Məhkəmə qərarları › İş №1(010)-367/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-367/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-367/2023 04.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi nömrəsiz evdə yaşayan, 04 – 06 dekabr 2022-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə 15 avqust 2023-cü il tarixindən etibarən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 dekabr 2022-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 8,414 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana alaraq əldə edib, daşımaqla üzərində saxlamış və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 dekabr 2022ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi 54 ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 (bir) ədəd sarı rəngli plastik qabın içərisində olan təmiz çəkisi 8,414 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 03 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manat müqabilində bir ədəd sarı rəngli plastik qutunun içərisində qurudulmuş marixuana almış, sonra özü istifadə etməsi üçün əynindəki şalvarının cibində saxlayıb gəzdirmişdir. 04 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi, yaşadığı evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin əldə edilib saxlanması, daşınmasında şübhəli olduğunu deyib onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. 30-cu polis şöbəsinin inzibati binasında, xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə, eyni zamanda əldə edilib saxlanması qadağan olunmuş hər hansı bir əşya, vasitə və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Öz istifadəsi üçün alıb əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd sarı rəngli plastik qutunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi qabın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi bir ədəd sarı rəngli plastmas qutuda olan narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş, zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuşdur. Protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışdır. Əməlindən peşman olmasını nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat barədə dərhal polis şöbəsinin rəhbərliyinə məruzə edilmiş, polis şöbəsinin rəisinin əmri ilə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilib Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. 04 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində E.Kamranlının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yaşadığı evin yaxınlığında olduğunu müəyyən edib orada onu saxlayıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitələr ələdə edib saxlayıb daşıyıb qəbul etməkdə şübhəli olduğunu bildirib onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasına başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sarı rəngli plastik qutunu çıxarıb təqdim etmiş, təqdim etdiyi qutunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, marixuananı Bakı şəhəri, Xətai rayonu ərazisində, metronun «Əhmədli» stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli qutunun içərisində olan marixuana bir ədəd zərfə qoyularaq zərf möhürlənmiş, bu barədə tərtib olunan protokolun məzmunu ilə tanış olaraq möhürlənmiş zərfin üzərini və protokolu imzalamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd sarı rəngli plastik qutuda olan kütləni çıxarıb təqdim edir və bildirir ki, təqdim etdiyi kütlə narkotik vasitə kimi tanıdığı marixuanadır, marixuananı 03 dekabr 2022-ci il tarixdə “Əhmədli” metrosunun tanımadığı şəxsdən 50 manata almışdır və öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1375 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş maddi sübut...” yazılan zərfdə 1 ədəd sarı rəngli plastik qabda təmiz çəkisi 8,414 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi - 8,414 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 8,364 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli 1470 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 8,414 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 8,364 qram qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “Respublika Narkoloji Mərkəzi” X1 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 04 – 06 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasının əvvəli 15 avqust 2023-cü il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,364 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 – 06 dekabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 15 avqust 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,364 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 20 (iyirmi) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 120 (yüz iyirmi) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar