Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-365/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində 17 mart 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə Bakı şəhərində metropolitenin “Neftçilər” stansiyası yaxınlığındakı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükülüdə 15,85 qram çəkidə, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 70 manata əldə edib üzərində saxlamaqla daşıyaraq yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivinə gətirmiş, 15 mart 2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin 30-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində saxlanılaraq 30-cu Polis şöbəsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra üstündə aparılmış şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 15,85 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş və dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və göstərmişdir ki, göstərdiyi ünvanda anası ilə birlikdə kirayədə yaşayır. Təxminən 3 aydır ki, narkotik vasitələrin "nəşə" kimi bildiyi növündən istifadə edir. Həmin narkotik vasitəni “Neftçilər” metrostansiyası yaxınlığında “Xalid” adlı şəxsdən alır. Sonuncu dəfə 12 mart 2024-cü il tarixdə növbəti dəfə “Xalid” adlı şəxslə “Neftçilər” metrostansıyası yaxınlığında görüşərək 70 manat ödəyib, həmin şəxsdən “nəşə” kimi bildiyi narkotik vasitəni almışdır. Həmin narkotik vasitədən bir qədər istifadə etdikdən sonra qalan hissəsini öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 15 mart 2024-cü il tarixdə təxminən saat 12:30 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, ondan da özünü təqdim etməsini tələb etmişlər. Bundan sonra polis əməkdaşları onu 30-cu PŞ-nə gətirərək təhvil vermişlər. Şöbəyə müdafiəçi dəvət olunmuş, polis əməkdaşı müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrini izah etmişdir. Polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, o, etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bır qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş, içərisində "nəşə kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş “nəşə” kimi bildiyi narkotik maddələri şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşımışdır. Ondan aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 194 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq, tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Həmçinin qeyd etmək istəyir ki, keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Üzərindən aşkar olunan “nəşə” kimi bildiyi narkotik maddəni 12 mart 2024-cü il tarixdə adının “Xalid” olduğunu bildiyi, yaşadığı ünvanı tanımadığı şəxslə “Neftçilər” metrostansiyası yaxınlığında görüşərək 70 manat ödəyib almışdır. Narkotik maddəni öz şəxsi istehlakı üçün əldə etmişdir. Suraxanı RPİ-nin 30-cü PB-nə gətirilərkən və PB-də olan zaman ona qarşı fiziki təzyiqlər və zorakılıq göstərilməmişdir. Sonda o, törətmiş olduğu əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində 1 azyaşlı uşağının olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidməti vəzifəsinin icrası zamanı 2024-cü ilin mart ayında aldığı əməliyyat məlumatlarından görünmüşdür ki, xx xxxx 1996-cı il təvəllüdlü, Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, narkotik və psixotrop maddələr isitfadəçisi kimi döriyyəsi qadağan olunmuş həmin maddələri müxtəlif yerlərdən alır, saxlayır və yaşadığı əraziyə gətirir. Məlumatların dəqiqliyini yoxlayandan sonra polis şöbəsinin rəisinə məruzə edərək əməliyyat tədbirləri keçirilməsinə icazə almış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin tarixdə polis şöbəsinin əmri ilə onun və Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Qədirli Avtandil oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11:30dan əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ərazilərdə müşahidə aparmağa başlamış, sonuncunu saat 12:30 radələrində yaşadığı məhəllədə küçədə piyada gedərkən aşkar etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt tək olmuş, müşahidə apardıqları müddətdə əlaqə saxladğı adam olmamış, münasib məqam seçib yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək, Təqsirləndirilən şəxs də kimliyini soruşmuşlar. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu demiş, amma şəxsiyyətini təsdiq edən sənəd təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlə məşğul olması barədə aldıqları məlumatlar yoxlanılır, bununla əlaqədar saxlanılmışdır, ona görə də araşdırma üçün 30-cu Polis şöbəsinə getməsi zəruridir. Təqsirləndirilən şəxs polis şöbəsinə getmək təklifinə etiraz etməmiş, razılaşıb onlarla getmişdir. O, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Polis şöbəsinə gətirilməsi barədə məruzə edəndən sonra araşdırmanın aparılması təhqiqatçı, polis mayoru X3 tapşırılmışdır. Küçədə saxlanıldığı yerdən polis bölməsində gətirilb təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs onların nəzarəti altında olduğuna görə bu müddətdə üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı onların təqdim etdikləri materialları qəbul edəndən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını sənədləşdirmiş, sonra isə üstündə şəxsi axtarış aparılacağını, şəxsi axtarışın gedişatının videoçəkilişlə rəsmiləşdiriləcəyini bildirmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs müdafiə hüquqları izah edilmiş, şəxsi axtarış zamanı videoçəkilişin aparılması Şahid2 tapşırılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümdə olan yaşıl rəngli quru bitki kütləsini çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə “nəşə” kimi tanıdığı narkotik maddədir. Həmin kütlə spesifik iyinə, rənginə və quruluşuna görə çətənədən hazırlanan marixuanaya oxşar olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Xalid adı ilə tanıdığı şəxsdən 12 mart 2024-cü il tarixdə Bakı şəhərində “Neftçilər” metrosu ətrafındakı ərazidə almış, buna görə 70 manat ödəmiş, məqsədi narkotiki tədricən istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra üstü ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümün içindəki kütləni göstərəndən sonra bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışlar. Təhqiqatçı şəxsi axtarış barədə protokol tərtib edib iştirakçıları tanış etmiş, iştirakçılar protokolu imzalamışlar, Təqsirləndirilən şəxs də protokolu imzalamış, etirazı olmamışdır. Şəxsi axtarış başa çatandan sonra Şahid2 telefonla apardığı videoçəkilişin nəticələrini CD diskinə köçürüb təhqiqatçıya təqdim etmişdir. Bükümdə olan maddənin məhkəmə-bioloji ekspertizasında həmin maddənin 15,85 qram marixuana olduğu barədə rəy verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edildiyi mənbənin müəyyən ediməsi mümkün olmamış, hesab edir ki, adətən narkomanlar arasında olduğu kimi, narkotiki aldığı şəxsin adını uydurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Xidməti vəzifəsinin icrası zamanı 15 mart 2024-cü il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. 30-cu Polis şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 rəhbərliyi ilə keçirilən tədbirdə xx xxxx 1996-cı il təvəllüdlü, Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik və psixotrop maddələr isitfadəçisi kimi döriyyəsi qadağan olunmuş həmin maddələri müxtəlif yerlərdən əldə edib saxlaması və yaşadığı əraziyə gətirməsi barədə əməliyyat məlumatları yoxlanılmışdır. Həmin gün saat 11:30-dan baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ərazilərdə müşahidə aparmaq üçün gəlmişlər. Bir müddət müşahidələrdən sonra saat 12:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında küçədə tək piyada gedərkən görmüşlər. Münasib məqam seçib yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edərək, Təqsirləndirilən şəxs də özünü təqdim etməsini tələb etmişlər, saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə aldıqları məlumatlar yoxlanılır, bununla əlaqədar saxlanılmışdır, araşdırma üçün 30-cu Polis şöbəsinə getməlidirlər, sonuncu polis şöbəsinə getmək barədə təklifə etiraz etməmiş, razılaşıb onlarla getmişdir. Polis şöbəsində araşdırmanı təhqiqatçı, polis mayoru X4 davam etdirmişdir. Küçədə saxlanıldığı yerdən polis bölməsinə gətirilb təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs nəzarət altında olduğuna görə -bu müddətdə üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı əməliyyat tədbiri nəticəsində saxlanılmış Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasını sənədləşdirib, üstündə şəxsi axtarış aparılacağı, videoçəkilişlə rəsmiləşdiriləcəyini bildirmişdir. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs müdafiə hüquqları izah etmiş, videoçəkilişin aparılması ona tapşırılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümdə olan yaşıl rəngli quru bitki kütləsini çıxardıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddə “nəşə” kimi tanıdığı narkotik maddədir. Həmin kütlə spesifik iyinə, rənginə görə marixuanaya oxşar olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni 12 mart 2024-cü il tarixdə Bakı şəhərində “Neftçilər” metrosu ətrafındakı ərazidə Xalid adı ilə tanıdığı şəxsdən özü qəbul etmək üçün 70 manata almışdır. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra üstü əlavə olaraq Şahid1 tərəfindən ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümün üçündəki kütləni göstərəndən sonra bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar zərfi imzalamışılar. Təhqiqatçı şəxsi axtarış barədə protokol tərtib edib iştirakçıları tanış etmiş, iştirakçılar protokolu imzalamışlar, Təqsirləndirilən şəxs də protokolu imzalamışdır. Şəxsi axtarış başa çatandan sonra telefonla apardığı videoçəkilişin nəticələrini CD diskinə köçürüb təhqiqatçıya vermişdir. Bükümdə olan maddənin məhkəmə-bioloji ekspertizasında həmin maddənin 15,85 qram marixuana olduğu barədə rəy verilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edildiyi mənbəni müəyyən edə bilməmişlər. Cinayət işinin 19-cu vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il tarixdə, saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarının 67-69-cu vərəqlərində olan 17 mart 2024-cü il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsinə vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsi Suraxanı RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarının 70-71-ci vərəqində olan 17 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərara əsasən, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 30-31-ci vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması barədə” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli şelofana bükülmüş bükümü təqdim etdi və bildirdi ki, həmin bükümün içərisində “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Neftçilər” metrostansiyası yaxınlığından “Xalid” adlı şəxsdən 70 (yetmiş) manat nəğd pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, daha sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Bundan əlavə xx.xx.2024-cü il tarixdə saat 12:30 dəqiqədə yaşadığı ünvan 3 ünvanının yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində spesifik iyə malik, yaşıl rəngli qurudulmuş marixuanaya bənzər ot şəkilli kütlə olan 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddə aşkar edilməmişdir. Cinayət işinin 37-41-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 16 mart 2024-cü il tarixli 3-16-16/2-7/446№-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən...” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd polietilen sellofan bükülüdə təmiz çəkisi 15,85 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin 92-93-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 02 may 2024-cü il tarixli 2893№-li rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinodilərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edəndən sonra sonuncuya təklif edir ki, üzərində saxlanması, daşınması qanunla qadağan edilmiş hər hansı əşya, predmet varsa, onu təqdim etsin. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd sellofan bükümü çıxardıb stolun üstünə qoyur, şəffaf sellofan bükümdə xırdalanmış bitki kütləsi olduğu müşahidə olunur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq bildirir ki, bükümün içində narkotik vasitə hesab edilən “nəşə”dir, narkotiki mart ayının 12-də “Neftçilər”də Xalid adı ilə tanıdığı şəxsdən 70 manata özü istifadə etmək üçün almış və saxlayıb yavaş-yavaş istifadə edir, üç aydır ki, bu növ narkotikdən istifadə edir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, heç nə aşkar edilmir. Götürülən büküm bir kağız zərfə, telefon başqa bir kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üstündə yazılı qeydlər aparılır və iştirakçılar tərəfindən imzalanır. Sonda təhqiqatçının sualına cavabında Təqsirləndirilən şəxs istintaq hərəkəti ilə bağlı hər hanslı bir sualının, narazılığının olmadığını bildirir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Elektron Məhkəmə informasiya sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD-R formatlı diskə baxış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 15,85 qram olan xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müəyyən edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuananın təmiz çəkisi 15,85 qram Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin qərarın 5-ci bəndinə əsasən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri (psixotrop maddələri, prekursorları) qanunsuz daşımağa və ya göndərməyə görə, həm də CM-in 206.2-ci maddəsində xüsusilə göstərilmiş həmin predmetlərin qaçaqmalçılığına görə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilmiş, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olub və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə və himayəsində bir azayşlı uşağının olmasına görə cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran (müəyyən edilməmişdir) halın mövcud olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 15-17 mart 2024-cü il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 09 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 15,83 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 09 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Suraxanı filialında olan hesablaşma hesabına (VÖEN ********** h./h******************** SWİFT GODE İBAZAZ2X, müxbir hesabı **********031. kod 805692 VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №1(010)-365/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-365/2024
28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver