Məhkəmə qərarları › İş №1(010)-371/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-371/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-371/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasaı Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunma barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,908 qram kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 iyun 2022-ci il tarixdə, saat 15:40-da Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən “Univermaq” adlı obyektin qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasına gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,908 qram kristallşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, 02 iyun 2022-ci il tarixdə, saat 15:40-da Bakı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən “Univermaq” adlı obyektin qarşısında olarkən, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən tutulub, əvvəlcə idarəyə gətirilmiş, daha sonra isə polis bölməsinə gətirilmiş, idarədə, sonra isə bölmədə döyülərək, çəkiliş zamanı məcbur qalıb, üzərində psixotp maddə olduğunu deyib, polis əməkdaşları tərəfindən əvvəlcədən əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə yerləşdirilmiş bir ədəd bükümdə psixotrop maddəni təqdim etmiş və etirafedici izahat verərək, onun özünə məxsus olduğunu bildirmişdir. Əslində isə nə saxlanıldığı vaxt, nədəki ondan əvvəl onun üzərində heç bir psixotrop maddə və qanunla qadağan olunmuş digər əşya olmamışdır. Qeyd edir ki, o, idarədə və bölmədə döyülməsi ilə bağlı heç bir instansiyaya müraciət etməmişdir, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə, həmçinin, öz müdafiəçisinə bu barədə məlumat verməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, iş üzrə şahidlər olan Şahid2 və Şahid1 onu döyməmişlər, onu döyənlər tanımadığı başqa polis əməkdaşları olmuşlar. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmidir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. 02 iyun 2022-ci il tarixdə təxminən saat 15:40-da Bakı şəhəri, o, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində yerləşən Univermağın qarşısında olan zaman, iki nəfər polis əməkdaşları ona yaxınlaşıb və özlərini təqdim edib, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona üzərində qanunsuz olaraq narkotik vasitə olmasında şübhəli olduğunu bildirdikdə, həmin vaxt o, səmimi olaraq üzərində psixotrop maddənin olduğunu bildirmişdir. Polislər onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Üzərində olan əşyaları təqdim etməsi təklif olunduqda, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümün içərisində olan narkotik maddəni təqdim etmiş, təqdim etdiyi bir ədəd bükümün içərisində metamfetamin olduğunu, metamfetamini tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq, üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi maddə bir ədəd kağız zərfə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 31-ci PB-nə etimad doğuran, qərəzsiz mənbədən «Əfşan» adlı şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində «Univermaq» adlandırılan obyektin yanında narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əfşan» adlı şəxsin xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, bu barədə dərhal bölmə rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul etmişdir. Bölmə rəisinin əmri ilə onun rəhbərliyi ilə bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində «Univermaq» adlandırılan obyektin yanında olduğunu müəyyən edib, saat 15:40-da onu orada saxlayaraq polis əməkdaşı olduqlarını bildirib, özlərini ona təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqda, daşımaqda və qəbul etməkdə şübhəli olduğunu bildirib, onu Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra PB-nin inzibali binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkliş aparılmaqla, şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızma bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, təqdim etdiyi bir ədəd bükümün içərisində metamfetamin olduğunu, onu Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 10 manata alaraq öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun üzərindən onun özünün təqdim etdiyi bir bükümdən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açıldıqda bükümün içərisində narkotik maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin bir ədəd büküm bir ədəd zərfə qoyularaq zərf möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik maddə metamfetaminə oxşar kütlə aşkar edilib götürülməsi haqqında protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu və möhürlənmiş zərfin üzərini imzalamışlar. Əlavə olaraq qeyd edir ki, polis bölməsində təqsirləndirilən şəxsə heç bir fiziki və ya psixioloji təsir göstərilməmişdir, əksinə olaraq, bölməyə gətirildikdən sonra sonuncu özünü pis hiss etdiyini dedikdən sonra, o, şəxsən, öz təşəbbüsü ilə təqsirləndirilən şəxsi X6 aparmış və sonuncunu müayinədən keçirtmişdir. Bir daha qeyd edir ki, nə saxlanılarkən, nədəki sonrakı müddət ərzində təqsirləndirilən şəxsə qarşı heç bir təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, nə saxlanılarkən, nədəki sonrakı müddət ərzində təqsirləndirilən şəxsə qarşı heç bir təsir olmamış, saxlanılarkən, təqsirləndirilən şəxs özünü pis hiss etdiyini bildirdiyindən, sonuncu X6 aparılmış və müayinədən keçirilmişdir. Müayinə zamanı təqsirləndirilən şəxsin döş qəfəsində əzilmə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs bunu özünün yıxılması zamanı aldığını göstərmişdir. Sonuncu rentgendən keçirilmiş, orqanizmində heç bir patologiya və ya xəsarət olduğu müəyyən olunmamışdır. İş materiallarından görünür ki, 02 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 4(010)-335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 1(008)-227/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək, qəti olaraq 1 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli Amnistiya Qərarının 1.5 bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunma barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(010)-371/2022 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilmiş və cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzasının sonu xx.xx.2022-ci ilə təsadüf edirdi. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 6/3111 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №195» dairəvi möhür əksi olan, «...(imza) Təqsirləndirilən şəxs..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,908 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi-1,908 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq-1,858 qram. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» nin siyahısına daxildir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X10 Ambulator X1 xx.xx.2022-ci il tarixli 3423 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 5529 nömrəli məktubudan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. X9 X8 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin 1(010)-371/2022 saylı, xx.xx.2022 tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, xəstə Təqsirləndirilən şəxs cərrahi profilli qəbul şöbəsinə xx.xx.2022 tarixdə saat 18:20-də “Döş qəfəsi sağ yarısının əzilməsi” diaqnozu ilə ambulator müraciət etmişdir. Sözünə görə Əmircanda univermağın qarşısında yıxılıb. Məhkəmənin sorğusuna əsasən X9 X8 təqdim etdiyi USM protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə müayinədən keçmiş, müayinə zamanı onun daxili orqanlarının tamlığının norma daxilində olması, qarın boşluğunda, kiçik çanaqda patoloci mayenin qeyd edilməməsi müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı metamfetamin olan psixotrop maddənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dindirilərkən, ona verilən ittiham üzrə cinayət əməlini törətmədiyini göstərsə də, məhkəmə onun bu ifadəsinə tənqidi yanaşır, bunu özünün müdafiə məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. İbtidai istintaq zamanı dindirilən təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilmiş, ifadəsində ittiham aktında öz əksini tapmış xüsusatları təsdiq etmişdir. Həmin ifadə həqiqətə uyğun olduğundan və digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onu ittihamı təsdiq edən sübut kimi qəbul edir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixioloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi recimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,858 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,858 qram psixotp maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar