Məhkəmə qərarları › İş №1(010)-379/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-379/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-379/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xanım qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Ə.Dadaşov küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi istiqamətinə doğru avtomobili idarə etmək hüququna dair müəyyən edilmiş qaydada “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan ”Opel Astra” markalı, Az **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saatda 20 km/sürətlə hərəkətdə olub, sola - T.Nərimanov küçəsinə dönmə manevri edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməli, bununla da hadisənin qarşısını almağa tekniki imkanı olduğu halda bunu etməyib, qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkət edən, X3 idarə etdiyi “Haojue” markalı 99-A-489 dövlət qeydiyyat nişanlı motosikletə yol vermədən sola dönmə manevrinə başlayaraq, manevri başa çatdıra bilməyib, idarə etdiyi avtomobilin arxa sağ yan hissəsi ilə motosikletin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan motosikletin sürücüsü Ramin Cabbarova baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin əzilmiş-çırpılmış yaraları, bədənin çoxsaylı sıyrıqları, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olan xəsarətlər yetirib, ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 04 may 2022-ci il tarixdə, saat 15 radələrində tanışı Şahid ondan xahiş etmişdir ki, birlikdə ona məxsus «Opel Astra» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq sistemində olan nazaslığı Telman Nərimanov küçəsində yerləşən təmir sexindəki ustaya göstərsinlər. Onun sürücülük vəsiqəsi olduğuna görə teztez Əlimehrabla birlikdə o, həmin «Opel Astra» markalı avtomobili idarə etməklə, müxtəlif yerlərə gedirlər. Beləliklə o, həmin avtomobili idarə etməklə və Əlimehrab sərnişin qismində qabaq sağ oturacaqda oturub Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi ilə Telman Nərimanov küçəsi istiqamətinə hərəkət edirmiş. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə 1 sərnişin olmuş, yük olmamışdır. Avtomobili təxminən 20 km/saat sürətlə hərəkət etdirərək, sola dönmə işıq siqnalını qoşub, sola - Telman Nərimanov küçəsinə dönürmüş ki, avtomobilin qabaq hissəsi artıq dönmüş və arxa hissəsi hələ əks hərəkət zolağında olarkən, qarşıdan, yəni 14 İyul küçəsi ilə düz istiqamətdə motosikletin yüksək sürətlə gəldiyini görmüşdür. Bu vaxt motosiklet tormozlayaraq sürüşüb yıxılmış və sürüşərək avtomobilin arxa sağ təkərinə çırpılmışdır. O, dərhal avtomobili saxlamış, hər ikisi düşüb motosikletçiyə yaxılaşmışlar. Sonuncu ağır vəziyyətdə idi. O, dərhal təcili yardıma zəng vurub məlumat vermiş və bir neçə dəqiqə sonra təcili yardım hədisə yerinə gələrək, həkimlər baxıb bildirmişlər ki, motosikletçi artıq ölmüşdür. Bundan az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, o sürücülük vəsiqəsini, Əlimehrab isə avtomobilin sənədlərini təqdim etmiş, polis əməkdaşlarına avtomobilin onun tərəfindən idarə olunduğunu bildirmişdir. O, hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, daha sonra sərxoşluq müayinəsindən keçirilmiş və müəyən edilmişdir ki, o, heç bir spirtli içki qəbul etməmişdir. Həmçinin, orada məlum olmuşdur ki, idarə etdiyi avtomobillə toqquşan motosikletçi həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs Bəhrəm oğludur. Törətdiyi əməldən peşmandır. O, mərhumun yas mərasimində iştirak etmiş, sonuncunun hüquqi varisinə hərtərəfli maddi və mənəvi dəstək göstərmişdir, onunla barışıq əldə etmişdir. Göstərilənlərin, həmçinin ailəli olmaqla, himayəsində 2 azyaşlı uşaqlarının olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, səhhətindəki problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcək, təqsirləndirilən şəxslə barışmışdır və Təqsirləndirilən şəxs ona maddi dəstək olmuşdur, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə proses iştirakçılarının fikrini dinləyərək, məhkəmə iclaslarının iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X5 ifadəsində göstərmişdir ki, 04 may 2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı rayonu, 14 iyul küçəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs Bəhrəm oğlu onun oğludur. O, subay olmaqla bir evdə yaşamışlar. Oğlu Zərərçəkmiş şəxs özünə məxsus «Haojue» markalı 99-A-489 dövlət qeydiyyat nişanlı motosiklet olmuşdur ki, həmin motosikleti özünün işləri üçün istifadə edirmiş. 04 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində ona məlumat vermişlər ki, Ramin idarə etdiyi həmin motosikletlə yol qəzası baş verib, sonuncu xəsarət alaraq xəstəxanaya aparılıb. Lakin o, xəstəxanaya getdikdə, artıq məlum olmuşdur ki, oğlunu morqa qoyublar. Məhkəmə-tibb ekspertizası müayinəsində sonra meyiti qəbul edib, həmin gün Yeni Suraxanı qəbirstanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğlu Ramin idarə etdiyi həmin motosikletlə 14 iyul küçəsi ilə hərəkətdə olarkən, əks istiqamətə hərəkət edib dönən «Opel Astra» markalı avtomobillə toqquşmuşdur. Həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qohumları yas mərasimində iştirak etmişlər, ona qarşı şikayəti və iddiası yoxdur. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, «Opel Astra» markalı. **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, qonşuluqda yaşamaqla aralarında yaxşı münasibət vardır. Cavadın sürücülük vəsiqəsi olduğuna görə bəzən həmin avtomobili ona idarə etməyə verir. 04 may 2022-ci ildə saat 15 radələrində o, Cavaddan xahiş etmişdir ki, birlikdə həmin avtomobili aparıb elektrik sistemində olan nasazlığı düzəltdirsinlər. Beləliklə, Cavad avtomobili idarə edərək, o isə sərnişin qismində qabaq sağ oturacaqda oturub, avtomobili ustaya göstərmək üçün yola düşmüşlər. Cavad avtomobili təxminən 20 km/saat sürətlə hərəkət etdirərək sola dönmə işıq siqnalını qoşub, sola Telman Nərimanov küçəsinə dönərkən, qarşıdan, yəni 14 İyul küçəsi ilə düz istiqamətdə motosikletin yüksək sürətlə gəldiyini görmüşlər. Bu vaxt motosiklet tormozlayaraq, sürüşüb yıxılmış və sürüşərək avtomobilinin arxa sağ təkərinə çırpılmışdır. Cavad dərhal avtomobili saxlamış, hər ikisi düşüb motosikletçiyə yaxılaşmışlar. Sonuncu ağır vəziyyətdə imiş. Cavad dərhal təcili yardıma zəng vurub, məlumat vermiş və bir neçə dəqiqə sonra təcili yardım hədisə yerinə gəlmiş, həkimlər baxıb bildirmişlər ki, motosikletçi artıq ölmüşdür. Bundan az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, Cavad sürücülük vəsiqəsini, o isə avtomobilin sənədlərini təqdim edib avtomobilin ona məxsus olduğunu, lakin Cavad tərəfindən idarə edildiyini bildirmişlər. Məlum olmuşdur ki, onların avtomobil ilə toqquşan motosikletçi həmin qəsəbədə yaşayan Zərərçəkmiş şəxs Bəhrəm oğludur. Hadisə nəticəsində avtomobilinə cüzi ziyan dəymişdir ki, bununla bağlı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarından olan məhkəmə tibbi ekspertiasının xx.xx.2022-ci il tarixli 07 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Bəhrəm oğlunun meyiti üzərində olan xəsarətlər: baş beyinə, qişalarına və mədəciklərinə qansızına, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin əzilmiş-cırpılmış yaraları, bədənin çoxsaylı sıyrıqları bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2022-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinə, qişalarına və mədəciklərinə qansızına olmuşdur. İş materiallarından olan İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17 iyun 2022-ci il tarixli 8/1287 №-li rəyi ilə müəyyən edilmişdir ki, «Opel Astra» markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yol verməlidir. İş materiallarından olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi üzrə xx.xx.2022-ci il tarixli 1\1915 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş, hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, Təqsirləndirilən şəxs ona maddi dəstək olmuşdur, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından olan AZE 11938453 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Zöhrabova Fatimə adlı qızı vardır. İş materiallarından olan AZE 18125951 seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Zöhrabov Əli adlı oğlu vardır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, təqsirləndirilən şəxsin CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf edərək, səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi və mənəvi dəstək göstərərək, sonuncu ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını, ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar