Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-37/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 22 aprel 2021-ci il tarixdə, saat 10:55-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, 2 nömrəli evin 19 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 mart 2020-ci il tarixdə, saat 08 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus olan “FUJİFİLM” mağazasının dəmir jalüz qapısının qıfılını vintaçanla sındırıb plastik qapını açaraq, mağazaya qanunsuz daxil olub oradan 500 manat dəyərində 01 ədəd Tailand istehsalı olan “Nikon” markalı, “D7100” modelli istifadədə olmuş fotoaparatı üzərindəki 150 manat dəyərində 01 ədəd Çin istehsalı olan “Nikon DX” markalı, 18-105 mm-lik istifadədə olmuş obyektiv (linza) və 120 manat dəyərində 01 ədəd “Nikon Speedlight SB-700” markalı istifadədə olmuş işıqlandırıcı ilə birlikdə, 600 manat dəyərində olan bir ədəd “Canon 600” markalı fotoaparatı və 100 manat dəyərində olan bir ədəd “Sony” markalı fotoaparatı gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1.470 (min dörd yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 01 mart 2020-ci il tarixdə, saat 08 radələrində yaşadığı evdə yuxudan oyanmış, həmin ərəfədə bayramla əlaqədar pula ehtiyacı olduğuna görə oğurluq etmək məqsədilə özü ilə vintaçan götürüb evdən çıxmışdır. ünvan 1 ünvanının qarşısına gəldikdə ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra oradakı “Fujifilm” foto yerinin dəmir jalüzünün qıfıllarını özü ilə gətirdiyi vintaçanla açmış, jalüzü bir qədər yuxarıya qaldırıb içəri daxil olmuşdur. Giriş qapısı ilə üzbəüz, sol hissədə otağın küncündəki vitrinin üstündən üç ədəd fotoaparatı içəridə olan sellofan paketə qoyub yaşadığı evə gətirmişdir. 02 mart 2020-ci il tarixdə isə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyasının yaxınlığında yerləşən fotoatelyelərdən birinə yaxınlaşmış, oğurladığı fotoaparatın birini həmin yerdə işləyən şəxsə, hərbi biletinin surətini təqdim etməklə 100 manata satmışdır. Həmin şəxs fotoaparatın ona məxsus olub-olmadığını soruşduqda, sonuncuya fotoaparatın özünə aid olduğunu demişdir. Daha sonra həmin günü “İnstagram” sosial şəbəkəsində fotoaparat alqı-satqısı və kirayəsi səhifəsini görmüş, orada qeyd olunan nömrəyə zəng edib fotoaparatını 340 manata satmaq istədiyini bildirmişdir. Telefonda danışdığı şəxslə razılaşıb Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall”-un yaxınlığında görüşmüşlər, həmin şəxs razılaşdıqları yerə tanımadığı bir şəxslə gəlmişdir. Fotoaparatı almaq istəyən şəxs fotoaparata baxdıqdan sonra qüsurlarının olduğunu, buna görə də onu 165 manata ala biləcəyini bildirmiş, sonuncunun təklifi ilə razılaşıb oğurladığı fotoaparatın digərini qeyd etdiyi şəxsə satmışdır. Həmin şəxsə də satdığı fotoaparatın özünə məxsus olduğunu demişdir. Qeyd etdiyi oğurluq əməli nəticəsində əldə etdiyi pulun 20 manatını ailə üzvlərinə vermiş, qalanını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və məhkəmədən barəsində yüngül həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. 16 fevral 2020-ci ildə məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 15 ildir ünvan 1 ünvanının qarşısında yerləşən özünə məxsus fotoatelyede foto işləri ilə məşğul olur. 29 fevral 2020-ci il tarixdə, saat 21 radələrində işçisi həmin fotoatelyenin dəmir qapısını qıfılla bağlayıb açarı isə yaşadığı ünvana gətirərək ona vermişdir. 01 mart 2020-ci il tarixdə səhər saatlarında ona məxsus fotoatelyenin yaxınlığında yerləşən satış məntəqəsində çörək satan, uzun müddətdir tanıdığı Nazilə adlı qadın ona zəng edib obyektin qapısının açıq olduğunu demişdir. Dərhal obyektə gəlmiş, dəmir jalüzün və obyektin qapısının açıq olduğunu görmüşdür. İçəri daxil olduqda oradan 01 ədəd “Nikon 7100” markalı, 01 ədəd “Canon 600” markalı və 01 ədəd “Sony” markalı fotoaparatların oğurlandığını aşkar etmişdir. Buna görə də ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə müraciət edərək hadisə barədə məlumat vermiş, sonradan polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirərək müvafiq sənədləşdirmə aparmışlar. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1.470 manat məbləğində maddi ziyan vurulmuşdur. Sonda Zərərçəkmiş şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 16 ildir ünvan 2 ünvanında yerləşən obyekti icarəyə götürüb həmin yerdə telefonların, printerlərin və fotoaparatların alqı-satqısı və təmiri ilə məşğul olur. 02 mart 2020-ci il tarixdə, saat 10-12 radələrində əvvəllər tanımadığı, adının Ramiz olduğunu sonadan bildiyi şəxs işlədiyi obyektə daxil olub əlindəki sellofan paketdən “Canon 600d” markalı fotoaparatı çıxararaq, onu 130 manata satmaq istədiyini bildirmişdir. Həmin fotoaparata baxıb onun enerji yuvasının işləmədiyini görmüş, eyni zamanda Ramizdən satmaq istədiyi fotoaparatın kimə məxsus olduğunu soruşmuşdur. Ramiz isə fotoaparatın özünə məxsus olduğunu bildirmişdir. Fotoaparatın qeyd etdiyi qüsurunu nəzərə alaraq, Ramizə 100 manat verə biləcəyini demişdir. Ramiz onun təklifi ilə razılaşmış, bu zaman ondan alqı-satqını rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Ramiz isə şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirib hərbi biletini təqdim etmiş, lakin o, bununla razılaşmamışdır. Bundan sonra Ramiz zəng edib kiminləsə danışmış və təxminən 15 dəqiqədən sonra obyektə qayıdıb ona verəcəyi 100 manat puldan çıxmaq şərti ilə, taksiyə vermək üçün ondan 30 manat istəmişdir. Ramizə 30 manat pulu verdikdən bir müddət sonra bir nəfər şəxs yaxınlaşıb özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, şəxsiyyət vəsiqəsinə baxdıqda həmin şəxsin Elvin adlı şəxs olduğunu görmüşdür. O, Ramizin hərbi biletinin və Elvinin şəxsiyyət vəsiqəsinin surətini götürüb qalan 70 manatı Ramizə verdikdən sonra sonuncular obyektdən çıxıb getmişlər. Ramiz, satdığı fotoaparatı oğurluq yolu ilə əldə etməsi barədə ona heç bir məlumat verməmişdir. Bu barədə məlumatı olduğu halda, həmin fotoaparatı almayacaqdı. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, fotoaparat həvəskarıdır və onun fotoaparat şəkillərini paylaşdığı fotoaparat kirayəsi adlı “İnstagram” profili vardır. Əvvəllər 3 fotoaparatı olmuş və onları kirayəyə vermişdir. Arada fotoaparatların alqı-satqısı ilə də məşğul olur. “İnstagram” profilində fotoapart şəkilləri ilə yanaşı əlaqə nömrəsini də qeyd etmişdir. 02 mart 2020-ci il tarixdə ***-***-**-** saylı mobil telefon nömrəsindən onun telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Ramiz kimi təqdim edib onda “Nikon 7100” markalı fotoaparat olduğunu, onu satmaq istədiyini bildirmişdir. Həmin vaxt Ramiz fotoaparatın anasına məxsus olduğunu və 400 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra o, xalası oğlu Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall”un yanında Ramiz adlı şəxslə görüşüb onun satmaq istədiyi fotoaparata baxmış, həmin fotoaparatın texniki problemləri olduğu üçün almaq istəmədiyini Ramizə bildirmişdir. Ramiz isə nöqsanlara görə tələb edilən xərci məbləğdən çıxacağını demişdir. Beləliklə razılaşıb həmin fotoaparatı 165 manata Ramizdən almışdır. Həmin vaxt Ramizdən şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmiş, sonuncu isə şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirib hərbi biletini ona vermişdir. O, isə hərbi biletinin fotoşəklini çəkmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 01 mart 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 1 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus olan “FUJİFİLM” fotoatelyesində, fotoatelyenin dəmir jalüz qapısının qıfılını sındırılması nəticəsində baş vermişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs oğurlanmış fotoaparatların yerini əyani şəkildə göstərmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 aprel 2020-ci il tarixli, 9/517 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olunması nəzərə alınmaqla 2020-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 770 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilməklə aşağıdakı kimidir: 01 ədəd Tailand istehsalı olan “Nikon” markalı “D7100” modelli istifadədə olmuş fotoaparat 500 manat; 01 ədəd Çin istehsalı olan “Nikon DX” markalı 18-105 mm-lik istifadədə olmuş obyektiv (linza) 150 manat; 01 ədəd “Nikon Speedlight SB-700” markalı istifadədə olmuş işıqlandırıcı 120 manat. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə 19 avqust 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs göstərmişdir ki, 01 mart 2020-ci il tarixdə, saat 08 radələrində ünvan 1 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus olan “FUJİFİLM” mağazasının dəmir jalüz qapısının qıfılını vintaçanla sındırıb oradan 03 ədəd fotoaparat oğurlamış, həmin fotoaparatlardan birini 02 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyasının yaxınlığındakı fotoatelyelərdən birinə, digərini isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün Mall”-un yaxınlığında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu şəxsə 165 manata satmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı fotoaparatları satdığı yerləri əyani çəkildə göstərmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmayan şəxsiyyətini, cavanlığını, eyni əmələ görə əvvəllər iki dəfə məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 mart 2020-ci il tarixli məlumatından və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs, əvvəllər qəsdən cinayət törətməyə görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğundan, yəni Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu, hazırki iş üzrə cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, həmçinin daha yüngül, yəni azadlığın məhdudlaşdırılması növündə cəzanın da təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədi R.R.Qazıyevə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 22 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 il 05 ay 28 gün müddətində hissəsi Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 08 ay 29 gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 07 mart 2020-ci il tarixli protokoldan, habelə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında və qətimkan tədbirinin seçilməsi haqqında 09 mart 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismindən cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş, Bakı şəhəri Suraxanı rayon prokurorunun 09 mart 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin vəsatəti rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixdən 09 mart 2020-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərarı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının 21 yanvar 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq 21 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmalı və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 21 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Nikon” markalı “D7100” modelli istifadədə olmuş fotoaparatın üzərindəki 150 manat dəyərində 01 ədəd Çin istehsalı olan “Nikon DX” markalı, 18-105 mm-lik istifadədə olmuş obyektiv (linza) və 120 manat dəyərində 01 ədəd “Nikon Speedlight SB-700” markalı istifadədə olmuş işıqlandırıcı ilə birlikdə Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ibtidai istintaq zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərdiyi pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07 mart 2020-ci il tarixdən 09 mart 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məһrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkilməsi üçün qəti olaraq, 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 19 yanvar 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Nikon” markalı “D7100” modelli istifadədə olmuş fotoaparatın üzərindəki 150 manat dəyərində 01 ədəd Çin istehsalı olan “Nikon DX” markalı, 18-105 mm-lik istifadədə olmuş obyektiv (linza) və 120 manat dəyərində 01 ədəd “Nikon Speedlight SB-700” markalı istifadədə olmuş işıqlandırıcı ilə birlikdə ibtidai araşdırma zamanı sahibi, Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş pulsuz hüquqi yardıma görə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat, məhkəmədə göstərilmiş pulsuz hüquqi yardıma görə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat, ümumilikdə isə 50 (əlli) iş saatı üçün 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri Bank ABB Suraxanı filialı, VÖEN **********, h/h ********************, SWİF GOODE İBAZAZ2X, m/h-**********031, kod 805692, VÖEN **********, AİİBAZ2X, hesab-********************, VÖEN-********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməklə həmin Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(010)-37/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-37/2021
22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver