Məhkəmə qərarları › İş №1(010)-375/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-375/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-375/2022 22.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,028 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, DİN-nin ƏÇPA-nin 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün 26 may 2022-ci il tarixdə, saat 14:20-də Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində nömrəsiz evin qarşısında saxlanılıb, Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına aparılaraq, üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən üç ədəd bükümdə tərkiblərinə görə eynilik təşkil edən, ayrı- ayrılıqda təmiz çəkiləri 0,286 qram, 0,503 qram və 0,239 qram olmaqla, ümumi təmiz çəkisi 1,028 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2 ildir ki, narkotik vasitə heroindən çəkmək yolu ilə istifadə etmişdir. Həmin maddəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə edərək istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında internet vasitəsilə onlayn şəkildə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün üç ədəd bükümdə “kokos” adı ilə tanıdığı narkotik vasitə heroin əldə etmişdir. Belə ki, o, həmin şəxsin ona qabaqcadan bildirdiyi, hazırda xatrılamadığı bank hesab nömrəsinə 30 manat köçürdükdən sonra, mobil telefonuna sifariş verdiyi üç büküm narkotik vasitənin olduğu Suraxanı rayonunun Ramana qəsəbəsində yol kənarındakı yer bildirilmiş və həmin yeri necə tapa biləcəyi izah edilmişdir. Bundan sonra o, tək həmin yerə gedib, üç bükümdə narkotik vasitə heroini götürüb, sonradan istifadə etmək üçün əynində olan şalvarının cibində saxladığı, içərisində dırnaq baxımı üçün istifadə edilən qayçı dəsti olan qutunun içinə qoymuşdur. 26 may 2022-ci il tarixdə, saat 14:20 radələrində o, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində olarkən, iki nəfər polis əməkdaşlarını yaxınlıqında görüb həyəcanlanmağa başlamış, özünü qeyri adekvat apardığını görən polis əməkdaşları ona yaxınlaşaraq və özlərini təqdim edərək, X5 əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan özünü təqdim etməyini təklif etmişlər. O da, özünü təqdim etmişdir. Sonra polis əməkdaşları ondan özünü həyəcanlı aparmağının səbəbini soruşduqlarında, o, həyəcandan onlara narkoman olduğunu və üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Buna görə də, polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getməsini bildirmişlər. O, etiraz etmədən, polis əməkdaşları ilə birlikdə 32-ci PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkillə təmin olunmuşdur. Hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılması barədə ərizə verdikdən sonra təhqiqatçı tərəfindən onu PB-nə gətirmiş polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə ona üzərində hər hansı bir qanunsuz olaraq əldə edib saxladığı əşya olduğu təqdirdə, onu çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisində əldə etdiyi üç ədəd büküm narkotik vasitə heroin olan dırnaq baxımı dəsti qutusunu və bir ədəd özünə məxsus “Realme” markalı mobil telefonu çıxarıb təqdim edərək, qutunun içərisində 3 büküm narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşı tərəfindən həmin qutu açıldıqda, içərisində dırnaq baxımı dəstinə aid olan qayçılar və üç ədəd ağ kağız bükümləri olması müəyyən edilmişdir. Həmin bükümlər açıldıqda, hər birinin içərisində tünd qəhvəyi rəngdə olan maddələr görünmüşdür. Polis əməkdaşı ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə bir daha soruşmuşlar. O, da həmin bükümlərin içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, onu 24 may 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşından internet vasitəsi ilə 30 manata əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla əldə edilmədi, saxlanılması və daşınması qadağan edilmiş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə heroin olan üç ədəd bükümlər bir zərfə, mobil telefon və dırnaq baxımı dəsti olan qutu isə başqa bir zərfə qoyularaq qablaşdırılmış, zərflərin üzəri onun və polis əmıəkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmiş, bununla bağlı tərtib olunmuş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onun və polis əməkdaşlarının imzaları ilə təsdiq edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamış, heç vaxt narkotik vastələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmiş, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik vasitəsindən istifadə etmək imkanı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 7-ci patrul bölüyünün polis nəfəri, polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 may 2022-ci il tarixdə, saat 14:20 radələrində o, ƏÇPA-nin 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi, nömrəsiz həyət evinin qarşısında xidmətdə olarkən, bir nəfər cavan oğlanın onları gördükdə həyəcanlandığını və uzaqlaşmağa çalışdığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra, sonuncunun da özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onları gördükdə həyəcanlanmasının səbəbini soruşulduqda, sonuncu narkotik vasitələrin istifadəçisi olduğunu və üzərində də “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün birlikdə yaxınlıqda yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə getməsini bildirilmişdir. Təqsirləndirilən şəxs da etiraz etmədən, onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getmiş, polis bölməsinə çatdıqdan sonra, sonuncunun narkotik vasitələri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli olduğundan, PB-nə gətirilməsi barədə 32-ci PB-nin rəisinə raportla müraciət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 32-ci PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Həsənzadə tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun və polis serjantı Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə olduğu təqdirdə, onu təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd göy rəngli qutunu və bir ədəd “Realme” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin qutuya baxış keçirildikdə, içərisində dırnaq baxımında istifadə edilən qayçıların və üç ədəd ağ rəngli kağız bükümlərin olması, həmin bükümlər təhqiqatçı tərəfindən açıldıqda, hər birinin içərisində tünd qəhvəyi rəngli, tozşəkilli maddələr olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 24 may 2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşının internet vasitəsi ilə ona bildirdiyi hesaba 30 manat köçürdükdən sonra Suraxanı rayonunun Ramana qəsəbəsində yol kənarına qoyulan yerdən götürdüyünü, öz şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində tünd qəhvəyi tozşəkilli maddələr olan üç ədəd ağ kağız bükümlər bir ədəd zərfə, içərisində qayçılar olan qutu və bir ədəd “Realme markalı mobil telefonu isə başqa bir zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin üzəri onlar və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nin 7-ci patrul bölüyünün polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarından müəyyən olunur ki, 26 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan müəyyən olunur ki, 27 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6/2974 saylı 26 may 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,286 qram, 0,503 qram və 0,239 qram olmaqla ümumi təmiz çəkisi 1,028 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heorindir. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin tərəfindən verilmiş 3218 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ambulator Kitabça”dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “bronxial astma” diaqnozu qoyulmuş, sonuncu bu diaqnozla xx.xx.2022-ci il tarixdə 29 saylı BŞX-da disponser qeydiyyatına götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi uzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı heroin olan narkotik vasitənin istehlak miqdarından artıq miqdarının yuxarı həddi kimi 0,15 qram miqdarı göstərilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin edilərək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal olduğunu, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, hazırkı işdə cəmiyyətin maraqları təqsirləndirilən şəxsin azadlıq hüququndan üstündür, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar onların əldə edib saxlamasına və daşıdığına görə təqsirləndirilən şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır. Belə olan halda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğundur. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə göstərilənlərlə yanaşı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, onun barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınaraq götürülmüş, ekspertiza tədqiqatından sonra bir ədəd bükümdə təmiz çəkisi 0,928 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutuldugu 01 gün müddəti azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 01 gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı RPİ-də saxlanılan 0,928 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tətdqiqatının dəyəri olan 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar