Məhkəmə qərarları › İş №1(010)-377/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-377/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-377/2024 04.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, prokuror Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxanada qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 21 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaqda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 21 yanvar 2024-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 1,101 qram çəkidə, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib üzərində saxlamaqla daşıyaraq apardığı zaman Binə qəsəbəsində “Günəş market” ərzaq mağazasının qarşısında Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 30-cu polis şöbəsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra, üstündə aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,101 qram olub xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi aşağıdakılarla sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitələrdən, əsasən də “kakos” kimi bildiyi növündən istifadə etmiş, “patı” deyilən maddədən də arabir istifadə etmişdir. Narkotik vasitəni özü istifadə etməsi üçün Bakı şəhəri ərazisindən müxtəlif yerlərdən təsadüfən rastlaşdığı tanımadığı narkotik satan şəxslərdən almışdır. Narkotik istifadə edənlər arasında “kakos”a heroinə deyirlər, “patı” isə başqa maddədir, hər ikisinin tüstüsünü çəkməklə qəbul etmişdir. 21 yanvar 2024-cü il tarixdə, səhər saat 10-11 arasında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata öz şəxsi istifadəsi üçün “kakos” dediyi narkotik vasitəni almış, tanımadığı həmin şəxs verdiyi pul müqabilində kiçik bir sellofan bükümdə olan vasitəni ona vermişdir. Aldığı vasitənin bükümünü açmadan cibinə qoyub küçə ilə getmiş, saat 11:30 radələrində Suraxanı rayonu, Binə qəsəbəsindəki “Günəş market” ərzaq dükanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək ondan kimliyini soruşmuşlar və narkotik vasitələrin istifadəsi ilə məşğul olmasından şübhələndiklərini demişlər. Bu vəziyyətdə polis tərəfindən saxlanılmasından qorxuya düşmüş, polis əməkdaşları soruşduqlarına cavab verəndə həyəcanlı olduğunu görmüş və ona birlikdə 30-cu polis şöbəsinə getməli olduqlarını demişlər və o, buna etiraz etməmişdir. Onu polis əməkdaşları 30-cu polis şöbəsinə gətirib təhvil vermişlər. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Orada təhqiqatçı olduğunu deyən polis əməkdaşı videoçəkiliş aparılmaqla üstündə şəxsi axtarış aparmış, hüquq və vəzifələri izah olunmuş, sonra isə ona təklif olunmuşdur ki, üstündə qanunsuz saxlanılan nə varsa təqdim etsin. O, şalvarının sol cibində saxladığı “kakos” kimi bildiyi bükümü çıxarıb polislərə təqdim etmişdir. Həmin bükümlə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, onu özü qəbul etməsi üçün almışdır. Ondan aşkar edilmiş 01 (bir) ədəd bükümdə narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən götürülüb zərfə qoyularaq möhürlənmiş və zərfi iştirakçılarla bərabər özü də imzalamışdır. Üstündə axtarış aparılması barədə təhqiqatçı protokol yazmış, onunla da tanış olub imzalamışdır. Polis əməkdaşlarından bir nəfər telefonla onun üstündə axtarış aparılmasının videosunu çəkmişdir. Narkotiki tanımadığı şəxsdən 20 manata özü qəbul etməsi üçün almış, onu aldığı yerdən bir qədər uzaqlaşandan sonra, “Günəş market” mağazasının yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman onun üstündəki bükümdən başqa vasitə olmamışdır. Məhkəmə iclasında verilən suallara cavb olaraq bildirmişdir ki, saxlanılıb Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilərkən və polisdə olan zaman ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, heç bir narazılığı olmamışdır. Polis əməkdaşları mülki geyimdə olmuşlar. Narkotik vasitələri təxminən 1 il olar ki, istifadə etməyə başlamışdır. O, “patı” kimi bildiyi psixotrop maddə olan metamfetamindən də istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddələri tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. İfadə verən zaman heroin istifadə etməsini bildirməsinə səbəb o olmuşdur ki, adını düzgün bilmədiyi üçün yanlış demişdir. Belə ki, o, “patı” kimi bildiyi metamfetamindən istifadə etmiş, başqa növündən istifadə etməmişdir. Polis şöbəsində olan zaman növbətçi hissədə üzərinə baxış keçirilmiş və üzərində olan narkotik vasitə dəyişdirilməmişdir. Şahid1 və Şahid2 onu tutan polis əməkdaşları olmuşlar. Narkotik vasitəni sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb almışdır. Sonda isə əməlindən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını, onlardan birinin xəstə olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsi zamanı göstərmişdir ki, xidməti vəzifəsinin icrası zamanı 2024-cü ilin yanvar ayında aldığı əməliyyat məlumatlarında bildirilmişdir ki, xx xxxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Albalılıq qəsəbəsində 5 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, narkotik və psixotrop maddələr istifadəçisi kimi son vaxtlar Binə qəsəbəsinin Suraxanı rayonuna aid hissəsində tez-tez görünür. Məlumatların dəqiqliyini yoxlayandan sonra, əməliyyat tədbirləri keçirilməsinə icazə almaq üçün polis şöbəsinin rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə onun və şöbənin sahə inspektoru, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında polis şöbəsinin rəisi tərəfindən göstəriş verilmişdir. Həmin gün, saat 10 radələrində polis sahə inspektoru Şahid2la birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi Binə qəsəbəsi ərazisində müşahidə aparmağa başlamışlar. Saat 11:20 radəsində qəsəbədəki “Günəş market” ərzaq mağazasının yaxınlığında Təqsirləndirilən şəxs aşkar etmiş və bir qədər müşahidələr aparandan sonra, saat 11:30-da yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan kimliyini soruşmuşlar, saxlanılan şəxs də özünü olduğu kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsinə dair aldıqları əməliyyat məlumatları yoxlanılır, o, bu səbəbdən saxlanılmış, eyni zamanda araşdırmanın davam etdirilməsi üçün 30-cu polis şöbəsinə getməsini təklif etmişlər, sonuncu da razılaşıb onlarla getmişdir. O, Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb polis şöbəsinə gətirilməsi barədə məruzə edəndən sonra, araşdırmanın aparılması baş təhqiqatçı, polis mayoru X7 tapşırılmışdır. Polis şöbəsinə gətirildiyi vaxtdan təhqiqatçıya təqdim olunana qədər Təqsirləndirilən şəxs nəzarət altında olmuş və üstündən nə isə atmaq imkanı olmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması sənədləşdirilərək, üstündə şəxsi axtarış aparılması qərara alınmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını və vəzifələrini izah etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişin aparılması ona tapşırılmış və mobil telefonun kamerası ilə çəkiliş aparmışdır. Videoçəkilişlə şəxsi axtarış zamanı X8 tutulan şəxs Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, sonuncuya təklif etmişdir ki, üstündə qanunsuz saxlanılan nə varsa, təqdim etsin. Təhqiqatçının təklifinə müvafiq olaraq Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, bükümdə olan maddəni özü qəbul etməsi üçün tanımadığı şəxsdən 20 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs üstündəki bükümü təqdim edəndən sonra, üstü ətraflı yoxlanılmış, araşdırma üçün əhəmiyyətli ola biləcək əlavə heç nə aşkar edilməmişdir. Təhqiqatçı götürülmüş bükümü bir kağız zərfə qoyub yapışqanla bağlamış və zərfi möhürləyib üstündə yazılı qeydlər aparmış, iştirakçılar da zərfi imzalamışlar. Təhqiqatçı şəxsi axtarışın protokolunu tərtib edib hamıya oxumuş, iştirakçılar tanış olub protokolu imzalamışlar, Təqsirləndirilən şəxs da protokolu imzalamış, hər hansısa bir etirazı olmamışdır. Şəxsi axtarış başa çatandan sonra, videoçəkilişin nəticələrini CD diskə köçürüb təhqiqatçıya təqdim etmişdir. Artıq sonradan məlum olmuşdur ki, məhkəmə-kimyəvi ekspertizasında həmin bükümdə olan maddənin 1,101 qram heroin olduğu barədə rəy verilmişdir. Onu da bildirdi ki, keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs heç kimlə ünsiyyətdə olması, narkotik vasitəni kimdən aldığının şahidi olmamışlar, sonradan da narkotik vasitənin əldə edildiyi mənbənin müəyyən ediməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi “kokos” və “patı” adlı maddələrlə bağlı bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər arasında bu maddələrə müxtəlif adlar verilmiş və öz aralarında ünsiyyətdə olarkən üstüörtülü danışmaq üçün həmin adlardan istifadə etmişlər. “Kakos” narkotik vasitə heroinin istifadəçilər tərəfindən verilmiş adıdır, “patı” isə psixotrop maddə metamfetaminə deyirlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə heç bir psixi və ya fiziki təzyiq göstərilməmiş, təqsirləndirilən şəxs də həmçinin tutulan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şübhəli şəxs qismində tutulan zaman şəxsin üzərində hər hansısa bir xəsarət olmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşan zaman o, tək olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni Binə qəsəbəsində tanımadığı şəxsdən 20 manata əldə etdiyini və özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin sahə inspektoru Şahid2 da eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* nömrəli cinayət işi 22 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanmışdır. (iş.v. 1) 21 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. (iş.v. 4-5) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 may 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və bildirmişdir ki, həmin bükümün içərisindəki maddə “patı" kimi tanıdığı narkotik vasitədir. Bu narkotik vasitəni 21 yanvar 2024-cü il tarixdə, səhər saatlarında Binə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 (iyirmi) manat nağd pul ödəyərək öz şəxsi istifadəsi üçün almış və daha sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. Bundan əlavə, 21 yanvar 2024-cü il tarixdə, saat 11:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi “Günəş market” ərzaq dükanının yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər kristal şəkilli maddə olan 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (iş.v. 31-32) Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, kadrda Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 mülki geyimdə, Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 polis forması geyimində, daha sonra isə tutulmuş şəxs Təqsirləndirilən şəxs görünürlər. X8 - «Mən, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru X9, 21 yanvar 2024-cü il tarixdə...»-sözləri ilə danışığa başlayır və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak edən şəxsləri təqdim edir, kadrda görünməyən Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən videoçəkiliş aparıldığını bildirir. Təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edəndən sonra sonuncuya təklif edir ki, üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya, predmet varsa, təqdim etsin. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxardıb nümayiş etdirib - “narkotik vasitədir, patı”-deyə izah verərək stolun üstünə qoyur və şəxsi istifadəsi üçün olduğunu, həmin gün səhər çağı Binə qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını, bir ilə yaxındır ki, istifadəçi olduğunu deyir. Bundan sonra, sahə inspektoru Şahid2 təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs üstünü ətraflı axtarır, heç nə aşkar edilmir. Götürülən 01 ədəd büküm təhqiqatçı tərəfindən yerindəcə açılmadığı üçün içərisində olan maddənin nədən ibarət olması müəyyən olunmur. Həmin 01 ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılır, zərfin üstündə yazılı qeydlər aparılır və iştirakçılar tərəfindən imzalanır. Sonda təhqiqatçının sualına cavabında Təqsirləndirilən şəxs istintaq hərəkəti ilə bağlı hər hansı bir sualının, narazılığının olmadığını bildirir. Videoyazı təhqiqatçının-“bununla da, istintaq hərəkəti başa çatmış hesab edilir”- sözləri ilə sona çatır. Məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/414 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi və "... Təqsirləndirilən şəxs -imza, iki- imza; Tərtib etdi: F.İbrahimov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 1,101 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1) Heroinin təmiz çəkisi – 1,101 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 1,051 qram. (iş.v. 40-42) Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 aprel 2024-cü il tarixli, 2097 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş.v. 100- 101) Suraxanı RPİ-nin İŞ-nin 29 fevral 2024-cü il tarixli əməliyyat tapşırığına Suraxanı RPİnin 33-ci polis bölməsi tərəfindən ünvanlanan 01 may 2024-cü il tarixli, 54/2-7994-1221 saylı məktubdan görünür ki, xx xxxxxxxx 1990-cı il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349, 5 nömrəli yataqxanada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin istifadəçisidir. 21 yanvar 2024-cü il tarixdə narkotik vasitəni saxlanılmasından bir müddət əvvəl Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində alandan sonra üstündə saxlayıb yaşadığı əraziyə apararkən saxlanılmışdır. Onun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmin maddəni aldığı şəxsin kimliyi barədə ibtidai araşdırmada verdiyi məlumatın səmimiliyi şübhə doğurur. Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə əlaqədar fəaliyyəti barədə məlumatlar daxil olmamışdır. (iş.v. 95; 99) 22 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xalis çəkisi 1,101 qram, tədqiqatdan sonra qalıq qalmış 1,051 qram olan narkotik vasitə - heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 22 iyun 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarla maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İstintaq zamanı toplanmış sübutların məcmusu iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət hesab edilmiş və Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi narkotik vasitənin əldə edildiyi mənbə barədə cinayət işinin ayrıca icraata alınmasına zərurət qalmadığı nəzərə alınmışdır. (iş.v. 106-111) Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD formatlı disk 22 iyun 2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (iş.v. 106-111) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə, saat 12:45-də şübhəli şəxs qismində tutulmuş, saat 11:30-dan hüquqları məhdudlaşdırılmış hesab edilmiş, 23 yanvar 2024-cü il tarixdə, saat 09:20-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatət Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri, Rəşid Mahmudov tərəfindən təmin edilməmişdir. 23 yanvar 2024-cü il tarixli qərarla müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (iş.v. 20, 54-55, 66-67, 71-74, 75-76; 78) İş materiallarına əalvə edilmiş nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə evlidir, himayəsində 27 iyun 2016-cı il təvəllüdlü Yusif İbrahimov və 03 iyun 2017-ci il təvəllüdlü Yeganə İbrahimova olmaqla, 2 azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, övladı Yusif İbrahimovda yüngül kəmağıllılıq mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, sorğulara alınmış cavabları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növü kimi qəbul edir. Məhkəmələr və Hakimlər haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Cinayət Prosessual Məcəllənin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-heroinin ümumi təmiz çəkisi 1,101 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əməllərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində daşınma dedikdə narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi qiymətləndirilir. Həmin Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yer Suraxanı rayonu, Binə qəsəbəsindəki “Günəş market” ərzaq dükanının qarşısıdır. Sonradan isə şəxs Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə gətirilmişdir. CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 44-cü maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri sırasına şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək aid edilmişdir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə ki, Təqsirləndirilən şəxs, 21 yanvar 2024-cü il tarixdə, saat 11:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd sellofan bükümdə 1,101 qram çəkidə, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib üzərində saxlamaqla daşıyaraq apardığı zaman Binə qəsəbəsində “Günəş market” ərzaq mağazasının qarşısında Suraxanı RPİ-nin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 30-cu polis şöbəsinin ünvan 3 ünvanda yerləşən inzibati binasına gətiriləndən sonra, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,101 qram olub xeyli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 15-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilir. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün həmçinin Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydaları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarının İİ hissəsinin birinci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicənin tətbiqinin məqsədi - hüquq pozuntularının törədilməsinə səbəb olan həmin xəstəliyin müalicəsi, xəstəyə psixoloji təsir göstərməklə onun insan psixikasına təsir göstərən maddələrin suiistifadəsinin zərərli nəticələrinə inandırılması, narkomanlıq xəstəliyinə düçar olmuş xəstənin ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə normal həyat tərzinə qaytarılması, onun səhhətinə vurulan ziyanın, habelə gələcəkdə insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinə və digər şəxslərə qarşı törədilə biləcək hüquqa zidd hərəkətlərin qarşısının alınmasıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən peşman olması, əvvəllər məhkum olmaması və himayəsində 2 azyaşlı övladının olması CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 55-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir. Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan iyirmi ilədək müddətə müəyyən edilir. CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 1-tutulduğu və həbsdə saxlanıldığı müddət, 2-ev dustaqlığında saxlanıldığı müddət, 3-məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsionlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına əsasən məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalıdır. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının 4.2-ci bəndinə əsasən narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər aşağıdakı hallarda məcburi müalicədən vaxtından əvvəl azad edilirlər: 4.2.1. narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda; 4.2.2. narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə araşdırmanın yekunu olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu günlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb ona qəti olaraq cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 04 sentyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X3 barəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tətbiq olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, məhkəmədə dövlət hesabına göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 manat məbləğində vəsait müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,051 qram təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olaraq keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qanunda nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar