Məhkəmə qərarları › İş №1(010)-38/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-38/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-38/2022 17.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Suraxanı Rayon Məhkəməsinin 20 avqust 2021ci il tarixli qərarı ilə barəsində əvvəli 17 avqust 2021-ci ildən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmiş (sonradan həbsdə saxlanılması müddəti müvafiq məhkəmə qərarları ilə uzadılıb) və həmin vaxtdan etibarən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən 30 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd gümüşü rəngli kağız bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,593 qr, 0,403 qr, 0,263 qr olmaqla, ümumi təmiz çəkisi 1,259 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,091 qram təşkil edən ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alaraq əldə edib, üzərində saxlayıb, daşımış, daxil olmuş məlumat əsasında Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 17 avqust 2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2-nin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci polis bölməsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən üç ədəd siqaretin gümüşü kağızından olan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,593 qr, 0,403 qr və 0,263 qr, ümumi təmiz çəkisi 1,259 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd siqaretin gümüşü kağızından olan içərisində təmiz çəkisi 0,091 qram təşkil edən ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan qara rəngli tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə edir və şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrin kütləsini müəyyən etmək üçün evində tərəzi saxlayır. Lakin narkotik vasitə satmayıb. 17 avqust 2021-ci ildə saat 11 radələrində yaşadığı ünvan 4 ünvanında yatdığı vaxt anası gələrək onu oyatmış və həyətə mülki geyimli şəxslərin daxil olduğunu ona bildirmişdir. Yataqdan durub evin pəncərəsindən həyətə baxdığı vaxt orada təxminən 30 nəfər mülki geyimli şəxsin olduğunu görmüşdür. Əvvəl həmin şəxslər su idarəsindən gəldiklərini bildiriblər. Lakin həyətə düşdükdən sonra gəlmiş şəxslər onu təzyiq göstərərək saxlamış, qollarını qandallamış və avtomobilə mindirib 31-ci polis bölməsinə aparmışlar. Avtomobildə getdiyi vaxt görmüşdür ki, polis əməkdaşları ondan başqa daha iki nəfəri də saxlayıblar. Beləliklə, polis bölməsinə çatmış, orada polis əməkdaşları bildirmişlər ki, onunla bağlı çoxlu şikayətlər var. Həmçinin polis əməkdaşları təkid edirdilər ki, o, üzərindən narkotik vasitə aşkar olunduğunu qəbul etsin. Əslində isə saxlanıldığı vaxt üzərində narkotik vasitə və psixotrop maddə ümumiyyətlə olmayıb. Tərəzini isə polis əməkdaşları onun evinin həyətindən tapıblar. Eyni zamanda polis əməkdaşları ona vəd etmişlər ki, barəsində cinayət təqibi CM-nin 234.1-ci maddəsi ilə aparılacaq. Polis əməkdaşlarının vədlərinə inanmış və sonuncuların ona təqdim etdikləri narkotik vasitəni, psixotrop maddəni və tərəzini götürüb videoçəkiliş zamanı təqdim etmişdir. Sonradan bilib ki, onun barəsində cinayət təqibi CM-nin 234.1-ci maddəsi ilə deyil, 234.2-ci maddəsi ilə aparılır. Beləliklə, narkotik vasitə istifadəçisi olduğunu etiraf edir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Tutulduğu vaxt isə üzərində ümumiyyətlə narkotik vasitə və psixotrop maddə olmamışdır. Şahid qismində dindirilmiş polis əməkdaşı Əlizadə X5 RPİ-nin 31-ci polis bölməsinə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, ev 20-də yaşayan Vüqar adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat polis bölməsinin rəisə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. 17 avqust 2021-ci ildə əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Həmid Axundlu küçəsi, ev 20-nin qarsısın getmiş, orada müvafiq əlamətlərə uyğun gələn şəxsi görüb ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə həmin şəxsin adının Vüqar olmasını dəqiqləşdirdikdən sonra onun narkotik vasitənin saxlanmasında, daşınmasında və satışında şübhəli olduğunu bildirib Suraxanı RPİ-nin 31-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və xidməti otaqların birində video çəkilişdən istifadə olunmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı ondan üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmadığı soruşuldu. Təqsirləndirilən şəxs bununla əlaqədar əynindəki mavi rəngli şalvarının sağ yan cibindən dörd ədəd gümüşü rəngli bükümləri və elektron tərəzini təqdim edib həmin bükümlərin üç ədədinin içərisində narkotik vasitə heroin, bir ədədinin içərisində isə metamfetamin olduğunu, tərəzini isə aldığı narkotik vasitələrin çəkisini yoxlamaq üçün üzərində saxladığını bildirdi. Bundan sonra həmin narkotik vasitə və tərəzi zərfə qoyularaq qablaşdırıldı, möhürlə möhürləndi, sonda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edildi və bütün iştirakçılar doğruluğunu imza ilə təsdiq etdi. Şahid verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs evinin həyətində deyil, küçədə saxlanılıb. Bununla yanaşı, təqsirləndirilən şəxsin saxlanılmasında 30 nəfər və ya buna yaxın sayda polis əməkdaşı iştirak etməyib. Cəmi bir nəfəri saxlamaq üçün 30 nəfər polis əməkdaşının ayrılmasına heç zərurət də yox idi. Həmçinin narkotik vasitə və psixotrop maddə təqsirləndirilən şəxsin öz üzərindən aşkar olunmuş və o, həmin maddələrin özünə məxsus olduğunu səmimi etiraf etmişdir. Bu narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən təqdim olunmasına dair Təqsirləndirilən şəxs bildirdikləri həqiqətə uyğun deyil. Şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3 bildirmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Qeyd edir ki, 17 avqust 2021-ci ildə saat 10 – 11 radələrində tanımadığı şəxslərin çöl darvazasını döydüklərini görüb, qorxaraq qapını açmamışdır. Bildirir ki, eyni bir həyətdə yaşadıqlarına baxmayaraq Vüqarın evi onun evindən ayrıdır. Vüqarı çağırmaq məqsədilə onun evinə getmiş və sonuncunun yatdığını görüb onu oyadaraq tanımadığı şəxslərin qapını döydüyünü bildirmişdir. Vüqar yuxudan oyanaraq əynini geyinməyə başladı. Bu zaman pəncərədən gördü ki, bir nəfər şəxs qonşunun hasarından həyətə tullanaraq qapını açmış və gələn digər şəxsləri içəri buraxmışdır. Vüqar əynində mayka və şalvarla həyətə çıxdıqda gələn şəxslər onu saxlamış, evləri axtarmağa başlamış, lakin heç nə tapa bilməmişlər. Bu zaman Vüqar əlləri qandallı vəziyyətdə həyətdə idi. Sonra onlar Vüqar üçün köynək istəmiş, o, köynəyi gətirdikdə Vüqarın çiyninə ataraq onu aparmışlar. Müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşudur. Hadisə günü saat 11 – 12 radələrində evinin həyətində səs-küy eşitmiş, daha sonra it hürməyə başlamışdır. Həyətə çıxdıqda küçədə 10 nəfərdən çox polis əməkdaşının olduğunu gördü. Onlardan nə baş verdiyini soruşmuş, cavabında qonşu üçün gəldiklərini, lakin qapısının bağlı olduğunu bildirmişlər. Daha sonra iki nəfər polis əməkdaşı onun həyətinə daxil olmuş və onlardan biri həyətin hasarına qalxıb Vüqargilin həyətinə tullanmışdır. Daha sonra o, Vüqargilin həyətinə getmiş, bu zaman polis əməkdaşlarının Vüqarı artıq saxladıqlarını görmüşdür. Məhkəmə işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların cəminə qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyinə və müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahidlərin ziddiyyətli ifadələrinə baxmayaraq, təqsirləndirilən şəxsin ona ittiham olunan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Məsələ ilə bağlı məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin, habelə şahidlər X1 və Şahid3 ifadələrinə diqqət yetirməyi zəruri sayır. Məhkəmə ilk növbədə qeyd edir ki, şahid X3 təqsirləndirilən şəxsin anası, Şahid3 isə qonşusudur. Bunun nəzərə aldıqda məhkəmə hesab edir ki, həmin şahidlərin təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayındırmaq məqsədilə reallıqda baş vermiş hadisələri təhrif etməklə məhkəməyə bildirməsi istisna deyil. Məhkəmə gəldiyi bu qənaəti işin digər faktik halları ilə yanaşı həmin şəxslərin ifadələri arasındakı ziddiyyətlərlə əsaslandırır. Məsələn, təqsirləndirilən şəxs bildirir ki, saxlanıldığı vaxt həyətdə 30 nəfərə yaxın polis əməkdaşı olub. Cəmi bir nəfər şübhəli şəxsi saxlamaq üçün 30 nəfərə yaxın polis əməkdaşının ayrılmasının ağlabatan olmadığını qeyd etməklə yanaşı məhkəmə vurğulayır ki, şahidlər təqsirləndirilən şəxsi saxlamaq üçün gəlmiş polis əməkdaşlarının sayının 10 nəfərə yaxın olduğunu bildirmişlər. Bununla yanaşı, təqsirləndirilən şəxs bildirir ki, evinin həyətindən tərəzi aşkar olunub. Bundan fərqli olaraq təqsirləndirilən şəxsin anası X3 bildirmişdir ki, polis əməkdaşları evləri axtarmış, lakin heç nə tapa bilməmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının saat 1 gəldiklərini bildirmişdir. Bundan fərqli olaraq şahid X3 polis əməkdaşlarının saat 10 – 11 radələrində, Şahid3 isə saat 11 – 12 radələrində gəldiklərini bildirib. Daha sonra, Şahid3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, o, təqsirləndirilən şəxsin yaşadığı evin həyətinə gəldiyi vaxt təqsirləndirilən şəxsin orada qolları qandallı vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt təqsirləndirilən şəxsin anası həyətdə olmamış, o, isə bir qədər sonra çıxıb getmişdir. Beləliklə, Şahid3 hadisə vaxtı X2 evin həyətində görmədiyini bildirir. Bundan fərqli olaraq X3 bildirmişdir ki, Şahid3 həyətə gəldiyi vaxt o, da həyətdə olub. Bunlarla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində narkotik vasitə olduğunu işin məhkəmə baxışı zamanı inkar etdiyinə baxmayaraq, iş üzrə ibtidai araşdırma dövründə verdiyi izahatlarında üzərindən narkotik vasitə aşkar olunduğunu etiraf etmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma dövründə müvafiq məzmunlu izahatlarını müdafiəçisinin iştirakı ilə verib. İstər ibtidai araşdırma dövründə, istərsə də işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən işgəncə tətbiq olunduğunu bildirməmişdir. O, işin məhkəmə baxışı zamanı bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və üzərində narkotik vasitə aşkar edilmədiyinə baxmayaraq, polis əməkdaşlarının ona qarşı cinayət təqibinin CM-nin 234.1-ci maddəsi ilə aparılacağına dair vədlərinə inanıb, üzərindən narkotik vasitə aşkar olunduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsə qarşı işgəncə tətbiq olunmadığını və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin də cinayət məsuliyyəti ilə nəticələnə biləcəyini (şübhəsiz ki, təqsirləndirilən şəxs bunu bilir) və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən izahı ağlabatan sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin saxlanılması şəraitinə dair onun özü, həmçinin şahidlər X3 və Şahid3 tərəfindən bildirilənlər inandırıcı deyil. 18 avqust 2021-ci il tarixli 6/3573 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N195” dairəvi möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,593 qr, 0,403 qr, 0,263 qr olmaqla, ümumi təmiz çəkisi 1,259 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,091 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin zərfdə olan 1 ədəd qara rəngli elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 avqust tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir”. 15 sentyabr 2021-ci il tarixli 3457 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, ”müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İşin faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ittiham aktının nəticəvi hissəsində göstərilən şəraitdə və yerdə saxlanılmış, onun üzərindən ittiham aktının nəticəvi hissəsində göstərilən narkotik vasitə, psixotrop maddə və tərəzi aşkar olunmuşdur. Məhkəmə həmçinin təqsirləndirilən şəxsdən aşkar olunmuş tərəzinin üzərində psixotrop maddə metamfetaminin izlərinin aşkar olunduğunu nəzərə alır, ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan uşağının olduğunu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,199 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 0,041 təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 17 avqust 2021-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,199 qr təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə – heroin, 0,041 təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar