Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(010)-381/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, dövlət ittihamçısı X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Veysəlli kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında yaşayan, 23 – 25 noyabr 2022-ci il tarixləri üzrə tutulmuş, 25 noyabr 2022-ci ildə barəsində “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə saat 9:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsində yerləşən poçt şöbəsinin binasının arxa tərəfində sahibi tərəfindən nəzarətsiz saxlanılmış “X6” markalı velosipedi gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 1.200 (bir min iki yüz) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərindən çıxıb Bakı şəhərinə gəlmişdir ki, bəlkə özünə bir iş tapıb işləyə bilsin. Əvvəllər avtomobil yuma məntəqəsində işlədiyi Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsinə getmişdir ki, köhnə tanışlarından kiminləsə rastlaşsa, münasib iş olub-olmaması ilə maraqlansın. Saat 09.30 radələrində Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində poçtun yanından keçəndə gözü divara söykənib saxlanılmış bir velosipedi görmüş, yaxınlaşan da görmüşdür ki, motorlu velosipeddir. Həmin velosipedə nəzarət olub-olmamasını yoxlamaq üçün yaxınlaşmış və kimsənin velosipedə nəzarət etmədiyinə əmin olmuşdur. Belə nəticəyə gəlmişdir ki, velosipedin sahibi hər kimdirsə, poçta girmiş olan şəxsdir, velosipedi tez götürüb getmək olar. Bu vəziyyətdən istifadə edərək həmin velosipedi oğurlamaq qərarına gəlmiş və cəld şəkildə velosipedə minib sürərək oradan uzaqlaşmışdır. Velosipedi oğurladığı zaman yaxınlıqda heç kim olmamış, hərəkətlərini heç kim görməmişdir. Əvvəl velosipedin arxa əlavə oturacağını və səbətini açıb tanımadığı şəxsə 20 manata satmışdır. Sonra isə velosipedi sürərək metronun “Koroğlu” stansiyasının yanına gəlmişdir. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğu vaxtdan həmin yerdə taksi dayanacağında çox olmuş, orada bəzilərini üzdən tanıdığı taksi sürücülərinə yaxınlaşmış və velosipedi göstərib demişdir ki, velosiped özünə məxsusdur, çörək pulu olmadığına görə satmaq istəyir. Taksi sürücülərindən biri onun sözlərinə inanıb velosiped ilə maraqlanmış və həmin velosipedi 130 manata həmin taksi sürücüsünə satmışdır. 130 manat pulu uşaqları üçün ərzaq alıb xərcləmişdir. Bundan sonra 23 noyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhərinə gəlib Binə qəsəbəsinə iş axtarmaq məqsədi ilə getdiyi zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və demişlər ki, velosiped oğurluğunda şübhəli olduğu üçün saxlanılır. O, etdiyi əməli etiraf etmişdir. Polis əməkdaşları oğurladığı velosipedi kimə satdığını soruşanda isə həmin şəxsi göstərə biləcəyini demiş və polis əməkdaşlarını Koroğlu metrosunun yanına gətirib velosiped satdığı taksi sürücüsünü göstərmişdir. Bundan sonra polis əməkdaşları onu aparıb Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təhvil vermişlər. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 10 noyabr 2022-ci il tarixdə özünə məxsus velosipedi ilə evdən çıxıb kommunal xərcləri ödəmək üçün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən poçta getmişdir. Saat 09.45-da poçta çatandan sonra velosipedini poçtun inzibati binasının qarşısında saxlayıb poçt binasına daxil olmuşdur ki, ödəniş etsin. Poçtda kompüter işləmədiyi üçün operator ödənişləri qəbul etməmiş, kompüterin nə vaxt işləyəcəyi məlum olmamış, ona görə gözləməyib bir neçə dəqiqədən sonra poçtdan çıxmışdır. Poçtdan çıxanda görmüşdür ki, velosipedi saxladığı yerdə yoxdur. Ətrafa baxmış, yaxın ərazini gəzmiş, amma heç kimi görə bilməmişdir. Velosipedinin oğurlandığını görüb polisə məlumat verməyi qərara almış, elə oradan Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng vurub velosipedinin oğurlanması barədə məlumat vermişdir. Məlumatı qəbul edən şəxs ondan anket məlumatlarını, ünvanını və oğurluğun harada, necə baş verdiyini soruşmuş, hadisə yerində gözləməyi tapşırmışdır. Məlumat verməsindən sonra çox keçməmişdir ki, polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerini polis əməkdaşlarına göstərib baş verən oğurluq barədə danışmışdır. Sonra polis bölməsinə gəlib velosipedinin oğurlanması barədə yazılı şikayət vermiş və velosipedinin tapılmasını, oğrunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Velosipedi onun üçün Almaniyada yaşayan oğlu alıb göndərmişdir. 24 noyabr 2022-ci ildə onu Suraxanı Rayon Polis İdarəsinə dəvət edib tanımaq üçün velosipedlər təqdim etmişlər və onların arasında tanıdığı velosiped olub-olmadığını soruşmuşlar. O, velosipedini tanımış və göstərmiş, digər velosipedlərin isə kimə məxsus olduğunu bilməmişdir. Velosipedi tanınma üçün göstəriləndə arxa hissəsində əlavə oturacağı və səbəti yerində olmamış, məlum olmuşdur ki, oğurluq etmiş şəxs onları açıb satmışdır. Oğurluq etmiş şəxsin Təqsirləndirilən şəxs olduğu istintaqda ona məlum olmuşdur. Velosiped ona Suraxanı Rayon Polis İdarəsində qaytarılmışdır. Velosipedinin oğurlanması nəticəsində ona vurulmuş ziyanın məbləği 1200 manatdır. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olaraq “Mersedes” minik markalı avtomobili idarə edir. Taksi kimi əsasən Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metro stansiyasının yanında dayanır. 2022-ci ilin noyabr ayının ortalarına yaxın, təxminən saat 15:00 radələrində “Koroğlu” metro stansiyası yaxınlığında həmişə dayandığı yerdə müştəri gözlədiyi zaman bir nəfər cavan oğlan velosiped sürərək oradakı taksi sürücülərinə yaxınlaşmışdır. Həmin oğlan demişdir ki, özü də əvvəllər sürücülük etmiş, lakin hazırda işsizdir və bu səbəbdən özünə aid olan velosipedi satmaq istəyir. O, velosipedin elektrik mühərrikli, saz vəziyyətdə olduğunu görmüş, velosiped xoşuna gəldiyindən oğlandan bir daha velosipedin özünə aid olub-olmadığını soruşmuşdur. Həmin oğlan and içmişdir ki, velosiped özünə məxsusdur. Bundan sonra o, velosipedi almaq qərarına gəlmiş və 130 manata razılaşıb velosipedi almışdır. Aldığı velosipedi yaşadığı evin həyətində saxlamışdır. 23 noyabr 2022-ci ildə iki nəfər cavan oğlan ona yaxınlaşıb Suraxanı Rayon Polis lİdarəsinin 31-ci polis bölməsinin əməkdaşları olduqlarını demişlər və təxminən 10 gün əvvəl velosiped alıb-almadığını soruşmuşlar. O da bir nəfərdən velosiped aldığını etiraf etmişdir. Polis əməkdaşları bildirmişlər ki, həmin velosipedə baxmaları, lazım olarsa, götürülməsi zəruridir. Bundan sonra polis əməkdaşlarını yaşadığı evə aparmış və velosipedi küçəyə çıxardıb onlara təqdim etmişdir. Polis əməkdaşları velosipedə baxandan sonra oğurlanmış velosipedin əlamətlərinə oxşar olmasını və götürülməsinin zəruri olduğunu demişlər. Onun heç bir etirazı olmamış və könüllü olaraq velosipedi polislərə təhvil vermişdir. Polis əməkdaşları protokol tərtib edərək velosipedi ondan götürmüşlər. Velosipedi alanda onun arxa oturacağı və səbəti olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiiş Şahid2 ifadəsində bildirmişdir ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 noyabr 2022-ci il tarixdə səhər saatlarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə Yeni Suraxanı qəsəbə sakini Zərərçəkmiş şəxs telefonla məlumat verərək, poçtda olduğu zaman küçədə saxladığı velosipedin naməlum şəxs tərəfindən oğurlanmasını bildirmiş, 102 xidmətindən həmin məlumat Suraxanı Rayon Polis İdarəsinə ötürüləndən sonra 31-ci polis bölməsində araşdırma başlanmışdır. Şikayətin araşdırılması zamanı qeyri-aşkar şəraitdə törədilmiş cinayətin açılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilən tədbirlər zamanı velosipedin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını, eyni zamanda oğurladığı velosipedi metronun “Koroğlu” stansiyasında satması barədə əməliyyat məlumatları almışlar. Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyənləşdirəndən sonra, sonuncu saxlanılıb polis bölməsinə gətirilmiş və əməliyyat tədbirlərinin nəticələri barədə raportla müraciət etmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs sorğu-suala cavabında 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən poçtun yanında nəzarətsiz saxlanılmış velosipedi oğurladığını etiraf edərək bildirmişdir ki, velosipedə oturub sürərək oradan uzaqlaşmış, sonra velosipedin arxa tərəfinə bərkidilmiş zənbili oturacaqla birlikdə söküb tanımadığı şəxsə 20 manata satmış, velosipedi isə iki-üç gün sonra “Koroğlu” metro stansiyasının yanında tanımadığı taksi sürücüsünə satmışdır, eyni zamanda bildirmişdir ki, velosipedin özünü və hissələrini satdığı şəxslərə oğurluq etməsi barədə bildirməmiş, özünə məxsus əşyaları ehtiyacdan satmışdır. Metronun “Koroğlu” stansiyasında Təqsirləndirilən şəxs velosipedi almış “Mersedes” minik markalı taksi sürücüsü barədə məlumatları dəqiqləşdirərək, sürücünün Şahid1 olduğunu müəyyənləşdirmişdir. Şahid1la söhbət zamanı sonuncu velosipedi 130 manata tanımadığı şəxsdən taksi dayanacağında aldığını təsdiq etmiş və bildirmişdir ki, satan şəxs velosipedin oğurlanmış olduğu barədə heç nə deməmiş, əksinə and içərək inandırmışdır ki, özünə məxsusdur, ehtiyacdan satır. Eyni zamanda Şahid1 bildirmişdir ki, əldə etdiyi velosipedi yaşadığı ünvanda saxlayır, onu polisə təqdim etməyə razıdır, bundan sonra isə yaşadığı ünvanda velosipedi könüllü olaraq ona təqdim etmişdir. Şahid1 təqdim etdiyi ağ rəngli velosipedi sonuncudan alandan sonra istintaqa gətirmiş, velosiped ondan prosessual qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs velosipedin zənbilini və arxa oturacağını satdığı şəxsi müəyyən etmək üçün əlavə tədbirlər keçirilmiş, amma həmin şəxsi müəyyən etmək, satılmış hissələri aşkar edib götürək mümkün olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1806 saylı rəyindən görünür ki, təqdim edilmiş fotoşəkillərlə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd “Zündapp Green series” markalı, dəyişən sürətli, ağ rəngli, yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin orta istismar müddəti nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1200,00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə “başqa yerə getməmək” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan qəbzdən görünür ki, elektron mühərrikli velosiped Zərərçəkmiş şəxs Sulatn oğluna təhvil verilmişdir. İş materiallarında olan AZE seriyalı 12314706 nömrəli, AZE seriyalı 11303210 nömrəli və AZE seriyalı 12314707 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahından 25 may 2007-ci il təvəllüdlü Məmmədova Mələk, 25 oktyabr 2010-cu il təvəllüdlü Məmmədzadə Əkbər və 16 aprel 2008-ci il təvəllüdlü Məmmədova Könül adlı uşaqları doğulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Zeynalova (Məmmədova) Ayşən Habil qızına Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən AA seriyalı 307634 nömrəli və AA seriyalı 316893 nömrəli məcburi köçkün vəsiqələri verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsin təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ilk dəfə olaraq cinayət törətməsini, məcburi köçkün olmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, şahidlərin ifadələrini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs 23 – 25 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut olan “Zündapp Green series” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məblərində müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 – 25 noyabr 2022-ci il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablansın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “Zündapp Green series” markalı velosiped Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 10 (on) saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 60 (altmış) manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE GBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN BANK **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 9 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən 20 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №1(010)-381/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Hökm — İş №1(010)-381/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver