Məhkəmə qərarları › İş №1(010)-378/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-378/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-378/2025 21.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası SURAXANİ RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Cəmaləddinov Kamil Eldar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə 05 sentyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 11 – 13 mart 2025-ci il tarixləri üzrə tutulmuş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 11 mart 2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən xeyli miqdarda təmiz çəkisi 0.841 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 11 mart 2025-ci il tarixdə saat 18:39 radələrində Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 54 saylı fərdi yaşayış evinin yaxınlığında saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində 01 ədəd bükümdə təmiz çəkisi 0.841 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, son 7-8 ayda psixotrop maddə metamfetamindən 3 dəfə istifadə etmişdir. Sıxıntıları olanda istifadə etmişdir. Atasının qəbirinin üstündən qayıdarkən qəbirstanlıqda tanışını görmüş və həmin şəxs ona psixotrop maddə metamfetaminin olduğunu demişdir. Getmişlər həmin şəxsin evinə. Evdən çıxarkən polis əməkdaşları onu tutmuşlar. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ancaq patıdan istifadə etmişdir. Narkotikin başqa növlərindən istifadə etmirdi. Çəkmə yolu ilə istifadə edirdi. 3 nəfər polis əməkdaşı yaxınlaşmışlar. Polis əməkdaşları yaxınlaşanda o, tək olmuşdur. Yaxınlaşıb özlərini təqdim etmişlər və ona üstündə ne varsa çıxartmağını bildirmişlər. Üzərində ne varsa çıxardıb təqdim etmişdir. Sonra polis şöbəsinə getmişlər. 31-ci polis şöbəsinə gəldikdən 20-25 dəqiqə sonra vəkil gelmiş və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. 48 saat orada şübhəli şəxs kimi saxlanılmışdır. 31-ci polis şöbəsində ona qarşı heç bir fiziki təzyiq olunmamışdır. Sarılıq xəstəliyi olmuşdur. Səhhətində psixoloji və nevroloji heç bir xəstəlik yoxdur. Sonuncu dəfə narkotiki polis şöbəsindən buraxılandan sonra istifadə etmişdir. İlkin təhqiqat və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “o, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Daha əvvəldən narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluğu olmayıb. Psixotrop maddə olan metamfetamindən çəkərək istifadə edir. Psixotrop maddələri tanımadığı şəxslərdən ilə əldə edir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə tanımadığı Suraxanı rayon ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 10 (on) manat pul verərək əldə etmişdir. İstifadə etmək üçün üzərində saxlamış xx.xx.2025-ci il tarixdə saat 18:40 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində 54 nömrəli evin yaxınlığında olan zaman polis əməkdaşları əllərində kamera ilə ona yaxınlaşaraq özlərini təqdim edib hüquq və vəzifələrini izah etdikdən sonra üzərində psixotrop və ya narkotik maddə olub olmadığını maraqlanmışlar. Bu zaman o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində istifadə etmək məqsədilə əldə etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop vasitəni onlara təqdim etmişdir. Həmin bükümdə psixotrop vasitə olan metamfetamin olduğunu və istifadə etmək üçün anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop vasitə qablaşdırılmış və polis əməkdaşları ilə birlikdə yaxınlıqda olan 31-ci polis bölməsinə yaxınlaşmışlar. Orada təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bükülüyə yenidən baxış keçirilmiş və o, da həmin bükümün ondan aşkar edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bükülü ekspertiza mərkəzinə təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. 31-ci polis bölməsində və Suraxanı RPİ-nin MSY-də olan zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ 31-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən qrup yaradılaraq axşam saat 18:00-19:00 radələrində təqsirləndrilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində saxlanılmış və üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin sağ cibindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs özü də razılıqla narkotik vasitəni təqdim edərək etiraf etmişdir. Sonra təqsirləndirilən şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə dəvət edilmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsə 3 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxsə qarşı tərəfindən heç bir müqavimət olmamamışdır. Yerində videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və könüllü olaraq özü narkotiki teqdim etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində də təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq olmamışdır. Təhqiqatçının otağında yenidən təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin narkotiki əldə etdiyi mənbə ilə bağlı məlumatları yoxdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiki tanımadığı şəxsdən almışdır. Ttəqsirləndirilən şəxsi tanıyır. İlkin təhqiqat və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir: “11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində olması barədə məlumat alıb, dərhal həmin məlumatı PŞ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və sahə inspektoru polis baş leytenantı Şahid3 iştirakı ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ünvan 2 ünvanın yaxınlığına getmişlər. Həmin vaxtı, yəni xx.xx.2025-ci il tarixdə saat 18:39 radələrində Təqsirləndirilən şəxs N.Nərimanov küçəsi 54 nömrəli evin yaxınlığında piyada hərəkətdə olarkən ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə video çəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Özünü təqdim etdikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olduğu halda təqdim etməyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində bir büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş və əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş və üzərindən hər hansı yad cisim əşya və ya predmet akar edilməmişdir. Bundan sonra həmin büküm açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamanın içərisində nə olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən istifadə etmək üçün əldə etdiyini, həmin psixotrop maddəyə görə 10 manat ödəyərək aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddi sübut və Təqsirləndirilən şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nin inzibati binasına aparılmış və təhqiqatçı Sail Hacıyevə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsində şübhəli şəxs kimi tutularkən saat 18:40-da üzərinə baxış keçirildikdə yolda ondan götürdükləri psixotrop maddə metamfetamini təqdim etmişlər. Bunlar barədə proto kol yazılmış, həmin protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır”. Şahidlər Şahid2 və Şahid3 Airf oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub şahidlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahidlər Şahid2 və Şahid3 Airf oğlu ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən iki ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, 11 mart 2025-ci il tarixdə saat 18:39-da Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, sahə inspektoru Şahid3 alınmış məlumat əsasında nakrotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayırlar və Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 54 nömrəli evin yaxınlığında hərəkətdə olan zaman 11 mart 2025-ci il tarixdə dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir, təqdim etdiyi bükümün içərisində nə olduğunu maraqlandıqda isə bükümün içərisində patı kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 10 manata anket məlumatlarını bilmədiyi şəxs vasitəsilə əldə etdiyini, istifadə etmək məqsədilə üzərində saxladığını bildirir, bundan sonra aşkar edilmiş bükülü tərəzi vasitəsilə çəkilir qablaşdırılır və Təqsirləndirilən şəxs üzərinə əlavə baxış zamanı qəpiklər aşkar edilir, maddi sübut əhəmiyyəti kəsb etdiyindən geri qaytarılır və Təqsirləndirilən şəxs polis əməkdaşlarının iştirakı ilə polis şöbəsinə gətirilmək üçün çəkiliş dayandırılır. Bundan başqa 11 mart 2025-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin inzibati binasında təhqiqatçı Sail Hacıyevin xidməti iş otağında Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid2, sahə inspektoru Şahid3 və iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə təqdim etdikləri zərfə baxış keçirilir və həmin zərfdə 01 ədəd büküm psixotrop maddə olan metamfetamin aşkar edilir, həmin büküm yenidən zərfə qoyulur, 195 saylı möhürlə möhürlənərək götürülür. Bundan sonra baxış və götürmə aparılması istibtaq hərəkətinin sona çatdığını bildirmiş və çəkiliş dayandırılır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025ci il tarixli, 6/1061 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,841 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. Qeyd: metamfetaminin təmiz çəkisi-0,841 qram, tədqiqata sərf edildi: 0,050 qram, qalıq-0,791 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 18 mart 2025-ci il tarixli 1679 nömrəli Ambulator X2 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 aprel 2025-ci il tarixli 1128 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmənin 09 iyul 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 18 mart 2025ci il tarixli 1679 nömrəli Ambulator X2 rəyini və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 aprel 2025-ci il tarixli 1128 saylı ekspert rəyini nəzərə alaraq cinayət işi üzrə təkrar məhkəmə-narkoloji ekspertizasının təyin olunmasını məhkəmədən xahiş etmiş və Suraxanı Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə-narkoloji ekspertizası təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 şəxsi təkrar Ambulator X1 05 sentyabr 2025-ci il tarixli 5519 saylı rəyindən görünür ki, ibtidai istintaq zamanı alınmış və məhkəmə istintaqında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 11 aprel 2025-ci il tarixli 1128 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür Təqsirləndirilən şəxs hazırki psixi vziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdən Bakı şəhər NM-da (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13 mart 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilərək Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,841 qram olan, aparılmış kimyəvi tədqiqatından sonra qalıq çəkisi 0,791 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Suraxanı RPİ-nin saxlama otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı video görüntüləri özündə əks etdirən 02 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri yoxdur, ona görə də barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Suraxanı rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Respublika Psixiatriya Xəstəxanası” püblik hüquqi şəxsi tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2014-xx.xx.2014; xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə xəstəxanada stasionar müalicədə olub. Diaqnoz: “Nevrozabənzər vəziyyət. Anamnezində psixo aktiv maddələrin qəbulu”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Məhkəmə Hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olaraq təqsirini səmimi etiraf etməsini, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, anasının onkoloji xəstə olmasını (sənədlər iş materiallarına əlavə edilmişdir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 11 – 13 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,791 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq təqsirləndirilən Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 11 – 13 mart 2025-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,791 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd kompakt disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 12 (on iki) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 132 (yüz otuz iki) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar