «Vətən Mübaribəsi iştirakçısı» medalı ilə təltif edildiyinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə Zığ-H.Əliyev prospekti yolunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq, 21 mart 2022-ci ildə xəstəxanada ölmüş Zərərçəkmiş şəxs2 Oqtay qızı onun bacısıdır. Səbinə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon ərazisində kirayədə yaşayırmış. Onun əri isə təxminən həmin hadisədən 1 həftə əvvəl vəfat etmişdir, övladları isə olmamışdır. 17 mart 2022-ci il tarixdə ona xəbər çatmışdır ki, bacısı Səbinə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq, Sabunçu 3 saylı şəhər xəstəxanasına yerləşdirilmişdir. O, həmin gün Gəncə şəhərində çıxaraq, Bakı şəhərinə Sabunçu xəstəxanasına gəlmiş, Səbinə koma vəziyyətində reanimasiya şöbəsində imiş. Göstərilən tibbi yardımlara baxmayaraq, bacısı koma vəziyyətindən ayılmadan 21 mart 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Məhkəmə-tibb ekspertizası müayinəsində sonra meyiti qəbul edib, həmin gün Gəncə şəhərinə apararaq, dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Səbinə “Opel Omeqa” markalı avtomobildə sərnişin qismində olarkən, başqa bir BMW markalı avtomobillə toqquşma nəticəsində xəsarət almış və aldığı xəsarətlər ölümünə səbəb olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ona hərtərəfli maddi və mənəvi dəstək göstərmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir tələbinin və şikayətinin olmadığını bildirərək, sonuncuya ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir və buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı heç bir tələbinin və şikayətinin olmadığını qeyd edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini dinləyərək, məhkəmə iclaslarının iş üzrə Zərərçəkmiş şəxs1 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə, saat 21 radələrində o, etibarnamə əsasında idarə etdiyi «Opel Omeqa» markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zığ beton yolu ilə H.Əliyev prospekti istiqamətinə hərəkət edən zaman, avtomobilin yanacağı az olduğuna görə silkələnmə əmələ gəlmişdir. Həmin vaxt əks hərəkət zolağı ilə arakəsməni keçdiyi üçün qərara gəlmişdir ki, avtomobili bir qədər geriyə hərəkət elətdirib, həmin arakəsmədə daha təhlükəsiz yerdə saxlasın və düşüb, haradansa benzin tapsın. Bu məqsədlə avtomobili saxlayıb qəza işıqlarını yandıraraq geriyə sürməyə başlamışdır. Bir qədər arxaya hərəkət edərək, arakəsməyə çatan anda, arxadan gələn, sonradan ona məlum olan, Təqsirləndirilən şəxs idarə etdiyi «BMW-3201» markalı. **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma baş vermişdir. Hadisə nəticəsində o, burun və sağ qaş nahəyəsindən xəsarət almışdır. İş materiallarında olan «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemi portalından çıxarışdan görünür ki, iş üzrə Şahid 21.08.22-ci il tarixdə, saat 19:36-da Azərbaycan Respublikasının ərazisini tərk etmişdir, hazırki vaxtadək ölkə hüdudlarına qayıtmamışdır. Məhkəmə proses iştirakçılarının fikrini dinləyərək, məhkəmə iclaslarının iş üzrə Şahid iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə, saat 21 radələrində o, bibisi oğlu Təqsirləndirilən şəxs idarə etdiyi “BMW- 3201” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan qəsəbəsi istiqamətindən Zığ beton yolu ilə H.Əliyev prospekti istiqamətinə hərəkət edirmişlər. O, avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Pərvin avtomobili sol hərəkət cərgəsi ilə təxminən 100-110 km/saat sürətlə hərəkət etdirərək, H.Əliyev prospektinə yaxınlaşan zaman qarşıda hərəkət edən markasını və nömrəsini xatırlamadığı minik avtomobili qəflətən sürətini kəskin azaltmış, ona görə də Pərvin soldan 2-ci zolağa manevr edib hərəkətini davam etdirmək istədikdə, həmin zolaqda «Opel Omeqa» markalı avtomobilin qəza işıqlarını yanılı vəziyyətdə olduğunu görmüşlər. Pərvin avtomobili tormozlasa da dayandıra bilməmiş və həmin avtomobilin arxası ilə toqquşdur. Hadisə nəticəsində o, heç biri xəsarət almamış, lakin toqquşduğu «Opel Omeqa» markalı avtomobilin sürücü və sərnişini bir qadın xəsarət almışlar ki, onları da Pərvinlə birlikdə avtomobilin salonundan çıxartmışlar. Az sonra hadisə yerinə əvvəl PPX, daha sonra YPX əməkdaşları gəlmişlər və təhqiqatçı gəldikdən sonra onun icazəsi ilə yol kənarında dayanmış avtomobillərin birindən xahiş edib xəsarət alan sürücünü və qadını Sabunçu 3 saylı ŞKX-na aparmışlar. Sonradan bilmişdir ki, həmin qadın 21 mart 2022-ci ildə xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin hüqüqi varisinin və zərərçəkmiş şəxsin, həmçinin, şahidin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2/9357 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 2/9351 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 da hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tibb ekspertiasının xx.xx.2022-ci il tarixli 46 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 Oqtay qızının meyiti üzərində olan xəsarətlər: qapalı kəllə beyin travması, döş qəfəsinin hər iki yarısında qabırğaların çoxsaylı qapalı sınığı, hemopnevmotoraks, alt dodağın əzilmiş yarası bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə həyat üçün təhlükəli olan sağlamığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2mn ölümünə səbəb ağ ciyərlərin zədələnməsi ilə müşayiət olunan hemopnevmotoraks olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 780 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər: burun tənəffüzünün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün az yerdəyişən açıq sınığı, burun kökünün şişkinliyi, sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamığa az ağır zərərvurmaya aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 iyun 2022- ci il tarixli 8/1538 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Mercedes Benz E 220 CDİ” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddələrin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, bu hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni zolaqda avtomobilin geriyə doğru hərəkətdə olmasını nəzərə almalı və vaxtında tədbir görməklə həmin avtomobildən təhlükəsiz yan məsafəsi seçməklə hərəkətini davam etdirməlidir. İş materiallarında olan Suraxanı RPİ-nin DYPŞ-dən alınmış məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu ilədək qüvvədə olan BC 379185 saylı sürücülük vəsiqəsi mövcuddur. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan Azərbaycan Resbublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 475 saylı arayışından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il il tarixə kimi AR Silahlı Qüvvələri sıralarında müddətli hərbi xidmətdə, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Füzuli və Şuşa istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. «Vətən Mübaribəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, iş üzrə təqsirləndirilən şəxs onlarla barışıq əldə etmişdir, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncuların ondan heç bir şikayətlərinin və tələblərinin olmadığını, Vətən Müharibəsi iştirakçısı olduğunu,müvafiq medalla təltif olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini göstərmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs məhkəməyə ünvanladıqları ərizələrində göstərmişlər ki, təqsirləndirilən şəxs onlarla barışıq əldə etmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsi, onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərəçəkmiş şəxslə barışıq əldə etməsi onun törətdiyi əmələ və özünün davranışına da tənqidi yanaşmasının sübutu kimi qəbul edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-365/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-365/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver