Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-366/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 19 mart 2025-ci ildə barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları Bakı şəhəri, ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs onlara qonaq gəlmiş bacısı Şahid1 qarşı hörmətsizlik nümayiş etdirərək laqeyid və etinasız davranması səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə sillə ilə, həmçinin bədənin müxtəlif nahiyələrinə yumruqla və təpiklə qəsdən bir neçə zərbə vuraraq ona hər iki diz oynağının, sol mil-bilək oynağının qançırları, hər iki dodaq keçəcəyinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması, sağ qulaq seyvanının qançırı, hər iki kürək nahiyyəsinin qançırları, sol sağrının hemotoması ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin 12 iyun 2025-ci il tarixli məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, 08 iyul 2025-ci il tarixli məhkəmə iclasında özünü təqsirli bilərək ərizə təqdim etmişdir. Ərizədə qeyd etmişdir ki, zərərçəkmiş şəxslə barışmış, iş üzrə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 iyun 2025-ci il tarixli məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə ayın 30-u baş vermişdir. Təqsirləndirilən şəxs onu rayona aparmaq istəmiş, o, getmək istəməmişdir. Onu döyərək evin qapısını qıfıllamış və getmişdir. Ayın 3-ü təqsirləndirilən şəxs bacısı Şahid1 ilə birgə gəlmiş, tort da almışdır. Baldızı yaxınlaşmışdır ki, niyə ona sifət edirəm. O, da demişdir ki, qardaşı haqsızlıq etmiş, onları ac susuz qoyub getmişdir. Baldızı Qədirə demişdir ki, onu evdə görmək istəmirlər aparsın. Qədir içkili olmuş, onu vuraraq yerə yıxmış, təpik vurmuş, boğmağa başladır. Əlindən qaçıb otağa girmişdi. Polisə zəng vurmuşdur. Polislər gəlib Qədiri aparmışlar və o, da təcili yardımla xəstəxanaya getmişdir. Onu baldızının yanında belindən, boğazından, üzündən vurmuşdur. Xəstəxanadan çıxaraq yeznəsi onu aparmış, dayısıgildə qalmış, qorxudan evə qayıtmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, 2017-ci ildə ailə həyatı qurmuş, 3 uşağı var. Münaqişələr ailə qurduqdan sonra başlamışdır. Qısqanclıq zəmnində və qaynanasının müdaxiləsinə görə münaqişə olmuşdur. 3-ü döyüləndə uşaqlar evdə olmuş, böyük qızı araya girəndə onu da vurmuşdur. Özü polisə və təcili yardıma məlumat vermiş, onlar gələndə yoldaşı evdə olmuşdur. Burnu, ağzı qanamışdır. 2-ci qızına hamilə olanda ütünü qoluna basmışdır. Ayın 7-də polis şöbəsinə çağırmışlar, uşaqları dayısıgilə qoyub, anası ilə getmiş, axşamı qayıdıb gəlmiş, qaynanası evdə olmuş, sonra yoldaşı gəlmiş, mətbəxdə söhbətə başlamışlar, o, qonaq otağında olmuş, gəlib demişdir ki, “sənə deməmişəm evdən getmə” saçını yolmuş, başından tutub ayaqyalın çölə atmış, həyətə düşərək uşaqlardan telefon alıb qardaşına zəng vurmuşdur. İki dəfə ekspertizadan keçmişdir. Barışıq yoxdur şikayətçidir. Hadisəyə qədər də şiddət görmüş, evdə kameralar quraşdırmışdır. Döyüldüyünə dair görüntü telefonunda olmuş, onu da sındırmışdır. Boşanmaya dair iddia qaldırmış, xaker tutmuş, dayısı oğlu Məmmədov Yaşara telefonunu yoxlatdırmış, bir şey tapmamış, üzr istəmişdir. İnstaqram hesabı açmış, qısqandığı üçün yoxlamışdır. 7 il bir yerdə yaşamışlar. Münasibətləri olmamış, bibisi oğlunun iş yoldaşı olmuş, demişdir ki, yaxşı oğlandır, ailəsi vermək istəməmiş, o, istəmiş, evlənəndən sonra Qədir dəyişmiş, 7 il ərzində şiddət görmüş, evdən çıxmağa icazə verməmiş, atasıgilə getməyə icazə verməmiş, qaynanası demişdir ki, kənddə onu istəyən var ona görə buraxmamışdır. Uşaq birinci sinifdə idi yeni il şənliyinə buraxmamışdır. Qaynanası da onu qısqanmış, demişdir ki, oğlunu əlindən almışam. İndiyə qədər polisə müraciət etməmişdir. Mütəmadi döyülmə halları şiddət olmuş, uşaqların yanında da olmuşdur. Səbəb qısqanclıq olmuşdur. Uşaqların 6, 5 və 3 yaşları var. Boşanma üçün ərizə verilib iş məhkəmədədir. Məhkəmənin 08 iyul 2025-ci il tarixli məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, dəfələrlə gəlin tərəfindən döyülmüş və söyülmüşdür. Uşaqlara keçmişdir. Axırıncı dəfə gəlin oğluna artıq sözlər demiş, gəlinə demişdir ki, belə danışmaq olmaz, əvəzində onu təhqir etmişdir. Küsüb qızının evinə getmişdir. Ssonra gətirdilər barışmışdır. Ayın 30-u oğlu bayram üçün rayona getmək istəmiş, Qədir Elnarəyə getməyi təklif etmiş, lakin Elnarə getməmişdir. Qızı da evdə olmuş, ərzaq alıb evə qoyub bacı qardaş rayona getmişlər. Onlara süfrə açmış, ayın 3-ü geri qayıtmışlar. Tort alıb evə getmişlər. Qapıdan girəndə Elnarə qızını və oğlunu təhqir etmiş, tortu zibilə atmış, səs-küy salmışdır. Hadisə vaxtı rayonda olmuşdur. Ayın 4-ü gəlmiş, gəlin evdə olmamış, polisdən gəlmiş, Elnarəni otağa salmışdır. Mətbəxdə yemək bişirmişdir. Ayın 6-sı iş başlamış, oğlu işə getmiş, qızı və yoldaşı evdə olmuşlar. Qızına demişdir ki, onu oğlunun evinə aparsın. Qədirə zəng etmiş, demişdir ki, polisə çağırıblar. Ayın 7-si günü Qədir işə getmiş, gəlin polisə gedəndə onlara heç nə deməmişdir. Oğlu zəng etmiş, demişdir uşaqlar gediblər. Saat 6-da gəlmiş, uşaqları otağa salmış, onu hədələmişdir ki, öldürəcəkdir. Qədir otağa girmiş və səs-küy salmağa başlamışdır. Elnarəyə demişdir ki, uşaqları götürüb keçsin o biri otağa. Elnarə isə cavabında demişdir ki, “anavı da götür get”. Qədir Elnarənin telefonunu sındırmış, Qədir Elnarəni bayıra çıxartmışdır. Onun oğlu Elnarəni vurmamış, sadəcə acıqlanmışdır. Qız telefonla Qədiri vurmuş, onu da vurmuş, Qədir Elnarəni yaxalayıb çölə çıxartmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, ailəli olduqları vaxt oğlu Elnarəyə xəsarət yetirməmiş, qız özü-özünə xəsarət yetirmişdir. Həmişə gəlin oğluna hücüm çəkmişdir. Elnarə öz-özünə xəsarət yetirmiş, belə ki, qızının 1 yaşı günü otağa girib saçını kəsmiş, nəsə deyəndə başlamışdır özünü çərtməyə. Xəsarətləri özü-özünə etmişdir. Qədir 7-si günü Elnarədən yapışıb çölə çıxartmışdır. Baş verən ailə münaqişəsində fiziki xəsarət ola bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Qədirnən o, rayonda olmuşlar. Elnarə evdə qalmışdır. Tort alaraq evə gəlmişlər. Elnarə onları görən kimi aqresiv cavablar vermişdir. Tortu kəsmişlər ki, uşaqlar yesin. Elnarə tortu götürüb zibil qutusuna atmış, ona isə evdən çıxmağını demişdir. Nəlayiq sözlər işlətmiş, hay-küy yaratmış, bir az sonra polislər gəlmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, 03 yanvarda qardaşı ilə Ağsu rayonundan gəlmişlər. Evdə Elnarə və uşaqlar var idi. Qardaşı ailəsini evdə bağlayıb saxlamaz. Həmin gün qardaşı içkili olmamışdır. Gəlin tələb etmişdir ki, evi tərk edək, səs-küy salmış, polislər gəlmişlər. Dava-dalaş görməmişdir. Elnarə özözünə xəsarət yetirə bilər. Arada mübahisələri olur. Stulu çevirəndən sonra uşaq otağına keçmişdir. Əvvəl özünə xəsarətlər yetirib,saçın kəsmişdir. Hadisə günü Elnarənin vurulduğunun şahidi olmamışdır. Elnarə aqresiv gəlindir. Qardaşı Elnarənin qolundan tutub sakitliyə dəvət etmişdir. Vurmağın şahidi olmamışdır. Təqsirləndirilən şəxs müvafiq cinayət əməlini törətməsi faktı, onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Canlı şəxsin ekspertizası ilə bağlı 04 yanvar 2025-ci il tarixli 08 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, adına tərtib olunmuş tibbi sənədə əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: hər iki diz oynağının, sol mil-bilək oynağının qançırları, hər iki dodaq keçəcəyinin sıyrıqları, üst dodağın selikli qişasının qansızması, sağ qulaq seyvanının qançırı, hər iki kürək nahiyəsinin qançırları, sol sağrının hematoması. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 03 yanvar 2025-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətin şəxsin tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Canlı şəxsin ekspertizası ilə bağlı 08 yanvar 2025-ci il tarixli 14 nömrəli rəyin nəticəvi hissəsində qeyd olunur ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlir: Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alın nahiyəsinin qançırı, sol əlin sıyrığı, sol saidin piqmentasiya sahəsi. Qeyd edilən qançır və sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 07 yanvar 2025-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd edilən piqmentasiya sahəsi termiki yanıq yarasının izi ola bilər, alınma müddəti müayinədən 1,5 ildən artıq tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xarakterlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də iş üzrə icraata xitam verilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir». Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinin mənasına görə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən «Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir». Eyni Məcəllənin 40.3-cü maddəsinə əsasən «Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir». Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir». Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən «Cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur». Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını rəhbər tutub, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin tətbiqinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 300, 305, 306, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-366/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-366/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver