Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-377/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Səlyan şəhəri, A.Həsənov küçəsi, ev 4, ünvanda qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 18:00 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi “OKA” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ilə qəsəbənin mərkəzinə doğru hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yalnız sağa icazə verən üfiqi nişanlanma xəttinin tələblərinə məhəl qoymayaraq, avtomobili düzünə hərəkət etdirmiş və üfuqi nişanlanma xəttini kəsib keçərək, əks hərəkət zolağına çıxmamalı olduğu halda, buna əməl etməmiş və Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan «Hövsan sosial binaları» yaşayış kompleksi tərəfdən üzü yol kəsişməsi istiqamətində hərəkətdə olan, Şahid Namiq oğlunun idarə etdiyi «VAZ 21154» markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomaşınla sonuncunun hərəkət zolağında toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Təqsirləndirilən şəxs idarə etdiyi “OKA” markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sol mil sümüyünün başının tam çıxığı, sol dirsək sümüyünün proksimal 1/3-nin yerdəyişən qapalı sınığı, burnunun şişkinliyi ilə müşaiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat təxminən 18 radələrində yaşadığı evdən əmisi Zərərçəkmiş şəxsla birlikdə çıxıb, Elçinə məxsus «OKA» minik markalı ** HM *** dövlət qeydiyyat nişanlı atomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən “Ballı” marketə gedirmişlər. Həmin vaxt avtomobili o, idarə edirmiş, əmisi Elçin isə sağ oturacaqda əyləşmişdir. Onlar Sosial evlərinin dairəsi adlanan yol ayrıcına çatanda, sağdan gələn «VAZ 21154» markalı avtomobil gözlənilmədən onun yoluna çıxmış və toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə “«VAZ 21154»” markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. Hadisə nəticəsində o heç bir xəsarət almamış, lakin əmisi Elçin ayağından və burnundan xəsarət almışdır. Daha sonra isə onlar əmisi Elçini Sabunçu rayon xəstəxanasına aparmışlar. Orada həkimlər Elçinə ilk tibbi yardım göstərmişlər. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. O, VAZ 21015 marakı avtomobili gördüyü andan toqquşma yerinə kimi məsafə təxminən 10 metr olmuşdur. O, hərəkət etdiyi istiqamətdə yolun kənarında baş yol nişanı olduğunu görmüş və hesab etmişdir ki, yol onundur. Ona görə də fikirləşməmişdir ki, “«VAZ 21154»” markalı avtomobil qəfildən yol ayrıcına daxil olacaqdır. Hesab edir ki, o, öz hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını pozmamışdır. Eyni zamanda qeyd etmişdir ki, o, iş üzrə keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1006 saylı rəyi ilə tanış olmuşdur və onu mübahisələndirməmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin, xx.xx.2022-ci il tarixli notarial qaydada tərtib olunmuş və məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərin ödənildiyini və sonuncuya qarşı şikayətinin olmadığını göstərmişdir. Məhkəmə proses iştiraçlarının fikrini nəzərə alaraq, məhkəmə iclasının zərərçəkmiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona dövlət tərəfindən «OKA» minik markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Onun həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2021-ci il tarixdə, saat təxminən 18 radələrində o, avtomaşınla Suraxanı rayonunun Hövsan qəsəbəsində mağazaya getmək üçün evdən qardaşı oğlu Əlixan ilə birlikdə çıxmışlar və Əlixan avtomobili idarə etmişdir. O, isə qabaq sağ oturacaqda əyləşmişdir. Hövsan qəsəbəsində Sosial evlərin dairəsi adlanan yol ayrıcına çatdıqda, toqquşma hadisəsi baş vermişdir. Belə ki, sağ tərəfdən yola çıxan «VAZ 21154» markalı avtomaşın onların yoluna çıxmış və toqquşmuşlar. Hadisə zamanı Əlixan heç bir xəsarət almasa da, o, müxtəlif bədən xəsarətləri almışdır. Daha sonra onu Sabunçu xəstəxanasına aparmışlar. Qardaşı oğlu Əlixanın avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onun özünə məxsus etibarnamə ilə idarə etdiyi «VAZ 21154» markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat təxminən 18 radələrində o, Suraxanı rayonunun Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətində hərəkət edirmiş. O, yol ayrıcına çatmış və sağa sola baxmışdır. Sağ tərəfdən gələn avtomobili buraxıb, sol tərəfdən gələn avtomobilin məcburi sağa dönə biləcəyini görmüşdür. O, hərəkətə başlamış, sol tərəfdən gələn «OKA» minik markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil ancaq sağa dönmə icazəsinə məhəl qoymayaraq, düzünə hərəkət etmiş və avtomobilin qabaq hissəsi ilə onun avtomobilinin sol tərəfindən, yəni iki qapısı hissəsindən toqquşmuşdur. O, avtomobili idarə edərkən tək olmuş, heç bir xəsarət almamışdır, avtomaşını idarə etmək üçün sənədləri qaydasında olmuşdur. «OKA» markalı minik ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində yolun üzərində məcburu sağa dönmə xətt nişanı olduğundan fikirləşmişdir ki, həmin avtomobil sağa dönəcəkdir, lakin həmin avtomobil hərəkətini düz istiqamətdə davam etdirmiş və toqquşma baş vermişdir. O, yol ayrıcına yaxınlaşarkən, yolun sağ tərəfində olan yol ver nişanını görüb sağ tərəfi gözləmiş və həmin istiqamətdən avtomobil hərəkət etmədiyinə tam əmin olduqdan sonra hərəkətini davam etdirmiş və bu zaman toqquşma baş vermişdir. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı şahid ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri və s. sübutlarla təsdiq olunur. İş materiallarında olan 19 iyun 2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 1/1055 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan Suraxanı RPİ-nin DYPX şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxsnnun avtomoil idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 373 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsol mil sümüyünün başının tam çıxığı, sol dirsək sümüyünün proksimal 1/3-nin yerdəyişən qapalı sınığı, burnunun şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuraya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 08- 1104/00514 saylı məktubundan görünür ki, baş vermiş yol nişanı qurulmuş istiqamətdə yerə çəkilmiş 1.1 və 1.18 nişanlama xətlərinin tələblərinə uyğun olaraq yalnız sağ istiqamətə hərəkət etməyə icazə vardır, nişanlama xətlərinin tələblərinə uyğun olaraq düzünə hərəkət qadağandır. Cinayət işi üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1006 saylı rəyində göstərilənlərə əsasən təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən OKA markalı 10HM026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 6-cı hissəsinin 18-ci bəndinin və 69-cu maddəsinin 7-ci fissəsinin 1-ci bəndinin tələblərinr uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Bəşirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cu maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaqı zamanı dindirilərkən, ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməyərək, bunu onunla əsaslandırmışdır ki, o, yolnəqliyyat hadisəsi törədərkən, öz hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını pozmamışdır. Eyni zamanda qeyd etmişdir ki, o, iş üzrə keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə tanış olmuşdur və onu mübahisələndirməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır, onu özünün müdafiəsi məqsədilə uydurulmuş dəlil kimi qiymətləndirərək, rədd edir. Belə ki, iş üzrə keçirilmiş yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1006 saylı rəyi, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli 08-1104/00514 saylı arayışı, habelə iş üzrə dindirilmiş şahid ifadəsi ilə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlində təqsiri tam sübuta yetir. Qeyd olunan sübutlar həqiqətə uyğun olduğundan və məhkəmə istintaqı zamanı digər iş materialları ilə təsdiq edildiyindən, məhkəmə onları ittihamı təsdiq edən sübutlar kimi qəbul edir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(010)-377/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-377/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver