Məhkəmə qərarları › İş №1(010)-368/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №1(010)-368/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(010)-368/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-ci ildə Saatlı rayonu, Krasnoselki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli, himayəsində üç uşağı olan, orta təhsilli, əlilliyi olmayan, sürücü işləyən, məhkum olunmayan, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı 21 may 2025-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs, 03 may 2025-ci il il tarixdə, saat 00:10 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs mobil telefonda “Tik-Tok” sosial şəbəkəsində uca səslə davamlı olaraq videolara baxdığını görüb, mobil telefonun səsini azaltmasını və ya qulaqcıqda qulaq asmasını tələb edərək sonuncu ilə mübahisə etmiş və aralarında bu səbəbdən yaranmış mübahisə zamanı qəsdən yumruqla vuraraq ona ağrı simptomu və iki burun dəliyində tənəffüs pozğunluğu və burun qanaxması ilə müşayiət olunan, reduksiya olunan burun sümüklərinin sınığı, sol göz orbitası və gözaltı nahiyədə şişkinli qançır və bu fonda sol göz almasının ağlı qişasında qansızmalar, üst dodaq, sol əl və sol əlin V barmağı nahiyələrində sıyrıqlarla müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən üç övladı var. Əvvəllər arvadı ilə münasibətləri yaxşı olmuşdur. Daha sonra, onun mobil telefonda başqa şəxslərlə danışmasını və yazışmasını tutmuşdur. Övladlarına görə, onu bağışlamışdır. 03 may 2025-ci il tarixdə, saat 00:10 radələrində yaşadıqları ünvan 2 ünvanında olan zaman arvadı Ayselin “Tik-Tok” sosial şəbəkəsində uca səslə videoya baxdığını görüb videonun səsini almasını və ya qulaqcıqla qulaq asmasını xahiş etmiş, bu səbəbdən arvadı ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbi olduğu üçün yumruqla bir dəfə arvadının üz nahiyəsindən vurmuşdur. Bir müddət sonra arvadı ağrıdığını dediyindən onu Sabunçu xəstəxanasına aparmış və müayinə edildikdən sonra evə gətirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt evdə özü, həyat yoldaşı və uşaqları olmuşdur. Zərərçəkmiş şəxsin xalası qonşuluqda yaşayır. Hadisədən sonra səsə xalası onlara gəlmişdir. Əvvəllər zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Həyat yoldaşı ilə əvvəllər münasibəti yaxşı olmuş, ilk dəfədir ki, belə bir hal yaşanmışdır. Hazırda barışmışlar, birlikdə yaşayırlar. 13 may 2025-ci il tarixdə hadisə yeni olduğu üçün Aysel hələ də əsəbi olmuş, ona görə də, barışıq hüququ izah olunsa da, aralarında barışıq olmamışdır. Sonda isə zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, bununla bağlı zərərçəkmiş şəxsin notariat qaydada ərizə verməsini nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığından barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu evlilikdən 3 övladları var. Onlar ünvan 1 ünvanında yaşayırlar. Əvvəllər həyat yoldaşı Namizlə münasibətləri yaxşı olmuş, lakin son zamanlar aralarında qısqanclıq səbəbi ilə tez-tez mübahisələr yaranmışdır. 03 may 2025-ci il tarixdə, saat təxminən 00:10 radələrində yaşadığı ünvan 1 ünvanında evdə olarkən Namiz onu mobil telefonda videoya baxması və əsassız qısqanması səbəbindən onu təhqir etməyə başlamış, daha sonra əsəbləşərək üzərinə gəlmiş, yumruqla bir dəfə onun göz nahiyəsindən vurmuşdur. Bir müddət sonra onu Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmış və müayinə edildikdən sonra, evə qaytarmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra qonşuluqda yaşayan xalası səsə gəlmişdir. Təqsirləndirilən şəxslə barışmış və barışması üçün ona qarşı təzyiqlər olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 12 iyun 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Zərərçəkmiş şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin rəis müavininə ünvanladığı 05 may 2025-ci il tarixli ərizədə 03 may 2025-ci il tarixdə, yaşadığı evdə olan zaman həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən döyülərək bədən xəsarəti alması barədə qanuni araşdırma aparılmasını xahiş etmişdir. (iş.v.1) 05 may 2025-ci il tarixli, HK/1-1279 saylı raportdan görünür ki, 05 may 2025-ci il tarixdə saat 12:21 radələrində DİN-in 102 “Xidməti-Zəng” mərkəzi sisteminə ********** saylı daxil olmuş məlumatda, ünvan 4 ünvanından vətəndaş Zərərçəkmiş şəxs (077)-309-45-99 nömrəsindən məlumat verərək əri Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə onu döyməsi və öldürməklə hədələməsi barədə bildirmişdir. (iş.v.2) 05 may 2025-ci il tarixli “hadisə yerinə baxış aparılması barədə” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanıdır. Ev 3 otaqdan ibarətdir. Mübahisə evin qonaq otağında baş vermişdir. Otaqda müxtəlif təyinatlı əşyalar vardır. Hadisə yerindən toplanmış materialla bağlı heç bir maddi sübut aşkar edilməmişdir. (iş.v. 6-9) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 06 may 2025-ci il tarixli, 308 nömrəli canlı şəxsin ekspertiza rəyinin nəticəvi hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-ağrı simptomu və hər iki burun dəliyindən tənəffüs pozğunluğu və burun qanaxması ilə müşayət olunan, reduksiya olunan burun sümüklərinin sınığı, sol göz orbitası və gözaltı nahiyədə şişkinli qançır və bu fonda sol göz almasının ağlı qişasında qansızmalar, üst dodaq, sol əl və sol əlin V barmağı nahiyələrində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən və tibbi sənəddə qeyd olunan 03 may 2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özüözünə yetirilməsi inandırıcı deyildir (iş.v. 15-17) Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixli ərizələri ilə toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına heç bir etirazlarının olmadığını bildirmişlər. (iş.v.18-19) 06 may 2025-ci il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Elvin Tanarverdiyev tərəfindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı açılmışdır. (iş.v. 19-20) 06 may 2025-ci il tarixli, “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (iş.v. 21-22) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Qurbanəli İslamov tərəfindən verilmiş 13 may 2025-ci il tarixli 1718 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən aşağıdakı ailə tərkibi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nörməsiz mənzildə qeydiyyatsız yaşayır. Ailə tərkibi: həyat yoldaşı-1992-ci il təvəllüdlü X5. (iş.v. 50) Suraxanı RHİB-in Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Qurbanəli İslamov tərəfindən verilmiş 13 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatsız yaşayan Zərərçəkmiş şəxs barəsində Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb. Xasiyyətnamə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Anar Tanarverdiyevə təqdim etmək üçün verilmişdir. (iş.v. 51) Suraxanı RHİB-in Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Qurbanəli İslamov tərəfindən verilmiş 13 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1986-cı il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində Hövsan qəsəbəsi ərazisində yaşadığı dövrdə qəsəbə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb. Xasiyyətnamə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Anar Tanarverdiyevə təqdim etmək üçün verilmişdir. (iş.v. 52) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2025-ci il tarixli məhkumluqla bağlı arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Arayışda həmçinin Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətindən azad olunması halı müəyyən olunmamışdır. (iş.v.53) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması və ya CM-in 73.2-ci maddəsində sadalanan maddələr üzrə barışıq əsasında cinayət məsuliyyətindən azad edilməsi halı olmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs oğlunun birgə nikahlarından 3 azyaşlı övladları vardır. Onların nikah haqqında şəhadətnaməsinin surəti də iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq olunmuş «Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları»na əsasən tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülür. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə «Ekspert rəyi», məhkəmə-tibbi müayinəsi keçirildikdə isə «Məhkəmə-tibbi müayinə aktı» tərtib olunur. Azərbaycan Respublikası CM-də sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir: sağlamlığa ağır zərər vurma; sağlamlığa az ağır zərər vurma; sağlamlığa yüngül zərər vurma. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”na əsasən sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və. s aid edilir. “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli 269 nömrəli Qərarının 2.1-ci maddəsinə əsasən sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir: 2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər; 2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, məhkəmə tibbi ekspertizasının rəyini və məhkəməyədək sadələşdirilmiş icraat materialını ətraflı tədqiq edərək məhkəmə araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı toplanmış kifayət qədər mötəbər sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər, cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-nin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. CPM-nin 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. Həmçinin cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığından barəsində aparılan cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 12 iyun 2025-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizədən də görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışdığından ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Cinayət Məcəlləsinin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: - barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; - təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; - təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Plenum Qərarına əsasən müəyyən edilir ki, Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına görə CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. CPM-nin 321.2-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlar sırasında həmçinin CPM-nin 321.2.1-ci maddəsində göstərilmiş cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar qeyd olunmuşdur. CPM-nin 43.1.2-ci maddəsinə əsasən «bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində mövcud iş üzrə ibtidai araşdırma dövründə heç bir qətimkan tədbiri seçilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və mülki iddia yoxdur. Beləliklə də, məhkəmə araşdırmanın yekunu olaraq bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, lakin zərərçəkmiş şəxslə barışdığından, ona dəymiş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməli olduğu, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən edildiyi hallarda, cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və məhkəmənin yekun qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 347, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Qərardan 20 gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar