Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-372/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü ildə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:67FYHMZ, evli (uşağı yoxdur) orta təhsilli, kuryer işləyən, məhkum olunmamış, Tovuz rayonu, Böyük Qışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 küçəsi nömrəsiz ev ünvanında yaşayan, 26 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 fevral 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, xeyli miqdarda çəkisi 0,867 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 26 fevral 2025-ci il tarixdə, saat 19:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən iş otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində olan qara rəngli dəri pul kisəsinin içərisindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakı mötəbər sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən evdə ailəsi ilə birlikdə yaşayır və evlidir. Orta məktəbi Azərbaycan bölməsində oxumuşdur. 26 fevral 2025-ci il tarixdə, günorta saatlarında, Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı tanımadığı şəxsdən 10 manata öz şəxsi istehlakı üçün “patı” kimi tanıdığı psixotrop maddəni alaraq əynindəki qara gödəkçəsinin sol yan cibindəki qara rəngli dəri kisəsinin içərisinə qoymuşdur. 26 fevral 2025-ci il tarixdə, saat 19:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağında dayandığı zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini tələb etmişlər. O, da özünü olduğu kimi təqdim etmişdir. Narkotik vasitələr və psixtrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 31-ci polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə razılaşmış və 31-ci polis şöbəsinə gətirilmişdir. Şöbəyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə polis əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Ona üzərində narkotik vasitə olub-olmaması, varsa təqdim etməsini təklif etmişlər. O, da əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki qara rəngli dəri kisəsinin içərisindən patı kimi tanıdığı psixotrop maddə olan 01 ədəd şəffaf sellofan bükümü həmin əməkdaşlara təqdim etmişdir. Sonra paltarlarını axtarmağa başlamışlar. Hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş 01 ədəd içərisində patı olan şəffaf sellofan büküm 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan maddəni 26 fevral 2025-ci il tarixdə, səhər saatlarında Suraxanı qəsəbəsində 10 manat pul ödəməklə özü istifadə etməsi üçün alaraq üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş maddədən başqa hər hansı yerdə heç nə saxlamamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni öz şəxsi istehlakı üçün əldə etmiş, lakin istifadə etməyə macal tapmamışdır. Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə gətirilərkən və şöbədə olan zaman ona qarşı heç bir fiziki təzyiq və ya zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxs qismində tutulan zaman polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiqə məruz qalmamışdır. Psixotrop maddələrdən tutulmamışdan əvvəlki 4-5 ay istifadə etmiş, tutulduqdan sonra isə istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Psixotrop maddənin metamfetamin növündən istifadə etmişdir. Həmin maddəni adının İlqar olduğunu bildiyi şəxsdən almış, həmin şəxs tez-tez Gədəbəy rayonuna gedib-gəlirdi. Bununla bağlı polis əməkdaşlarına da məlumat vermiş, onlar da həmin şəxsin adının İlqar olmadığını bildirmişlər. Psixotrop maddələri falqa arasında çəkmək yolu ilə istifadə etmişdir. Sonda isə ailənin yeganə qazanc gətirən şəxsi olmasını, anası və bacılarına baxmağını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək hazırki ifadəsində göstərmişdir ki, 26 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağında Şahid1 ilə birlikdə inzibati hüquqpozmaların qarşısını almaq məqsədi ilə reyd keçirdikləri zaman oradan keçən Təqsirləndirilən şəxs portal vasitəsi ilə yoxlanılmış, yoxlanılan zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Tovuz RPŞ tərəfindən borclu fiziki şəxs və cavabdeh qismində mülki axtarış elan edilmişdir. Həmin axtarışla bağlı Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 31-ci polis şöbəsinə dəvət etmişlər. Birlikdə 31-ci polis şöbəsinə gəlib çatan zaman Təqsirləndirilən şəxs özünün narkotik vasitə istifadəçisi olduğunu, hazırda da üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Dərhal bu barədə raport yazaraq şöbə rəisinə məruzə etmişlər. Raport şöbənin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında qeydə alınmış və icrası şöbənin təhqiqatçısı Elnur Mənsimova həvalə olunmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi dəvət olunmuş, daha sonra polis şöbəsində Təqsirləndirilən şəxs üzərində onların və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində olan qara rəngli pul kisəsinin içərisindən 01 ədəd sellofan bükümdə metamfetamin aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu, onu tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetamin olan büküm təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzərinə şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslərin adları yazılmış və hər kəs öz adının qarşısından imza çəkmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya aşkar olunmamışdır. Bununla da şəxsi axtarış istintaq hərəkəti başa çatdırılmışdır. Şəxsi axtarış iştintaq hərəkəti əvvəldən axıradək mobil telefonla videoçəkiliş aparılaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq olunmamış, o da öz növbəsində müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin yanında olubolmamasını xatırlamır. Təqsirləndirilən şəxs psixotrop maddəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı, iş üzrə Şahid1 məhkəmə iclasında iştirak etməmiş, cinayət prosesi tərəflərinin etirazı olmadığından onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadədə, şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmiş olduğu xüsusatlarla eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 27 fevral 2025-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin rəisinə ünvanlanmış 26 fevral 2025-ci il tarixli raportdan görünür ki, RPİ-nin 31-ci polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 həmin tarixdə, saat 19:45 dəqiqədə Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağında inzibati hüquqpozmaların qarşısını almaq məqsədilə reyd keçirərkən oradan keçən Təqsirləndirilən şəxs portal vasitəsi ilə yoxlamışdır. Yoxlamş zamanı Təqsirləndirilən şəxs Tovuz RPŞ tərəfindən borclu fiziki şəxs və cavabdeh qismində barəsində axtarış elan edilməsi aşkar edilmişdir. Qədirov X2 RPİ-nin 31-ci polis şöbəsinə dəvət olunmuşdur. Şöbədə olarkən Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddə aludəçisidir və üzərində narkotik maddə vardır. (iş.v.3) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən qara rəngli dəri kisənin içərisində olan 01 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş büküm təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd içərisində ağ rəngli kristal formalı maddə olan şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metafetamin olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manata alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 195 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. (iş.v. 25-26) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman yoxlama prosesinin çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı diskə baxış keçirilməklə tədqiq edilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində daşınması qadağan olunmuş əşya vardırsa, onu çıxarıb təqdim etməsini təklif edir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli dəri pul kisəsi çıxarıb təqdim edir və həmin kisənin içərisində “patı”, yəni metamfetamin olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi pul kisəsinin içərisinə baxan zaman pul kisəsinin içərisindən bir ədəd sellofan bükümdə ağ rəngli maddə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını, şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən əldə etdiyini bildirir. Bundan sonra, X3 tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində metamfetamin olan büküm pul qabının içərisinə qoyularaq bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək götürülür, zərfin üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin adları yazılır, həmin şəxslər zərfin üzərinə imza çəkirlər, bununla da şəxsi axtarış istintaq hərəkəti başa çatdırılır. Məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2025-ci il tarixli 6/901 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 195” möhür əksi, “....Təqsirləndirilən şəxs...” və s. soyadlar imzalar olan zərfdəki 01 ədəd qara rəngli pul kisəsinə yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Fiziki-kimyəvi ekspertiza xərci 110 (yüz on) manat təşkil etmişdir. Qeyd: 1) Metamfetaminin təmiz çəkisi – 0,867 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,767 qram. (iş.v. 33-35) 01 aprel 2025-ci il tarixli, “maddi sübut kimi tanımaq haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan 0,867 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Psixotrop maddə olan metamfetaminin 0,1 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,767 qram çəkidə qalığı saxlanmasından ötrü Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alman videogörüntünün olduğu bir ədəd elektron məlumat daşıyıcısı (disk) cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (iş.v.74-75) Ambulator məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2025-ci il tarixli, 1923 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (iş.v. 92-93) Suraxanı RPİ-nin İŞ-nin 03 mart 2025-ci il tarixli əməliyyat tapşırığına Suraxanı RPİ-nin 31-ci polis şöbəsi tərəfindən ünvanlanan 06 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmək mümkün olmamışdır. (iş.v. 77; 90) 25 aprel 2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmaması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntünün köçürüldüyü 01 ədəd elektron məlumat daşıyıcısının (diskin) cinayət işi üzrə Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 01 mart 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumilikdə təmiz çəkisi 0,867 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 01 mart 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və həmin psixotrop maddə metamfetaminin 0,1 qramı ekspert tədqiqatına sərf edildikdikdən sonra qalan 0,767 qram çəkidə qalığının saxlanılmasından ötrü Suraxanı RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,867 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbəni istintaqla dəqiq müəyyən etmək mümkün olmadığından həmin mənbə istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etmə mənbəsinin müəyyən edilməsi üçün cinayət işinin materiallarından psixotrop maddənin əldə edilmə mənbəyi barədə başqa cinayət işinin ayrıca icraata ayrılması məsələsinin həll edilməsi və cinayət işinin bəzi səhifələrində cinayət işinin nömrəsi mexaniki səhv olaraq ********* yazılan yerlərdə həmin nömrə ********* kimi oxunması qərara alınmışdır. (iş.v. 95-100) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdə, saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, saat 19:45-dən hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 28 fevral 2025-ci il tarixdə, saat 11:05-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 28 fevral 2025-ci il tarixli qərarla, müstəntiq tərəfindən barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 28 mart 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri təsdiq edilmişdir. (iş.v. 19, 47-48, 65-67, 87) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetaminin ümumi təmiz çəkisi 0,867 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağıdır. Bundan sonra 31-ci polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti təhqiqatçı tərəfindən keçirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, məhkəmə araşdırmasının yekunu olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə, xeyli miqdarda çəkisi 0,867 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən inzibati hüquqpozmalara qarşı keçirilmiş reyd zamanı 26 fevral 2025-ci il tarixdə, saat 19:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən avtobus dayanacağında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində olan qara rəngli dəri pul kisəsinin içərisindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,867 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən azadlıq və toxunulmazlıq hüququ demokratik cəmiyyətdə ən böyük əhəmiyyətə malikdir. Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) 1 e yarımbəndi bir neçə şəxs kateqoriyasına, infeksion xəstəlik yayan şəxslərə, ruhi xəstələrə, spirtli içki, narkotik aludəçilərinə və səfillərə aiddir. Konvensiyanın cəmiyyətə yaxşı uyğunlaşa bilməmiş belə şəxslərin azadlıqdan məhrum edilməsinə icazə verməsinin səbəbi yalnız onların ictimai təhlükəsizlik üçün təhdid təşkil edə bilmələri deyil, həmçinin onların öz maraqlarının da həbslərini zəruri edə bilməsidir. (Quzzardi İtaliyaya qarşı iş). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, əvvəllər məhkum olunmamışdır. (iş.v. 91) Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəza təyin edilərkən cinayət törətmiş şəxsin şəxsiyyəti də nəzərə alınmalı olduğundan ahzırki iş üzrə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində hazırda Suraxanı RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başqa cinayət işi istintaq olunur. Bu isə o deməkdir ki,şəxsin azadlıqda qalacağı təqdirdə cinayət əməllərini davam etdirməsi, islah olunmaması, cəmiyyət üçün təhlükə yaratmasına səbəb olacaqdır. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırda da istintaqda CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin aparılması onun şəxsiyyətini mənfi xarakterizə edən hal hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu 14 iyul 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,767 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Müdafiəçi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 16 saat vaxt sərf etmişdir. Lakin məhkəmə həmin arayışla bağlı qeyd etməyi zəruri hesab edir ki, arayış yalnız məhkəmə prosesləri dövrünü əhatə etmiş və məhkəmə tərəfindən cəmi 4 iclas keçirilsə də, həmin arayışda müdafiəçi tərəfindən hər iki iclasda işlə tanışlıq üçün hər birinə ayrı-ayrılıqda 2 saat vaxtın sərf olunması göstərilmiş, həmçinin hüquqi yardım göstərilən şəxslə görüş üçün 3 iclas olmaqla hər iclas 2 saat və 3 məhkəmə iclasında iştirakla bağlı da hər iclas üçün 2 saat vaxt sərf olunmasını göstərilmiş, eyni iclasda bütün qeyd olunan hərəkətlər icra olunsa da müdafiəçi tərəfindən şişirdilmiş saatlar qeyd olunmuş, guya bir iclas üçün 6 saat vaxt sərf edilmişdir. Lakin iş üzrə müdəfiəçinin iştirak etdiyi 3 iclas üçün müdafiəçinin maksimum 2 saat vaxt sərf etməsini nəzərə alaraq onun bütün məhkəmə iclaslarına cəmi 6 saat sərf etməsini məhkəmə nəzərə alır. Ona görə də məhkəmə müdafiəçinin arayışda təqdim etdiyi saatları deyil, işin həqiqi hallarına uyğun gələn cəmi 6 saatı nəzərə alır. CPM-nin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 6 iş saatı üçün 66 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 fevral 2025-ci il tarixdən 28 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu 14 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,767 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 6 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 66 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN**********, h/n AZ80İBAZ********************, BANK ABB Suraxanı filialı, SWİFT+CODE İBAZAZ2X, müxbir hesabı AZ03NABZ********************, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda müdafiəçiyə ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №1(010)-372/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-372/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver