Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-372/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 25 – 27 may 2024-cü il tarixləri üzrə tutulmuş, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,358 qram olan psixotrop maddə metemfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən 25 may 2024-cü il tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,358 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan iki gün əvvəl Əhmədli qəsəbəsi yaxınlığında tanımadığı şəxsdən 01 ədəd bükümdə narkotik vasitə metamfetamini 20 manat ödəməklə almışdır. 25 may 2024- cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığında dayanan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə dəvət edərək orada şəxsiyyətini müəyyən etdikdən sonra həmin idarənin təhqiqatçısı, polis baş leytenantı Kamran Mehdiyev tərəfindən üzərinə Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun qaydada şəxsi axtarış aparılacağının zəruri olmasını bildirərək ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. O, buna etiraz etməmişdir. Həmçinin üzərində şəxsi axtarış aparılmadan Suraxanı rayon ərazisi üzrə fəaliyyət göstərən 9 saylı Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququnun olması ona izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil Müdafiəçi ona bir daha hüquq və vəzifələrimi izah etmiş, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təhqiqatçı tərəfindən üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetamini masanın üzərinə qoyaraq təhqiqatçıya təqdim etmişdir. Bundan sonra isə üzərində şəxsi axtarış aparılsa da başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Onunla sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan metamfetamindir. Təhqiqatçı tərəfindən digər polis əməkdaşlarının iştirakı ilə üzərində aşkar edilmiş narkotik vasitə olan metemfetamin zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. İstər saxlanılan zaman, istərsə də polis bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, o, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə rəisi vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 25 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Umud adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra digər polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə onlar tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək O.Şabanov küçəsi, nömrəsiz evin yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 19:30-da yaxınlaşaraq özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə gətirmişlər. Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə həmin şəxs üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb təqdim elmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs həmin kütlələri haradan əldə etməsini soruşduqda sonuncu həmin kütləni tutulduğu gündən iki gün əvvəl Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən 20 manata əldə etdiyini və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Şahid1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, 30-cu polis şöbəsinin sahə rəisi, polis mayoru Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla Suraxanı Rayon Polis İdarəsinin 30-cu polisşöbəsinin təhqiqatçısı, polis baş leytenantı Kamran Mehdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Kamran Mehdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəziflərini izah etməsini bildirdikdə sonuncu hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Daha sonra təhqiqatçı Kamran Mehdiyev şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki təsir olub olmadığını soruşduqdan sonuncu ona qarşı fiziki təsir olmadığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqda sonuncu narkotik vasitələrdən istifadə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet olub olmadığını soruşduqda sonuncu əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 2 gün əvvəl, yəni 23 may 2024cü il tarixdə Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən öz istifadəsi məqsədilə 20 manata əldə etdiyini bildirir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansısa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm bir ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin Zərflər üçün 194 saylı möhürü ilə möhürlənərək götürülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2024cü il tarixli, 3-16-16/2-6/2976 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm maddi sübut; İştirak etdi 1. /imza/ Şahid1 o; 2. /imza/ Şahid2 o.; 3. /imza/ Şübhəli şəxs Təqsirləndirilən şəxs o.; Təhqiqatçı /imza/ Kamran Mehdiyev” yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,358 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,358 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,308 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3836 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məsburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 27 may 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,358 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,308 qram kustar üsulla hazırlanmış psixotro maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi” barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2019-cu il təvəllüdlü X2 adlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olaraq təqsirini səmimi etiraf etməsini, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəni dolandıran yeganə şəxs olmasını, ilk dəfə olaraq cinayət törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 25 – 27 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 – 27 may 2024-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,308 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-372/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-372/2024
03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver